OPEC və OPEC+ ölkələri üzrə hasilatın azaldılması qərarı neft qiymətlərinin stabilliyinə xidmət edəcək - TƏHLİL

OPEC və OPEC+ ölkələri üzrə hasilatın azaldılması qərarı neft qiymətlərinin stabilliyinə xidmət edəcək - TƏHLİL
# 02 iyul 2019 17:04 (UTC +04:00)

OPEC və onun müttəfiqləri Vyanada neft hasilatının azaldılması razılaşmasının daha 9 ay uzadılması haqqında qərar neftə olan qiymətlərin dünya iqtisadiyyatı üçün stabil və komfort səviyyədə qorunub saxlanılmasına xidmət edəcək.

OPEC və qeyri-OPEC ölkələrinin birgə əməkdaşlığı nəticəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Çox vacibdir ki, OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcəkdir.

Verilən qərar nəticəsində OPEC və onun müttəfiqləri 2020-ci ilin mart ayının axırına kim dünya iqtisadiyyatının zəifləməsi və ABŞ tərəfindən hasilatın artırılması fonunda neft hasilatının azaldaraq “qara qızıla” olan qiymətlərə dəstək olmağa çalışacaqlar.

Onu da əlavə eləmək lazımdır ki, Azərbaycan da OPEC+ çərçivəsində neft hasilatın stabil səviyyədə saxlanılması təşəbbüsünün iştirakçılarından biridir. Bu ilin mart ayında Bakıda OPEC üzv və qeyri-üzv ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının keçirilməsi Azərbaycanın neft ölkəsi kimi tarixi və müasir roluna verilən qiymətin göstəricisidir.

OPEC və OPEC+ ölkələri tərəfindən hasilatın azaldılması sahəsində aparılan işlər öz nəticəsini verməkdədir. Belə ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alındı.

Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşdı: “Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1,140 mln. barel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. OECD ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir”, deyə nazir əlavə edib.

Məhz bu səbəblərdən, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var idi.

Qeyd etmək lazımdır ki, OPEC+ çərçivəsində may və iyun aylarında Azərbaycan gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirib və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edib.

Bunları nəzərə alaraq, demək olar ki, neft hasilatının azaldılması üzrə öhdəliklər çərçivəsində Azərbaycanında çox böyük rolu var və ölkəmiz OPEC+ əməkdaşlığının fəal iştirakçısı kimi neft bazarının nizamlanması prosesinə davamlı töhfəsini verməyə davam edəcək.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR