Rəşad Nəbiyev Naxçıvana səfər edib

Rəşad Nəbiyev Naxçıvana səfər edib
# 22 iyul 2022 14:03 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüş zamanı ölkəmizdə rabitə, nəqliyyat, rəqəmsal inkişaf və digər məsələlər ətrafında həyata keçirilən işlər haqqında danışılıb. Həmçinin qeyd olunan sahələrdə MR-in aidiyyəti dövlət strukturları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində görüş keçirilib. MR-də rabitə və yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr təqdim olunub, bu prosesdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi müzakirə edilib.

Səfər çərçivəsində Ordubadın Kotam kəndi ərazisində Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yer və nəqliyyat infrastrukturu ilə tanışlıq olub.

Eyni zamanda nazir Culfa şəhərində İranla sərhəddə körpü və sərhəd-keçid məntəqəsinə baş çəkib, məntəqənin potensial imkanları və onun genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb.

Naxçıvan Dövlət Universitetində də görüş keçirilib. Görüşdə İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması imkanları və bu prosesdə RİNN-in verə biləcəyi dəstəklə bağlı atılacaq konkret addımlar müzakirə olunub.

Səfər çərçivəsində Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalovla birlikdə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində olub, keçirilən məşq prosesini izləyib. Məşqdən sonra məşqçi və idmançıların fikirlərini dinləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR