Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu - TƏHLİL

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu - TƏHLİL
# 19 iyul 2022 17:54 (UTC +04:00)

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu son dərəcə mühümdür və xüsusilə qlobal beynəlxalq siyasi nizamın hazırkı mərhələsində getdikcə artmaqdadır.

Azərbaycan Avropaya neftlə yanaşı, təbii qaz da ixrac edir. Hazırda bu proses Cənub Qaz Dəhlizi (CQD) layihəsi çərçivəsində artıq istismarda olan TANAP və TAP qaz kəmərləri vasitəsilə həyata keçirilir. Bu, Azərbaycana öz qazını müstəqil şəkildə Avropa bazarlarına çıxarmaq imkanı verən qlobal miqyasda unikal sənaye layihəsidir.

Türkiyə, Gürcüstan, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan qısa müddət ərzində Azərbaycan qazının istehlakçısına çevrilib. Gələcəkdə TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri vasitəsilə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, həmçinin Xorvatiyadan olan istehlakçılar da Azərbaycan qazından istifadə edə biləcəklər. Bu istiqamətdə artıq müvafiq infrastrukturun yaradılması prosesi gedir.

Neft və qaz yataqlarının işlənməsi təcrübəsi dəfələrlə sübut edib ki, onların ehtiyatları əvvəllər düşünüldüyündən çoxdur. Bu baxımdan Azərbaycanın qaz ixracının artım dinamikasının sabitliyinə şübhə yoxdur. Bütün bunlar onu göstərir ki, Azərbaycan təbii qazın hasilatı, istehlakı, satışı və emalı sahəsində yeni reallıqlara hazırdır. Azərbaycan hökuməti bu istiqamətdə çevik strategiyaya üstünlük verir ki, bu da sürətlə dəyişən prosesdə mümkün itkilərin minimuma endirilməsi və mənfəətin artırılması üçün zəmin yaradır.

Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri də dəfələrlə Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

İyulun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə enerji sahəsində əməkdaşlığa dair memorandum imzaladılar. Sənəddə digər məsələlərlə yanaşı, Cənub Qaz Dəhlizinin imkanlarının ikiqat artırılmasından da bəhs edilir.

Azərbaycan həmçinin Aİ-yə qaz tədarükünü 2021-ci ildəki 8 milyard kubmetrdən 2022-ci ildə gözlənilən 12 milyard kubmetrə artıracaq.

Bu, Rusiya qazının tədarükündə yaranan fasilələri aradan qaldırmağa və Avropaya nəqlin təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edəcək. 2027-ci ilə qədər isə Azərbaycan qazının idxalının iki dəfə artacağı gözlənilir.

İlin sonunadək “Şahdəniz” qaz-kondensat yatağında hasilatın ildə 26 milyard kubmetr pik həddinə çatacağı gözlənilir. Bu istehsal həcmlərinin bir müddət saxlanılması planlaşdırılır.

Xatırladaq ki, “Şahdəniz” Azərbaycanın ən böyük qaz yatağıdır. Onun ehtiyatları 1 trilyon kubmetr qiymətləndirilir və ixrac olunan qazın böyük hissəsi onun payına düşür. Qeyd edək ki, ötən il “Şahdəniz” yatağından hasilat 22,7 milyard kubmetr qaz təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 27,1% çoxdur.

“Şahdəniz”dən başqa digər mənbələr də var: “Abşeron”, “Babək”, “Ümid” yataqlarıdır. “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağının uzun müddət istismar olunan blokunun dərinsulu hissəsi də yüz milyardlarla vəsait vəd edir.

Bununla belə, hazırda AÇG-də yatağın köhnəlməsi ilə əlaqədar hasilatda azalma müşahidə olunur: Yataqda hasilatın stabilləşdirilməsi istiqamətində işlər aparılır və yeni hasilat platformasının (ACE) tikintisi davam edir və indiyədək tikinti işlərinin 73%-i tamamlanıb. Platformanın dayaq blokunun dənizə göndərilməsi bu ilin sonunadək planlaşdırılır, hasilat isə gələn ilin sonuna kimi başlayacaq.

Bu ilin dördüncü rübündə AÇG neft-qaz yatağı blokunun dərin laylarındakı qazla bağlı əlavə məlumatların əldə edilməsi məqsədilə informasiya quyusunun qazılmasına başlanılması planlaşdırılır.

Quyunun qazılması dərin laylardakı qazla bağlı əlavə məlumat toplanacaq və bu sahədə işlərin hansı istiqamətdə aparılacağına dair qərar veriləcək.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə yaxındır. Yəni, Azərbaycanın həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tələbatı ödəmək potensialı var. Ən böyük qaz yatağında son illərdə qaz hasilatının sürətlə artması isə ölkənin yaxın gələcəkdə Avropa tələbatını ödəməyə hazır olduğunu deməyə əsas verir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR