TRACECA Xəzər üçün gəmilər üzrə araşdırma hazırlayır 

TRACECA Xəzər üçün gəmilər üzrə araşdırma hazırlayır 
# 19 may 2022 17:23 (UTC +04:00)

Bu ilin ikinci rübündə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru) Hökumətlərarası Komissiyası Xəzər dənizi üçün gəmilərin konsepsiyasının qiymətləndirilməsi və hazırlanması üzrə araşdırma layıhəsini bitirəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Baş katibi Aset Asavbayev Bakıda keçirilən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) çərçivəsində bildirib.

Onun sözlərinə görə, işlər bitdikdən sonra layihə bütün TRACECA iştirakçılarına təqdim olunacaq.

Qeyd olunub ki, bu araşdırma Xəzər və Qara dənizlərində yük daşımaları üzrə qiymətlərin müqayisəli analizinin aparılmasını, qiymətlərin aşağı salınması ilə bağlı təkliflərin və dəniz nəqliyyatı xəttləri üzrə biznes-modellərinin hazırlanmasını nəzərdə tutur.

Baş katibinin sözlərinə görə, araşdırmaya TRACECA ölkələrinin donanmalarının analizinin aparılması, "dar" məqamların və dəniz nəqliyyatı ilə yükdaşımaları məhdudlaşdıran faktorların müəyyən edilməsi də daxildir.

Aset Asavbayevin sözlərinə görə, qeyd olunan araşdırma Xəzər dənizində daşımaların aparılması üçün gəmilərin konstruksiyasının konseptual layihələndirilməsi daxil olmaqla, texniki-iqtisadi araşdırmanın hazırlanmasını da əhatə edir.

Baş katib onu da əlavə edib ki, araşdırma çərçivəsində Qara dənizdə daşımaların aparılması üçün bərə gəmilərinin optimal parametrələrini əsaslandıran texniki-iqtisadi araşdırma da aparılmalıdır.

Qeyd edək ki, hazırda Bakıda TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru), USAID və KAZLOGISTICS tərəfindən təşkil edilmiş və 16-22 may tarixlərini əhatə edən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR