Azərbaycan qazı Avropa bazarına yeni nəfəs verəcək - TƏHLİL

Azərbaycan qazı Avropa bazarına yeni nəfəs verəcək  - TƏHLİL
# 30 iyul 2019 16:01 (UTC +04:00)

Gələn il Azərbaycanın neft-qaz sektoru yeni bir mərhələyə gədəm qoyacaq. Məhz 2020-ci ildə Azərbaycan qazının Avropa İttifaqına (Aİ) ixracına start verəcək. Bu, ölkəyə həm böyük iqtisadi, həm də strateji imkanlar yaradacaq.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci fazasını reallaşdırılması Azərbaycanın gələcəkdə dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır. Qaz hasilatının ildə-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir.

Qeyd etmək lazımdır ki, “Şahdəniz-2” layihəsinin reallaşdırılması ilə son beş ildə (2019-cu ilin yanvar-iyun aylarına olan göstəricinin 2014-cü ilin müvafiq dövrünə olan göstəricisi ilə müqayisədə) Azərbaycanda qaz hasilatı 12,5% artıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycanda 17,3 mlrd. kubmetr qaz hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 15,4 mlrd. kubmetrə yaxın olub. Ötən il ölkədə 30,6 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,1% çoxdur. Proqnozlara əsasən, 2019-cu ilin sonunadək ölkə üzrə ümumi qaz hasilatında 20%-lik artım olacaq.

Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialının artmasını göstəricisidir və bu sərvətdən təkcə ölkə deyil, həm də Azərbaycan qazının alıcıları da (xüsusi ilə Aİ ölkələri) yararlanacaq. Avropa bazarında qaza olan tələbat ildən-ilə artır və bu tələbatı təmin etmək üçün yeni qaz mənbələri və marşrutların olması olduqca vacibdir. Hazırda bu marşrutların yaradılması sahəsində aktiv işlər aparılır.

Aparılan işlər sayəsində qısamüddətli perspektivdə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi artacaq. Yeni qaz kəmərlərinin istismara verilməsi Avropa ölkələrinə əlavə 102,5 mlrd. kubmetr qaz əldə etməyə imkan verəcək.

Qaz İxracatçısı Ölkələri Forumunun (Gas Exporting Countries Forum – GECF) məlumatına əsasən, gələn ildə Cənub Qaz Dəhlizinin ikinci mərhələsinin (Tran-Adriatik qaz kəməri – TAP) istifadəyə verilməsindən sonra Azərbaycanın Avropaya boru kəmərləri ilə ixrac edilən qazın həcmi 16 mlrd. kubmetr artacaq. Bundan əlavə, 2019-2020-ci illərdə Avropaya nəql edəcək iki qaz kəmərinin istifadəyə verilməsi planlaşdırılır. Bunlar “Şimal axını-2” (55 mlrd. kubmetr) və “Türk axını” (31,5 kubmetr) kəmərləridir.

Göstərilən üç layihənin boru kəməri 2018-ci ildə Avropanın qaz istehlakının 19%-ni təşkil edib. Bu, onu göstərir ki, ötən il Avropa ölkələri 540 mlrd. kubmetr “mavi yanacaq” sərf edib və bu da son hədd deyil. Yəni, artan və daha çox ekoloji enerji mənbələrinə üstünlük verən Avropa bazarı əlavə qaz həcmlərini qəbul etməyə həmişə hazırdır. Azərbaycan da öz növbəsində sözügedən əlavə həcmlərin bir hissəsini təşkil edə bilər. Bu da ondan irəli gəlir ki, ölkənin qaz ehtiyatları tək “Şahdəniz” yatağı ilə kifayətlənmir. Son illərdə aşkar olunmuş “Abşeron” və “Ümid” yataqları və Xəzərdə yerləşən digər perspektiv strukturlar gələcəkdə respublikada qaz hasilatının kəskin artacağı haqda danışmağa imkan verir.

Bu ifadələr və proqnozlar əsassız deyil və konkret rəqəmlərlə təsdiqlənir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları 2 200 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu həcmin 1 200 mlrd. kubmetri "Araz-Alov-Şərq" (700 mlrd. kubmetr) və "Şəfəq-Asiman" (500 mln. kubmetr) strukturlarının payına düşür.

Qeyd olunduğu kimi, Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizi (CQD) çərçivəsində çatdırılacaq. Azərbaycan qazı Aİ ölkələrinə Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə nəql edir. Ötən ilin iyunun 30-da TANAP-la Türkiyəyə kommersiya məqsədli qazın (illik 6 mlrd.) axını başlayıb. Bu il iyulun 1-dən TANAP Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilib. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Gələn ildən TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. TAP-ın inşasına başlanılandan bəri 88,5%-i işlər yekunlaşıb.

CQD-nin imkanları göstərilən rəqəmlərlə tükənmir. Belə ki, lazım olan təqdirdə TANAP-ın gücü 31 mlrd. kubmetrə, TAP-ın isə 20 mlrd. kubmetrədək artırıla bilər. Gələcəkdə isə bu imkanlar üçün həm bazar, həm də kifayət qədər qaz olacaq.

TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək “market-test”in (bazar sınaqları) birinci mərhələsində iştirak etmək üçün sənəd qəbulu elan edib. Təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək “market-test”ə bu ilin iyul ayının 1-də start verilib. Gələcəkdə bu proses tədarükçülərə kəmərin artırıla biləcək nəqletmə imkanlarından istifadə etməyə və kəmərin genişləndirilməsinə şərait yaradacaq. TAP üzrə bazar sınaqlarına start verilməsi də onu sübut edir ki, Avropa bazarında qaza olan tələbat böyükdür və o yeni “nəfəs” gözləyir. Perspektivdə isə CQD Aİ-yə arzu olunan qazı, Azərbaycana isə əlavə gəlirlər gətirəcək.

Azərbaycanda yeni yataqların açılması və böyük potensiala malik olan bir sıra perspektiv strukturları mövcudluğu respublikada qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR