Şamaxıda iki küçədə yol dağılıb, yenidən asfalt döşənəcək - FOTO

Şamaxıda iki küçədə yol dağılıb, yenidən asfalt döşənəcək - FOTO
# 22 iyun 2022 12:02 (UTC +04:00)

Şamaxı şəhərində yeni istifadəyə verilən Bakı və Məhəmməd Əmin Rəsulzadə küçələrinin asfalt örtüyü çöküb.

APA-nın yerli bürosu xəbər verir ki, bu yollarda iri çatlar, çökmələr və iki metr dərinlikdə çuxurlar əmələ gəlib.

Təxminən 5-6 ay öncə bu yollar yenidən qurularaq əhalinin istifadəsinə verilib.

Sakinlər iddia edir ki, bu yol yeni çəkilib istifadəyə veriləndən bir-iki gün sonra çökməyə başlayıb. Dəfələrlə gəlib təmir etsələr də, nəticəsi olmayıb.

Şikayətçilərin sözlərinə görə, gündən-günə çökmələrin sayı artır, asfalt örtüyündə iri çuxurlar əmələ gəlir. Bu da gecə vaxtı yoldan istifadə edənlər üçün narahatlıq yaradır.

Sözügedən bu avtomobil yolundan Şamaxı rayonuna gələn turistlər də istifadə edir.

Mövcud problemlə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndəsi Rəşad Əliyev APA-nın yerli bürosuna bildirib ki, sözügedən hər iki küçədə 40 il bundan öncə çəkilən yeraltı su ötürücülərinin lil və çöküntü ilə dolması və hazırda işləməməsi səbəbindən son günlər yağan intensiv yağışlar nəticəsində sel-suları yeni çəkilən asfalt örtüyünü dağıdaraq bəzi hissələrini yararsız vəziyyətə salıb. Bundan əlavə, Bakı küçəsi sürüşmə zonasında yerləşdiyi üçün həmin yolda torpaq çökmələri baş verir.

Rəşad Əliyev yaxın günlərdə kollektor və su ötürücülərinin təmir olunacağını və həmin küçələrə yenidən asfalt örtüyünün vurulacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR