Rəşad Nəbiyev BTİ-nin Səlahiyyətli Konfransında iştirak edib

Rəşad Nəbiyev BTİ-nin Səlahiyyətli Konfransında iştirak edib
# 27 sentyabr 2022 17:21 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti Səlahiyyətli Konfransında çıxış edib.

APA-Economics” xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində yazıb. O, çıxışında Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib.

“Azərbaycan 1992-ci ildən BTİ-nin, 2014-cü ildən isə BTİ Şurasının fəal üzvüdür. İKT sektorunda ölkələrarası dialoqu genişləndirmək məqsədilə bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - nazir qeyd edib.

Rəşad Nəbiyev Azərbaycanda “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının yalnız rəqəmsal transformasiya vasitəsilə mümkün olduğunu söyləyib: “Rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş bir sıra dövlət proqramlarını qəbul etmişik və hazırda inkişaf etdiririk. Ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edir, GPON və LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələr həyata keçiririk”.

Qeyd olunub ki, regional səviyyədə Azərbaycan Xəzər dənizinin dibi ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi üçün Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin təşəbbüskarıdır. Bu təşəbbüs Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində rəqəmsal xidmətlərin yaranması üçün imkanlar yaradacaq.

“Bu layihələr böyük əhəmiyyət kəsb edir və biz İKT-nin faydalarını bütün millətlərə və cəmiyyətin bütün təbəqələrinə çatdırmaq üçün resurslarımızı bir yerə toplamalı və sinerji yaratmalıyıq”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR