İran-Səudiyyə gərginliyi fonunda OPEC toplantısı: Neft niyə bahalaşacaq? - TƏHLİL

İran-Səudiyyə gərginliyi fonunda OPEC toplantısı: Neft niyə bahalaşacaq? - <span style="color: red;">TƏHLİL
# 27 noyabr 2017 07:18 (UTC +04:00)

Ayın son günü Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yüksək səviyyəli görüşü keçiriləcək. Artıq onunla bağlı müzakirələr və müxtəlif qiymətləndirmələr indidən başlayıb. Yenə də OPEC iclası ərəfəsində təşkilat üzvləri arasında, fikir ayrılıqları müşahidə olunur ki, bu da OPEC çərçivəsində hər hansı ciddi razılaşmalara nail olma ehtimalını kəskin azaldır.

Təxminən bir il əvvəl OPEC çərçivəsində tarixi bir qərara imza atmaq mümkün olub - dünyanın əksər neft ölkələri, o cümlədən də OPEC-ə üzv olmayan ölkələr neft hasilatını azaltmağa razılıq veriblər və hələlik bu öhdəliklərə əməl edirlər. Sonuncu amilə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu il həmin razılaşmanın müddəti artıq bir dəfə uzadılıb, öhdəliklərə riayət etmək müddəti martın sonunda bitir. Neft hasilatının azaldılması barədə razılaşma nəticəsində neft bazarında təklifin həcmi aşağı düşüb, nəticədə neftin qiymətləri 2015-ci ilin iyun-iyul aylarından sonra ən yüksək səviyyəyə çatıb. Hazırda neftin bir barelin qiyməti 62-63 dollar səviyyəsindədir ki, bu da əksər ekspert və neft ixracatçı ölkələrinin rəsmiləri tərəfindən ədalətli və real qiymət kimi dəyərləndirilir. Amma eyni zamanda bəzi mütəxəssislər qiymətin real neft tədarükü və təklif-tələbat tarazlığından asılılığını şübhə altına alır və ehtimal edir ki, qiymətin müəyyən hissəsi spekulyativ amillərin təsiri altında formalaşır. Söhbət neft treyderləri tərəfindən fyuçers kontraktları ilə riskləri sığortalamasından və bununla da qiymətin artmasından gedir. Nəticədə əgər treyderlərin "əhval-ruhiyəsi" qiymətlərə ciddi təsir edirsə, OPEC-də neft hasilatının taleyi barədə hər hansı şübhə neft kotirovkalarına azaldıcı təsir edə bilər.

Hazırda OPEC-in iclasında hasilatın azaldılması barədə razılaşmanın müddətinin uzadılmasından söhbət getmir. Ən azı o səbəbdən ki, belə qərarın qəbulu vaxt baxımından tezdir, lakin iclas zamanı, iclas ərəfəsində və ya iclasdan dərhal sonra bazara sərf etməyən hadisə, mübahisə və ya sadə bəyanat hətta razılaşma qüvvədə olduğu zaman onun effektivliyini alt-üst edə bilər. Məsələn, dünyanın neft bazarının iki iri iştirakçısı olan Səudiyyə Ərəbistanı ilə İran arasında son günlər ərzində yenidən yaranmış siyasi gərginlik OPEK razılaşmasını adi kağıza çevirə bilər. Hazırda bu iki ölkə arasında münasibətlər o dərəcədə gərginləşib ki, onların bir masa arxasında oturub hər hansı razılaşmaya gələ bilməsini təsəvvür etmək çətindir. İki variant mümkündür: ya İranla Səudiyyə Ərəbistanı arasında ciddi siyasi qarşıdurma iclas zamanı və ya ondan əvvəl yaranacaq, ya da İran iclasdan iştirakdan ümumiyyətlə imtina edə bilər. Hər iki halda bu fakt hasilatın azaldılması və dondurulması barədə razılaşmanın həm gələcək taleyini, həm də indiki reallaşmasını sual altına qoyaraq, neftin qiymətlərini aşağı sala bilər.

Lakin məsələnin digər tərəfi də var. Hazırda bəzi mütəxəssislər İranla Səudiyyə Ərəbistan arasında müxtəlif (proqnoz verənlərin bədbinlik səviyyəsindən asılı olaraq) miqyasda müharibənin başlanmasını istisna etmir. Nəticədə, dediyimiz kimi, bu iki ölkə arasında baş verənlər razılaşmanın reallaşmasını sual altına qoyacaq, amma digər tərəfdən, müharibə ehtimalı regiondan neft daşımalarını və ümumilikdə hasilatın normal rejimində davam etdirilməsinin risklərini kəskin artırır. Belə hallar dəfələrlə baş verib, məsələn, İran-İraq, Küveyt, Nigeriya kimi müharibə ocaqlarında baş verənlər həmişə neftin daşınmaların risklərinə görə qiymətləri artırıb. Bununla da belə bir maraqlı vəziyyət yarana bilər ki, İranın hərəkətlərindən asılı olmayaraq neftin bahalaşması qeydə alına bilər. Belə ki, İran razılaşmadan çıxmasa və razılaşma yenidən uzadılsa, bu baş verməmiş müharibə riskinə görə nefti avtomatik bahalaşdıracaq.

OPEC iclasından bir az kənar olan, amma neft bazarına birbaşa aid olan maraqlı bir məqama da toxunmaq lazımdır. Bu yaxınlarda Dubay Beynəlxalq Maliyyə Mərkəzi maliyyə texnologiyaları (fintech) sahəsində çalışan şirkətlərin maliyyələşdirilməsi üçün 100 mln. dollar həcmində investisiya fondu yaradıb. Neftə aid bir şey yoxdur, amma Mərkəzin rəhbəri Essa Kazımın investisiya fondu ilə bağlı müsahibəsində dediyi bəzi maraqlı məqamlara fikir vermək lazımdır. Onun sözlərinə görə, neft baha olduğu zamanı regionda fintech sahəsində çalışacaq qeydiyyata alınan yeni şirkətlərin sayı 150 olubsa, indi (oxu - neftin ucuz olduğu dövründə) bu rəqəm artıq 300-a çatıb və yeni investisiya fondu kimi maliyyə mənbələrini nəzərə alsaq, bu göstərici daha da arta bilər. Yəni söhbət ondan gedir ki, neftin ucuz olması digər sahələrinin inkişafı üçün ciddi stimuldur.

Belə bir sual yaranır: neft hasilatının azaldılması barədə razılaşmanın uzadılması ümumilikdə neft ixracatçı ölkələri üçün fayda verir, yoxsa baş verən bahalaşma həmin ölkələri yenidən "neft yuxusuna" aparır? Rusiya rəsmiləri bəyan ediblər ki, indiki qiymətlər ədalətlidir və neftin həddən artıq baha olması ölkə iqtisadiyyatına zərər vurur. Bəlkə ucuz neft dövrünə stimul kimi baxışları inkişaf etdirməklə neftdən tədricən "əl çəkmək" vaxtı çatıb?

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR