Türkanda mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır

Türkanda mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır
# 25 aprel 2022 09:44 (UTC +04:00)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

“Azərsu” ASC-dən "APA-Economics"ə verilən məlumata görə, daxili imkanlar hesabına Xəzər rayonunun Türkan qəsəbəsinin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

Xəzər rayonunun Türkan qəsəbəsində 2015-ci ilədək mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Əhali suya olan tələbatını əsasən quyu suları hesabına ödəyib və ya içməli suyu maşınlarla alıb. Abşeron yarımadasının içməli su təchizatında böyük payı olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi bir sıra yaşayış məntəqələrində, o cümlədən Türkan qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

Həyata keçirilən layihə çərçivəsində Zirə anbarından qəsəbəyə 4,2 km uzunluğunda magistral su xətti çəkilib. Türkan qəsəbəsinin bir hissəsində paylayıcı şəbəkə yaradılaraq 2000-dən artıq evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da həmin ərazilərdə yaşayan sakinlər dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunub. 2022-ci ilin aprel ayından qəsəbənin Hüsü Hacıyev, Yenikənd və Dənizkənarı küçələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılmasına başlanılıb.

Ümumilikdə, yeni layihəyə əsasən Türkan qəsəbəsində 45 km içməli su şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur. Artıq şəbəkənin 8 kilometrlik hissəsinin tikintisi yekunlaşıb. Tikinti-quraşdırma işləri sona çatdıqdan sonra evlərə bağlantı veriləcək və sayğaclar quraşdırılacaq.

Hazırda “Azərsu” ASC-nin daxili imkanları hesabına Türkan qəsəbəsi ilə yanaşı, Binəqədi, Sabunçu, Binə və Badamdar qəsəbələrində də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR