Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini: "5G texnologiyasının tətbiqinə hazırlıq görülür"

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini: "5G texnologiyasının tətbiqinə hazırlıq görülür"
# 24 iyun 2019 15:50 (UTC +04:00)

"Süni intellekti texnologiyaya tətbiq etsək, bu, rifahın artırılmasına yardım edəcək. Ancaq kibercinayətkarlar bu halda bir sıra problemlər yarada bilərlər".

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən "Dövlət xidmətlərinin gələcəyi: 2030 gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi" panelində Türkiyə nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Sayan söyləyib.

Ö. Sayan deyib ki, Türkiyədə elektron xidmətlər sayəsində vətəndaşların məmnunluğunu artıra biliblər: "Elektron hökumət vasitəsi ilə 4 minə qədər xidmət təqdim edilir. Elektron hökumətdən bələdiyyələr, kommunal xidmətlər təqdim edən özəl şirkətlər də elektron hökumətdən istifadə edir. Elektron hökumət portalının 43 milyon istifadəçisi var".

Nazir müavini qeyd edib ki, Türkiyədə 3G, 4G texnologiyaları tətbiq olunur, 5G texnologiyasının tətbiqinə hazırlıq görülür: "Biz 5G texnologiyanın tətbiqi ilə yeni istehsal texnologiyaları yaratmağı qarşıya məqsəd qoymuşuq. Türkiyədə 5G forumlarında müxtəlif sahələrdən şirkətlər bir araya gəlir".

Ö.Sayan nəzərə çatdırıb ki, vətəndaşlar elektron hökumətdən istifadə edərək daha iddialı tələblərlə çıxış edirlər: "Bu, dövlətə təzyiq yaradır. Dövlətlər yeni texnologiyalarla ayaqlaşmalıdır. Vətəndaş maraqları önə qoyularaq informasiya texnologiyalarının transformasiyası həyata keçirilməlidir. Türkiyə gənclərin internetdən istifadəsinə görə 18-ci yerdədir. 5G texnologiyası tətbiq edilən zaman Türkiyədə internet istifadəçilərinin sayı daha da artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR