TRACECA-nın Azərbaycan seqmentində bu il konteyner daşımaları 2 dəfə artacaq - MÜSAHİBƏ

TRACECA-nın Azərbaycan seqmentində bu il konteyner daşımaları 2 dəfə artacaq - MÜSAHİBƏ
# 23 may 2022 13:37 (UTC +04:00)

Mövcud geosiyasi vəziyyət və dünya iqtisadiyyatının koronavirus pandemiyasının nəticələrindən tədricən çıxması dövlətlər qarşısında bütün sahələrdə, həmçinin nəqliyyat sektorunda da yeni vəzifələr qoyur.

Mürəkkəb qlobal proseslər beynəlxalq nəqliyyat marşrutlarının işinə, yük axınlarının ənənəvi marşrutlardan alternativ marşrutlara istiqamətlənməsinə səbəb olub, bu da mövcud dəhlizlərin imkanlarının genişləndirilməsi, ənənəvi marşrutlardan əlavə yüklərin cəlb edilməsi və bu əlavə həcmlərin daimi göstəriciyə çevrilməsi üçün bir sıra tədbirlərin görülməsini tələb edir.

"APA-Economics" beynəlxalq daşımaların inkişafı, TRACECA nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi perspektivləri və bu dəhlizin qarşısında duran vəzifələrlə bağlı TRACECA-nın baş katibi Aset Asavbayevlə müsahibəni təqdim edir:

- TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və USAID hazırda “Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları” mövzusunda təlim turu (RoadShow/StudyTour) həyata keçirir. Bu tədbirin əsas məqsəd və vəzifələri nədən ibarətdir?

- Əsas vəzifə, TRACECA dəhlizinin marşrutlarının imkanlarını nümayiş etdirməkdir. Hazırda geosiyasi hadisələrlə bağlı prioritetlər dəyişib, bu dəhlizə ehtiyac gündən-günə artır. Bu dəhlizlə hərəkət etmək istəyənlərin sayı artır, ona görə də biz Mərkəzi Asiya ölkələrinin bu dəhlizin imkanları ilə tanış olmaq təşəbbüsünü dəstəkləmək qərarına gəldik. Paralel olaraq, dəhlizin imkanlarını göstərməklə yanaşı, əlbəttə ki, məqsəd mövcud problemli məsələləri müzakirə etmək, TRAСEСA ölkələrinin dövlət orqanlarının diqqətini darboğazların, problemli sahələrin tez bir zamanda aradan qaldırılmasına cəlb etmək, fikir mübadiləsi aparmaq, qarşılıqlı anlaşma yaratmaq, bu dəhliz marşrutlarından aktiv istifadə etmək üçün birgə həllər hazırlamaqdır. Bu məqsədlə Kurık, Ələt, Batumi limanlarına, eləcə də Sarpi keçid məntəqəsinə (Gürcüstan və Türkiyə sərhədində - red.) baş çəkmək imkanı olan 8-ə yaxın ölkə nümayəndələri toplaşıb. Bundan əlavə, səfər çərçivəsində dövlət qurumları ilə görüşlər keçiririk. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin nəqliyyat-logistika potensialının artırılması istiqamətində görülən, maneələrin aradan qaldırılması və tranzit yüklərin cəlb edilməsi istiqamətində aparılan bütün işləri nümayiş etdirmək imkanı var. Hazırda Bolqarıstan TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edir. Batumidə keçiriləcək yekun konfransın Bolqarıstan tərəfinin sədrliyi ilə keçirilməsini planlaşdırırıq, çünki biz hazırlayacağımız bütün qərarları TRACECA-ya üzv olan 13 ölkənin nazirləri səviyyəsində təqdim edəcəyik.

- Darboğazlardan, problemli məqamlardan danışdınız. Səsləndirə biləcəyiniz əsas problem sahələri hansılardır?

- Əsas darboğazlar bərə imkanları ilə bağlıdır. Biz görürük ki, istər Qazaxıstan, istərsə də Azərbaycan tərəfdən maşınlar 4-5 gündür bərə gözləyir. Biz görürük ki, daşınmaların artması ilə əlaqədar Gürcüstan-Türkiyə sərhədində nəqliyyat vasitələrinin sıxlığı yaranıb - 1500 nəqliyyat vasitəsi öz növbəsini gözləyir. Hər dəfə sərhəddən keçid zamanı problemlər yaranır. Aydındır ki, infrastruktur obyektləri dərhal tikilməyəcək, dərhal meydana çıxmayacaq, bunu tez həll etmək mümkün deyil, lakin yumşaq infrastruktur məsələləri, ardıcıllıq məsələləri, sadələşdirmə, optimallaşdırma məsələlərini həll edə bilərik. Ona görə də istəyirik ki, darboğazları aradan qaldırmaq üçün bu istiqamətdə iş aparaq. Söhbət mövcud potensialdan maksimum istifadədən gedir və bunun üçün təbii ki, maksimum razılaşdırılmış siyasət aparmaq, tariflər sahəsində problemləri aradan qaldırmaq, icazə sənədlərinə dair müxtəlif tələbləri aradan qaldırmaq və digər tədbirlərin həyata keçirilməsi lazımdır.

- Tariflər məsələsinə toxundunuz. Bu məsələdə hansı çətinliklər var?

- Burada qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə nəqliyyat vasitələri keçərkən onlar (daşıyıcılar - red.) müxtəlif rüsum və ödənişlər ödəməyə məcbur olurlar. Söhbət, ilk növbədə, bu ödənişlərin maksimum dərəcədə optimallaşdırılması, tranzit daşımaların bu cür ödənişlərdən azad edilməsi və yalnız qanunda nəzərdə tutulan, beynəlxalq müqavilələrdə nəzərdə tutulan ödəmələrin saxlanılmasından gedir. Bütün artıq ödənişlər aradan qaldırılmalıdır. Bundan sonra, nəzarət-yoxlamanın nəticələrinin qarşılıqlı tanınmasını təmin etmək lazımdır. Əgər bir ölkədə yoxlanış həyata keçirilibsə, niyə başqa ölkədə də yoxlama yenidən aparılmalıdır? Başqa sözlə, bu sahədə qarşılıqlı tanınma lazımdır. Məsələn, limanlardan keçərkən bərə daşımaları zamanı formalaşan tariflər də müzakirə edilməli, bu tarifləri optimallaşdırmağa imkan verən həllər hazırlanmalıdır.

- Mövcud geosiyasi vəziyyət fonunda, eləcə də pandemiyadan sonrakı dövrü nəzərə alsaq, TRACECA - dəhliz, xüsusən də Orta dəhliz qarşısında hansı vəzifələr durur?

- Bu, ilk növbədə mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, hazırda ənənəvi marşrutlardan istiqamətlənən nəqliyyat axınının maneəsiz keçməsini təmin etmək vəzifəsidir. İkinci vəzifə isə, bu yük axınını saxlamağa çalışmaqdır. Məsələ bu axının keçidini indi təmin eləməkdə deyil, əsas məsələ, bu axını dəhliz çərçivəsində saxlamaqdır ki, onlar sabit olsunlar. Bunun üçün əlbəttə ki, xidməti təkmilləşdirməli, xərcləri azaltmalı, sürəti artırmalıyıq. Vəzifə bu marşrutu işlək, rahat və rəqabətədavamlı etməkdir ki, daşıyıcılar ondan çarəsizlikdən yox, alternativ marşrut kimi daim istifadə etsinlər.

- Ənənəvi marşrutlardan yüklərin yönləndirilməsi mövzusuna toxundunuz. Bunun fonunda bizim nəqliyyat dəhlizinə hansı həcmdə yüklər cəlb oluna bilər?

- Konteyner daşımaları ilə bağlı böyük bir araşdırma aparmışıq. Təbii ki, indi mümkün qədər konteyner aşırmalarına, konteyner daşınmalarına keçmək lazımdır. Bizim hesablamalara görə, 2030-cu ilə qədər dəhlizin illik buraxılış gücünün 700 min konteynerə çata biləcəyi ehtimal olunur. Bu çox böyük bir rəqəmdir və məqsəd ona nail olmaqdır. İndi bu göstərici 25 000 vahid səviyyəsindədir, 2022-ci ildə 50 000 vahidə çatmaq məqsəd kimi qoyulub. Bu il, fikrimizcə, TRACECA-nın Azərbaycan seqmenti üzrə konteyner yüklərinin həcmi ən azı iki dəfə artaraq 3,2 mln. tona çatacaq.

Müraciətlər daxil olur, əlbəttə ki, xidmət, qiymət məsələləri üzərində işləmək və son istehlakçıya tədarük zəncirinin davamlılığını təmin etmək lazımdır. 700 min konteyner yalnız bütün qeyd olunan problemləri aradan qaldırmaq şərti ilə olacaq. Bu optimist proqnozdur. Hətta bu göstəricini 250-300 min ədədə çatdırsaq, bu, artıq böyük və yaxşı iş olacaq, çünki bu, hər iki tərəfə göndərilə bilən yük növüdür.

- Bir sıra problemləri qeyd etdiniz, onları tez bir zamanda həll etmək olar?

- Hər şeyə birdən qərar verə bilmərik, heç kim qərar verə bilməz. Amma təbii ki, həll yolları var. Nəticə ondan ibarətdir ki, hazırki potensial tam tükənməyib, heç bir əlavə tədbir görülmədən dəhliz hələ də artım potensialına malikdir. Yəni, hazırda potensial var, lakin biz dayandırmamalıyıq, onu inkişaf etdirməli və daha da təkmilləşdirməliyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR