Neftin ucuzlaşması OPEK-i aktivləşdirəcək - TƏHLİL

Neftin ucuzlaşması OPEK-i aktivləşdirəcək - <span style="color: red;">TƏHLİL
# 09 may 2017 10:38 (UTC +04:00)

Neftin ucuzlaşması hasilatın azaldılması sazişinin müddətinin uzadılması ehtimalını artırır

Müəyyən sakitlikdən sonra dünya neft bazarında yenidən narahatlıq yaşanır. Maraqlısı odur ki, təşvişin səbəbləri məlum deyil. Faktlar isə belədir ki, mayın 4-də neftin qiymətləri 4,7% düşüb. Son zamanlar ərzində bu, ən yüksək gündəlik ucuzlaşmadır ki, buna görə də diqqət çəkir. Eyni zamanda əgər neftin qiymətinin (Brent markalı neftin nümunəsində) dinamikasına fikir versək, görünür ki, aprelin 11-dən başlayaraq enmə tendensiyası formalaşıb və davamlı xarakteri alıb. Bu, aşağıdakı qrafikdə görünür:

Yəni, artıq bir aya yaxındır ki, qiymətlərdə azalma tendensiyası müşahidə olunur, lakin bu azalma günbəgün kiçik templə “inkişaf” etdiyinə görə, böyük diqqət cəlb etməyib və narahatlığa səbəb olmayıb. Bir gün ərzində isə 5 faizə yaxın ucuzlaşma dərhal neft bazarında təşviş yaradıb. Neftin 56 dollardan (11 aprel) 51 dollaradək (3 may) ucuzlaşması ilk növbədə o səbəbdən böyük diqqət cəlb etməyib, çünki mütəxəssislərin fikrincə, hazırda neft bazarında olan vəziyyəti, təklif-tələbat tarazlığı nəzərə alınmaqla, 50-53 dollarlıq qiymət normaldır. Halbuki əsas neft ixracatçı ölkələri fürsət düşəndə bəyan edir ki, onlar üçün qiymətin 60 dollar səviyyəsində olması məqbul bir səviyyədir. İndi isə qiymət 50 dollardan aşağı düşüb.

Mayın 3-4-də dünyada siyasi və ya iqtisadi, və ya birbaşa neft bazarı ilə bağlı heç bir hadisə baş verməyib, ciddi bəyanat səsləndirilməyib, həmçinin heç bir hesabat dərc edilməyib ki, bu amillərdən biri neft bazarına bu dərəcədə ciddi təsir etsin. Bu səbəbdən demək olar ki, qiymətlərin kəskin düşməsi üçün xronikal səbəb olmayıb. Bəzi analitiklərin fikrincə, neftin ucuzlaşmasının konkret səbəbi ABŞ-da neft hasilatının gündəlik 28 min barel artaraq 9,293 mln. barelə çatması olub. Lakin eyni zamanda məlum olub ki, neft ehtiyatları həftə ərzində azalıb. Ümumilikdə, belə məlumatın ciddi ucuzlaşmanın səbəbi kimi hesab etmək bir qədər qeyri-ciddidir, çünki ABŞ-da neft hasilatının artması və ümumilikdə tarixi maksimum səviyyəsində olması artıq ənənəyə və adi xəbərə çevrilib.

Reallığa ən yaxın səbəb kimi onu göstərmək olar ki, neft bazarın iştirakçıları neft hasilatın dondurulması barədə sazişin müddətinin uzadılmasına getdikcə az inanırlar. Yada salaq ki, söhbət OPEC-in patronajı altında neft ixrac edən ölkələr arasında neftin hasilatının azalması və olduğu səviyyədə dondurulması barədə sazişin bu ilin ortalarında yenidən uzadılmasından gedir. Əvvəlki saziş-razılaşma ötən ilin dekabrında əldə edilib və OPEC üzvlərindən başqa 10-dan çox digər neft ixracatçı ölkələr qoşulub. Bu günə kimi hesabat, bəyanatlara əsasən, əminliklə demək olar ki, saziş icra olunur, bütün ölkələr razılaşdırılmış hasilat səviyyəsini nəzarət altında saxlayaraq, ondan artıq neft həcmini bazara çıxarmır. Nəticədə, neftin qiymətləri nəzərə çarpan dərəcədə sabitləşib. Razılaşma 6 ay müddətinə nəzərə tutulub və beləliklə ilin ortalarında onun müddəti uzadılmalıdır. Və ya uzadılmamalıdır. Bu, razılaşma üzvlərindən, neft bazarında vəziyyətdən, qiymətlərin səviyyəsindən və qiymətlərin dinamikasından asılıdır. Biz dəfələrlə bu amilləri təhlil etmişik, sadəcə qeyd etmək lazımdır ki, neft bazarında vəziyyətin qənaətbəxş olmaması razılaşmanın uzadılması ehtimalı artırır. Burada heç bir qeyri-adi yoxdur - qiymətlərin düşməsi təklifin tələbatdan üstün olduğunu göstərir və bu halda OPEC və razılaşmaya qoşulan digər ölkələr qərara gələ bilər ki, hasilatın dondurulması “su-hava” kimi lazımdır. Əksinə - əgər qiymətlər təbii yolla artsaydı, razılaşmanın uzadılmasının məqsədəuyğunluğu sual altına düşəcəkdi.

Neft bazarında vəziyyət tədricən razılaşmanın müddətinin artırılmasından asılı olur. Amma mütəxəssislər hesab edir ki, razılaşmanın müddəti artırılsa da, onun icrası sual altındadır. Bunu ilk növbədə Rusiya ekspertləri bəyan edirlər.

Yaxın zaman üçün proqnoz vermək, əlbəttə ki, çətindir, çünki artıq indidən aydındır ki, dinamika birmənalı deyil. Yuxarıda göstərilən qrafikdən görünür ki, artıq mayın 5-də neftin bahalaşması baş verib, lakin demək olarmı ki, azalma tendensiyası təsadüfi hadisədir, yoxsa, əksinə, bu artım - təsadüfdür? Xeyr, buna görə də, proqnoz vermək çətindir. Sadəcə hadisələrin inkişafının müxtəlif ssenariləri əsasında müəyyən ehtimallar etmək olar. Məsələn, aydındır ki, əgər neftin ucuzlaşması davam etsə, OPEC adekvat addımlar atacaq. Yəni, hasilatın dondurulması barədə razılaşmanın uzadılmasına dair danışıqlar kəskin fəallaşacaq və mütləq bu barədə bəyanatlarla çıxış edəcəklər. Çünki bir çox hallarda bazarlara bəyanat, proqnoz və gözləntilər ciddi təsir edir. Bir məqama tam əmin olmaq olar, çünki neftin ucuzlaşması heç bir neft ixrac edən ölkə üçün əlverişli deyil, qiymət müharibəsi yolu isə yaxşı bir nəticəyə gətirib çıxarmayacaq. Buna görə də ötən ilin sonunda hətta Səudiyyə Ərəbistanı və İran da sazişə qoşulub. Çünki aydın olub ki, bu, bazarı tənzimləmək üçün yeganə düzgün yoldur. Əgər neftin ucuzlaşması dayansa, razılaşmanın uzadılması ehtimalı azalacaq, amma bu halda da hər şey rəqəmlərdən asılı olacaq. Beləliklə əgər qiymətlər 50 dollar ətrafında qalacaqsa, razılaşmanın müddəti uzadılacaq, çünki qiymət qənaətbəxş deyil. Ümumilikdə, buna görə də, həm OPEC, həm ayrı-ayrı ölkələr bəyan edir ki, razılaşmanın taleyi cari qiymət vəziyyətindən asılı olacaq. İndi isə hər şey ona doğru gedir ki, neft 50 dollardan aşağıdır və yaxın ay ərzində razılaşmanın taleyi barədə müəyyənlik yaranacaq.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR