Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb - FOTO

Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb - FOTO
# 24 noyabr 2022 12:14 (UTC +04:00)

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb.

"APA-Economics" xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov, sədrin müşaviri Əsəd Şirinov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Yengicə su anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının inkişafına böyük təkan verəcəyini bildirib.

Tikintini həyata keçirəcək “SURYAPI AZ” MMC-nin direktoru Cem Hakan Elmas işlərin uğurla həyata keçiriləcəyinə və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, Yengicə su anbarının tikintisi işləri 2022-2024-cü illərdə həyata keçiriləcək. Anbarın tikintisinə başlanılması üçün Səhmdar Cəmiyyət ilə “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi və Ticaret Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyi arasında podrat müqaviləsi bağlanılıb.

Yeni anbarın ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetr nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin, o cümlədən 3388 hektar sahənin su təminatı yaxşılaşacaq, 6612 hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR