Konstitusiya Məhkəməsinin zaminliklə bağlı qərarı nəyi nəzərdə tutur? - TƏHLİL

Konstitusiya Məhkəməsinin zaminliklə bağlı qərarı nəyi nəzərdə tutur? - TƏHLİL
  • Clock-gray 16:29
  • calendar-gray 27 Avqust 2019

Konstitusiya Məhkəməsi “Banklar haqqında” qanunun 1.0.9-cu, “İpoteka haqqında” qanunun isə 10.5, 14 və 48-ci, həmçinin Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrini şərh edib.

Konstitusiya Məhkəməsi Azərbaycan qanunları, Prezidentin fərman və sərəncamları, Milli Məclisin qərarları, Nazirlər Kabinetinin qərar və sərəncamları, həmçinin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Konstitusiyaya uyğunluğu məsələsini həll edir. Konstitusiya Məhkəməsinin şərhi imperativ norma hesab edildiyindən məhkəmələr üçün məcburidir.

Məhkəmə qərarı ilə müəyyən edilib ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun vəziyyətini ağırlaşdırması halı baş verdikdə, zaminliyə xitam verilir.

Zaminin vəziyyətini ağırlaşdıran dəyişikliklər dedikdə isə, kreditin ümumi məbləğinin və faizinin artırılması, həmçinin, kreditin ödənildiyi valyutanın dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar nəzərdə tutulur.

Məcəllədə zaminliyə qismən xitam verilməsi halı nəzərdə tutulmadığına görə, müqavilələrdə zaminin öz razılığı olmadan vəziyyətinin ağırlaşmasına səbəb olan dəyişiklik edildiyi halda zaminliyə tamamilə xitam verilir.

Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir və bu barədə tərəflər məlumatlandırılmalıdır. İpoteka qoyan yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Başqa sözlə, ipoteka qoyan və ya zamin ona məlum olmayan şərtlər məsuliyyət daşıya bilməz.

Hətta ipoteka qoyanın razılığı olmadan müqavilə dəyişdirilsə, o, əvvəldən razılaşdığı şərtlər çərçivəsində məsuliyyət daşıyacaq. Kredit şərtləri əmlak sahibinin razılığı olmadan dəyişdirilsə, ipotekaya xitam verilmir, ipoteka qoyanın məsuliyyəti bundan əvvəlki müqavilədə müəyyən olunmuş şərtlər daxilində qalır.

Kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əgər sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər ipoteka qoyanın razılığı alınmadan daxil edilsə belə, ipoteka müqaviləsi kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir. Belə olanda bu müqavilədən irəli gələn öhdəliklər ipoteka üçün öhdəlik hesab edilə bilməz.

İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərilsə, lakin sonradan ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirilsə, ipoteka qoyan ilkin ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

Şamil Paşayev

Hüquqşünas

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date