Günəş enerjisindən qlobal istifadə ilbəil artır - STATİSTİKA

Günəş enerjisindən qlobal istifadə ilbəil artır - STATİSTİKA
# 16 mart 2020 15:00 (UTC +04:00)

Hazırda koronavirusun yayılmasının dünya iqtisadiyyatına mənfi təsir etdiyi müşahidə olunur. Neft qiymətlərinin kəskin enməsi dünyada iqtisadi proseslərin gedişatının, qlobal səviyyədə iqtisadi artımın və sənaye istehsalının yavaşlamasına səbəb olub. Bütün bunlar bir daha sübut edir ki, dünya hələ də ənənəvi enerji mənbələrindən çox asılıdır. Bu, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını bir qədər də gücləndirməyi zəruri edir.

Bəli, həqiqətən, hazırda dünyada bu istiqamətə böyük diqqət yetirilir. Bir çox ölkə ümumi elektrik enerjisi istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payını artırmaq üçün fəal işləyir və bu səylər də öz müsbət nəticəsini göstərir.

Belə ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, 2019-cu ildə qlobal enerji istehsalında alternativ və bərpa olunan enerji mənbələrin payı 28,4% təşkil edib (2018-ci ildə bu göstərici 27%-ə bərabər olub). Ötən il alternativ və bərpa olunan enerji mənbələri ilə 2 995,9 TVt (teravatt) elektrik enerjisi istehsal edilib. Bu, 2018-ci illə müqayisədə 4% çoxdur.

Onu da qeyd etmək lazımdır ki, alternativ və bərpa olunan enerji mənbələri üzrə ən yüksək artım günəş enerjisinin istifadəsi üzrə qeydə alınıb. Hesabata əsasən, ötən il dünyada günəş stansiyaları 363,3 TVt elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 13,6% çoxdur.

IEA-nin məlumatına görə, 2019-cu ildə qlobal enerji istehsalında (10 548,6 TVt) günəş elektrik stansiyaların payı 3,4% təşkil edib. 2018-ci ildə bu göstərici 3% səviyyəsində olub.

Rəqəmlər onu göstərir ki, bütün dünyada günəş enerjisinin istifadəsinin genişləndirilməsi istiqamətində həqiqətən də təsiredici işlər aparılır. Azərbaycan da beynəlxalq iqtisadi sistemin və qlobal enerji bazarının iştirakçısı kimi, bu istiqamətdə öz səylərini əsirgəmir. Bildiyimiz kimi, ölkədə alternativ və bərpa olunana enerji mənbələrinin və xüsusilə də günəş enerjisinin istifadəsinin inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsi kimi, son 5 ildə (2015-2019-cu illər) Azərbaycanda günəşlə işləyən stansiyalarla elektrik enerjisinin istehsalı 10,6 dəfə artaraq 190,6 mln. kVt-saata çatıb.

Əlbəttə, göstəricilər qlobal səviyyədə bir o qədər də böyük olmasa da, bu, sözügedən istiqamətin inkişafına yönələn tədbirlərin nəticəsinin nümunəsidir və bu rəqəmləri və respublika ərazisində günəş enerjisindən istifadə səviyyəsini artırmaq üçün işlər daha da gücləndirilməlidir. Lakin səylər tək dövlət səviyyəsində deyil (pilot layihələrin reallaşdırılması və iri günəş elektrik stansiyaların tikintisi), lokal səviyyədə də həyata keçirilməlidir (fiziki və hüquqi şəxslər tərəfindən 150 kVt gücünədək fərdi qaydada kiçik elektrik stansiyaların quraşdırılması). Bununla da Azərbaycan enerji təhlükəsizliyini daha da möhkəmlətmiş və hazırda şahid olduğumuz iqtisadi kataklizmlərin təsirindən asılılığını azaltmış olacaq.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR