Dünya iqtisadiyyatında yeni böhran təhlükəsi - TƏHLİL

Dünya iqtisadiyyatında yeni böhran təhlükəsi - <span style="color: red;">TƏHLİL
# 27 aprel 2018 13:06 (UTC +04:00)

Son zaman dünya iqtisadiyyatında qeydə alınan bir sıra amillər mənfi tendensiyaların yaranmasına səbəb ola bilər. Bu, müəllifin subyektiv fikir deyil, bu fikir Beynəlxalq Valyuta Fondunun “Dünya maliyyə sabitliyi” icmalında öz əksini tapıb. Bu amillərin növbəti iqtisadi böhrana səbəb olacağı artıq hamını ehtiyatlandırır.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, indi dünya iqtisadiyyatında təhlükələr artır və bu ilk növbədə riskli aktivlərin qiymət və kotirovklarının artması ilə bağlıdır. Burada müəyyən paradoks var, çünki icmalda vurğulanır ki, son altı ay ərzində dünya iqtisadiyyatında, xüsusən də maliyyə bazarlarında risklərin azalması müşahidə olunur və nəticədə bazarlarda investorlar tərəfindən risk "istəyi" artıb. Poetik müqayisə etsək, vəziyyət sakit dənizə oxşayır, bunu görən insanlar ehtiyatı əldən verərək daha uzaq məsafəyə üzür və qəfil baş qaldıran dalğalar onların batma təhlükəsini artırır.

Beynəlxalq Valyuta Fondu bildirir ki, psixoloji amillə yanaşı konkret seqmentlər müşahidə olunur ki, bunlarına sırasında rekord səviyyədə aşağı olan faiz dərəcələri gətirmək olar. Çünki indi, yəni dünya iqtisadiyyatında və əksər ölkələrdə böhrandan çıxış tam bərpa olunandan sonra mərkəzi banklar faiz dərəcələrinin tədricən qaldırmaya başlayır. Monetar siyasətlərin bu cür tədricən sərtləşdirilməsi mərkəzi banklardan taraz yanaşma tələb edir, əks halda maliyyə bazarlarında natarazlıq yarana bilər. Bu zaman ya investorlar itkilərlə üzləşə bilər, ya da dünyanın müxtəlif yerlərində və bazar seqmentlərində "köpüklərin" partlaması baş verər. Bundan əlavə olaraq, Beynəlxalq Valyuta Fondunun fikrincə, hazırda bir sıra riskli aktivlərin qiymətləri həddən artıq şişirdilib. Bu qiymət artımının əsaslı və ya əsassız olduğu heç də vacib deyil, əhəmiyyətli olan nəticədir, çünki yenidən dəyərləndirmə nəticəsində riskli aktivlərin qiymətləri əvvəl-axır aşağı düşərək, normal səviyyəyə qayıdacaq. Bu da nə az, nə çox yeni dünya böhranına gətirib çıxara bilər. Maraqlısı odur ki, qiymətlərin həddən artıq yüksək olduğu maliyyə aktivləri sırasında ənənəvi liderlər - törəmə qiymətli kağızlar deyil, adi qiymətli kağızlar, yəni səhmlər və istiqrazlar yer alıb. Mütəxəssislər həmişə bəyan edir ki, derivativlər maliyyə bazarı üçün çox faydalı, əhəmiyyətli, lazımı alətlərdir, lakin məhz həmin törəmə qiymətli kağızlar böhranların mənbəyi olur. İndi isə söhbət səhmlərin fundamental amilləri əsasında qiymətlərin dəyərdən daha bahalı olmasından və xəzinə istiqrazları üzrə gəlirliyin artmasından gedir.

Faktiki olaraq, səhm bazarında "köpüklərin" yaradılması təhlükəsi yeni deyil. Əksinə son aylar ərzində bu barədə, demək olar ki, bütün ekspertlər, rəsmi şəxslər, hətta mərkəzi bank və maliyyə nazirliklərinin rəhbərləri danışır. Beynəlxalq Valyuta Fondu bütün bu fikirləri yalnız bir maddədə ümumiləşdirib ki, bu da həmin amilin həqiqətən son dərəcədə təhlükəli olduğunu göstərir. Səhmlərin qiymətlərinin əsassız olaraq bahalaşması, xəzinə istiqrazları üzrə gəlirliklərin yüksək olması bir nəticəyə gətirir - bir sıra ölkə və regionlarında mərkəzi banklar faizləri qaldırırlar. Və bu amil həqiqətən təhlükəlidir, çünki əgər adi vəziyyətdə səhm və istiqraz bazarlarında qiymət korreksiyası "yumşaq" keçə bilər, inzibati faiz dəyişmələri isə çaxnaşmaya səbəb ola bilər. Bu səbəbdən Beynəlxalq Valyuta Fondu bütün mərkəzi bankları ehtiyatlı olmağa çağırır. Tövsiyə olunur ki, mərkəzi banklar faizləri böhrandan əvvəlki səviyyəyə qaytararkən son dərəcə ehtiyatlı olsunlar.

Növbəti təhlükə dünyada borclanma səviyyəsindən, daha dəqiq desək, borclanmanın rekord səviyyəyə çatmasından qaynaqlanır. Beynəlxalq Valyuta Fondunun hesablanmalarına görə, 2016-cı ilin sonuna qədər dünyada borclanma həcmi 164 trln. dollar təşkil edir ki, bu da dünya ÜDM-nin 225 faizinə bərabərdir. BVF ölkələri hazırda müşahidə olunan əlverişli makroiqtisadi şəraitindən istifadə edərək, iqtisadi artım templəri fonunda borclanmaları azaltmağa çağırır. Həmin təhlükə də faizlərin rekord səviyyədə aşağı olması ilə əlaqəlidir. Çünki faizlər sıfır, sıfırdan bir az artıq kimi səviyyədə olduğu halda borclanma "istəyi" şübhəsiz artır. Bu da həm korporativ, həm də dövlət sektorlarına aiddir ki, nəticədə borclanma səviyyəsi, borc yükü hər iki seqment üzrə həddən artıq yüksək olur. Bundan əlavə böhrandan bərpa prosesi çərçivəsində borclanma son dərəcədə təbiidir. Hazırda isə böhran əlamətləri tam olaraq yoxa çıxıb, dünya iqtisadiyyatında davamlı artım müşahidə olunur və belə olan halda BVF borclanmanı azaltmağa çağırır. Digər tərəfdən məhz bu səbəblərdən də mərkəzi banklar son zamanlar faizləri qaldırır və bununla da monetar siyasətlərini sərtləşdirirlər. Bu isə bankların “borclanma istəyini" kəskin azaldır.

Beləliklə, Beynəlxalq Valyuta Fondunun diqqət cəlb etməyə çalışdığı əsas təhlükə mənbələri bunlardır:

- səhm və istiqrazlar üzrə müvafiq olaraq qiymət və gəlirliyinin həddən artıq, bəzi hallarda hətta əsassız olaraq yüksək olması;

- səhm bazarında "köpüklərin" yaranması və qiymətlərin fundamental əsaslarından çox uzaqlaşması;

- mərkəzi banklar tərəfindən faizlərin qaldırılması prosesində tarazlığın pozulması;

- dünya iqtisadiyyatında borclanma həcminin rekord səviyyəyə çatması;

Bu siyahı tam deyil. Siyahını son zamanlar bir sıra konservativ iqtisadçılar tərəfindən tənqid olunan kriptovalyutalar tamamlandırır. Baxmayaraq ki, kriptovalyuta bazarında məcmu kapitallaşma (500-550 mlrd. dollar) həcmi dünya miqyasında elə də böyük deyil, bu təhlükə mənbəyini nəzərdən qaçırmaq olmaz. Beynəlxalq Valyuta Fondu da digər konservativ mövqe tərəfdarları kimi kriptovalyuataları dünya iqtisadiyyatı üçün təhlükə deyil, qeyri-müəyyənlik mənbəyi hesab edir. Kriptovalyutalarla bağlı olan risklərin çeşidi çox genişdir. Bura infrastruktur çatışmazlıqları, dələduzluq "imkanları" və halları, kriptovalyutalarla ticarət platformalarında texniki və digər çatışmazlıqlar, həmin maliyyə alətləri və ticarət platformaları üzrə tənzimlənmə mexanizmlərin ya lazımı səviyyədə, ya da ümumilikdə mövcud olmaması kimi subyektiv və obyektiv risklər daxildir. Bu risklər kriptovalyutaların real, fiziki aktivlərin əsaslandırılmaması və bazarda son dərəcədə yüksək dəyişkənliklərlə bağlıdır. Qısa desək, kriptovalyutalar dünya iqtisadiyyatında sabitliyin bərqərar olmasına və eyni zamanda risklərin azaldılmasına heç də xidmət etmir.

Nəhayət bir neçə amili də biz əlavə edək. Dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artıran, lakin Beynəlxalq Valyuta Fondunun icmalında yer almayan başqa riskli hadisə və amillər də var. Bunların sırasına artıq son illər artan geosiyasi riskləri, ABŞ-Rusiya, ABŞ-Çin, Böyük Britaniya-Rusiya gərginliyinin (siyasi və iqtisadi), Avropa İttifaqında vahid Bank İttifaqının yaradılması ilə bağlı olan ciddi yenilik planının həyata keçirilməsi, Avrozonada inteqrasiya təşəbbüslərini, Qərbi və Şərqi Avropa ölkələri arasında yenidən yarana biləcək gərginlik, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, Çin maliyyə bazarlarının xarici investorlar üçün açılması, yuanın devalvasiya təhlükəsi daxildir. Bu amillər dünya iqtisadiyyatında sabitliyin bərqərar olması qarşısında əsaslı baryer rolunun oynayırlar.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR