Avropadan qaçqınların yola salınması üzrə "yol xəritəsi" - TƏHLİL

Avropadan qaçqınların yola salınması üzrə "yol xəritəsi" - <span style="color: red;">TƏHLİL
# 11 dekabr 2017 08:27 (UTC +04:00)

"Əgər biz indi böhran vəziyyətdən çıxsaq belə, aydındır ki, miqrasiya avropalıların sonrakı nəsilləri üçün problem olaraq qalacaq. Avropanı miqrasiyanı idarə etmək üçün məsuliyyətli və ədalətli vasitələrlə təchiz etmək zəruridir. Son üç ildə nəzərəçarpacaq tərəqqiyə nail ola bilmişik, lakin indi təklifləri qanuna, qanunları isə tətbiq mexanizmə çevirməyin vaxtı çatıb". Bu sözlər Avropa Komissiyasının prezidenti Jan-Klod Junkerə məxsusdur və bu bəyanat Avropa Komissiyasının miqrasiya üzrə idarə edilməsinə həsr olunmuş sənədin şərhində əksini tapıb.

Beləliklə, dekabrın 14-də gözlənilən Avropada miqrasiya məsələlərinə həsr olunmuş Avropa İttifaqının liderlərinin müzakirələrindən əvvəl Avropa Komissiyası miqrasiya problemin həlli və perspektiv tədbirləri üzrə "yol xəritəsi" hazırlayıb və ictimaiyyətə təqdim edib. Həmin "yol xəritəsi" Aİ məkanında davamlı və razılaşdırılmış siyasətin həyata keçirilməsi üçün nəzərdə tutulub və gözlənilir ki, bu sənədin əsasında 2018-ci ilin iyununa qədər hərtərəfli yekun sənəd hazırlanıb imzalanacaq. Avropa Komissiyasının məlumatında deyilir ki, Avropanın tədricən miqrasiya böhranından çıxması fonunda miqrasiya və qaçqınlar mövzusunda Aİ-nin vahid sabit və perspektiv siyasətinin razılaşdırılması zəruridir.

Sözügedən "yol xəritəsi" yığcam bir sənəd olmasına baxmayaraq, ciddi və geniş tədbirlərin tezislərini əks etdirir ki, burada əsas bir neçə məqama diqqət yetirmək lazımdır. İlk növbədə Avropa Komissiyası Avropa liderlərinə Avropanın sığınacaq vahid sisteminin islah edilməsini və üçüncü ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsini təklif edir. Avropanın sığınacaq vahid sisteminin təkmilləşdirilməsi prosesi hazırda çox ləng getdiyinə görə Avropa Komissiyası bu sahədə işlərin kəskin sürətləndirilməsini təklif edir və buna "həmsərhəd" olan bəzi məsələləri həll etməyə çağırır. Söhbət Aİ-nin üzv olan ölkələrinə Avropa İttifaqının xarici sərhədlərinin qorunması sistemini tam şəkildə işə salmasından və yeni yaradılan Avropa sərhəd və sahil mühafizəsi agentliyini sərhədlərin qorunma sisteminə effektiv şəkildə inteqrasiya edilməsindən gedir. Agentlik təchizat, işçi və texniki qüvvəsi baxımından 2018-ci ilin martına kimi hazır olub tam işə başlamalıdır.

Üçüncü ölkələrlə əməkdaşlıq məsələləri miqrasiya böhranın yaranmasından sonra əsas məsələ hesab olunurdu və indi də prioritet kimi qalır. Bu baxımından Avropa Komissiyası ilk məsələ Aİ-Türkiyə razılaşmasının icrasının təmin edilməsidir. Burada qeyd etmək lazımdır ki, Aİ rəhbərliyi vaxtaşırı bəyan edir ki, Türkiyə qaçqınların saxlanması və öz ərazisində qəbul edilməsi barədə razılaşmaya sadiqdir. Əlavə edək ki, bu, hətta Türkiyə ilə Aİ arasında fikir ayrılıqlarına baxmayaraq həyata keçirilir. Bundan əlavə "yol xəritəsində" bəyan edilir ki, Avropanın Türkiyədə qaçqınların yardım fonduna əlavə vəsaitlər ayırması zəruridir. Həmçinin Aİ Afrika üzrə iki maliyyə fondunun fəaliyyətini gücləşdirməlidir. Söhbət Afrika məkanında həm humanitar işlərini gücləndirmək, ən əsası isə qaçqınların həmin məkanında yerləşdirilməsi üçün şərait yaratmaq və onların Afrikada təhlükəsiz yaşamağına nail olmaqdan gedir.

Bundan əlavə "yol xəritəsi"ndə qaçqınların təhlükəsizliyinin təmin olunmasının zəruriliyi də öz əksini tapıb. Yəni Avropa Komissiyası qanunsuz miqrasiya və insan alveri ilə mübarizə sahəsində müxtəlif mexanizmlərinin tətbiq edilməsini təklif edir ki, bunların sırasında indiki təhlükəli marşrutların alternativ leqal və rəsmi marşrutlarla əvəzlənməsi əksini tapıb.

Ümumulikdə, "yol xəritəsi"nə əsasən 2019-cu ilin may ayına kimi Aİ ölkələri daha 50 min qaçqın qəbul etməlidir. Ümid olunur ki, bu həcm son irimiqyaslı miqrasiya "dalğası" olacaq, çünki Avropa Komissiyası qaçqınların öz yerlərinə qaytarılması üzrə proqramların işlənib reallaşdırılmasını istəyir. Həmçinin söhbət həm Avropada qanuni əsaslarla yaşamaq hüququna malik olmayan insanlardan gedir, həm də insanların öz yaşadığı yerlərə qaytarılmasını nəzərdə tutur. Avropa Komissiyası bu sahədə dünyanın bütün müvafiq təşkilatları, o cümlədən BMT-nin təşkilat və orqanları ilə əməkdaşlığı möhkəmləndirməyi nəzərdə tutur. Qeyd edək ki, "yol xəritəsində" yuxarıda sadalanan tədbirlərinin sıralanması ilə yanaşı icra edilməsi üzrə gözlənilən müddət də əks olunub.

Miqrasiya böhranın ən qaynar dövrü keçdikdən sonra Avropa İttifaqının bütün orqanları və ilk növbədə Avropa Komissiyası artıq "soyuqqanlı" iş planı hazırlamağa başlayıb və əgər nəzərdə tutulan və planlaşdırılan işlər həyata keçirilsə, miqrasiya problemi tədricən öz həllini tapacaq. Miqrasiya problemin həlli sahəsində biz üç istiqaməti qeyd edə bilərik. Bunlardan birincisi, artıq Avropada məskunlaşmış qaçqınların sosial və əmək inteqrasiyası, ikincisi, qaçqınların bir hissəsinin geri qaytarılması və nəhayət Avropaya yeni miqrant köçünün gəlməsinin qarşısını almaqdır. Əlbəttə ki, bütün bunlar yalnız "sözdə" asan görünür, reallıqda isə bu cəhdlər maneələrlə üzləşəcək.

Hər halda indiki vəziyyət və statistika müəyyən dərəcədə ümidverici görünür. Belə ki, aşağıdakı cədvəl miqrasiya sahəsində cari vəziyyəti əks etdirir və nəzərə çarpan dərəcədə azalmanı göstərir:

2012

2013

2014

2015

2016

2017 (Yanvar-oktyabr)

Qəbul edilmiş qaçqınların sayı

278 280

367 825

562 680

1 257 030

1 206 120

481 705

Qaçqın statusu verilmiş qaçqınların sayı

116 320

132 285

193 580

333 925

710 635

348 165

Göründüyü kimi, bu il ərzində 2016-cı illə müqayisədə 60%-lik azalma müşahidə olunur, amma eyni zamanda Avropa Komissiyası ciddi şəkildə vurğulayır ki, buna baxmayaraq miqrasiya probleminin həlli üçün bütün mümkün alətlərdən istifadə etmək zəruridir. Çünki Avropa İttifaqının rəhbərliyi istəmir ki, miqrasiya problemləri avropalılar üçün onilliklərlə problemə çevrilsin.

Ümid olunur ki, "yol xəritəsi" şəklində təqdim edilmiş təkliflər dekabrın 14-də uğurla müzakirə olunub qəbul ediləcək, sonra isə Aİ-nin müvafiq qüvvələri mobilizasiya olunmaqla qərarlar icra ediləcək. Əlbəttə ki, maneələr olacaq və onlar həm bu günə kimi müşahidə olunanlardır, həm də potensial və yenidən formalaşanlardır.

Birincilərə, məsələn, Vışeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Macarıstan, Çexiya və Slovakiya) tərəfindən Aİ miqyasında mərkəzləşmiş qərarlara müxalif çıxması, qaçqınları qəbul etməkdən imtina etməsidir. Bu sahədə, bildiyimiz kimi, ən sərt mövqe Polşaya məxsusdur. Polşa rəhbərliyi bəyan edir ki, qaçqınların "aşıq qapı" prinsipində şərtsiz qəbul edilməsi heç bir nəticə verməyib, qaçqınlar sosial inteqrasiyadan çəkinir və Avropa üçün təhlükədir. Bu günlərdə Polşanın baş naziri postuna Beata Şıdlonun əvəzinə Mateuş Moravetskinin təyin edilməsi heç nəyi dəyişməyəcək, Polşanın rəhbərliyinin qaçqınlar barəsində mövqeyi dəyişməz qalacaq.

İkinci maneə daha obyektivdir ki, qaçqınlar həqiqət Avropalılarla inteqrasiya etməkdən çox-çox uzaqdırlar ki, bu da avropalıların narazılığına səbəb olur. Müəyyən qaydalara əsasən, qaçqınlar məskunlaşma hüququ qazanandan sonra normal həyata qurub, əməklə məşğul olmalı, cəmiyyətə sosial inteqrasiya etməlidir. Faktiki söhbət ondan gedir ki, Aİ öz tərəfindən tədbir görür və kömək edirsə, qaçqınlar özləri də nə isə etməlidir və Avropa üçün daimi iqtisadi, maliyyə və sosial yük olmamalıdır. Avropanın əmək bazarında ciddi potensial var ki, burada xüsusən də dövlətin köməyi ilə qaçqına iş tapıb yeni həyata başlamaq elə də çətin deyil. Sadə istək lazımdır ki, avropalılar isə məhz belə istəyin olmamasından şikayət edirlər.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR