BTQ regional əməkdaşlığın və mehriban qonşuluğun önəmini sübut edir - TƏHLİL

BTQ regional əməkdaşlığın və mehriban qonşuluğun önəmini sübut edir - TƏHLİL
# 30 oktyabr 2022 10:54 (UTC +04:00)

Bu gün Azərbaycanın Gürcüstan və Türkiyə ilə birgə regional sabitlik, təhlükəsizlik və rifaha yönəlmiş daha bir önəmli təşəbbüsünün – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin açılışından 5 il ötür. Avropa və Asiya arasında ən qısa və etibarlı yol statusuna malik BTQ fəaliyyətə başladığı vaxtdan bölgədə biznes mühitinin daha da inkişaf etməsinə, ölkələr arasında qarşılıqlı etimadın artırılmasına və qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Layihənin açılışı region üçün tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrində yeni mərhələnin başlanğıcı idi. Geridə qalan 5 il bunun nə qədər haqlı olduğunu sübut edir.

BTQ-nin region üçün önəmi

BTQ dəmir yolu xətti layihəsi Azərbaycanın Türkiyə və Gürcüstanla səmərəli əməkdaşlığının məntiqi nəticəsi sayıla biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi birgə layihələrin ardıcıllığı idi. Layihənin həyata keçrilməsi böyük geosiyasi önəm daşıdığından Azərbaycana qarşı qısqanclıqla yanaşan bəzi xarici dairələr onun tikintisinə müxtəlif yollarla çətinliklər törətməyə çalışırdı. Lakin Azərbaycan, Gürcüstan və Türkiyənin güclü iradəsi və qarşılıqlı dəstəyi sayəsində layihənin reallaşdırılması mümkün olub. Bu baxımdan BTQ layihəsi qonşu və dost ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın önəminə bir nümunə təşkil edir. 850 kilometr uzunluğundakı BTQ dəmir yolu xəttiinin ən uzun hissəsi - 504 kilometri Azərbaycan ərazisindən keçir. Layihəyə görə xətt üzrə daşımalar ilkin mərhələdə illik 5 milyon ton təşkil edəcək. Xəttin tam gücü ilə istismara verilməsindən sonra isə daşınan yüklərinin həcminin 17 milyona ton çatacağı və daha da artacağı gözlənilir. Bu, yekunda Azərbaycanın “Orta Dəhliz” üzərində yerləşən ən önəmli nəqliyyat hablarından birinə çevrilməsinə xidmət edəcək. Bu məqsədlə Azərbaycanda davamlı olaraq dəmir yolu və liman infrastrukturu təkmilləşdirilir, gömrük xidmətində şəffaflığın və operativliyin artırılması məqsədilə islahatlar həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan əvvəldən hazırladığı imkanlar sayəsində bu gün qlobal çağırışların öhdəsindən uğurla gələ bilir.

BTQ Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir

Strateji əhəmiyyətə malik BTQ dəmir yolu layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dövlət başçısı hələ 5 il öncə, BTQ-nin açılış mərasimində çıxışı zamanı layihənin qlobal əhəmiyyət daşıyacağının mesajını vermişdi:

“Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.

Ötən vaxt dövlət başçısının haqlı olduğunu bir daha göstərdi. Həm geosiyasi, həm də iqtisadi anlamda Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edən bu layihənin əhəmiyyəti hazırkı beynəlxalq şəraitdə özünü daha aydın göstərir. Ukraynada davam edən müharibə fonunda Qərbin Moskvaya tətbiq etdiyi sanskiyaları və Rusiya ərazisindən yan keçən yeni dəhlizlər axtarışına çıxması “Orta Dəhlizin” və bu dəhliz üzərində yerləşən Azərbaycanın nəqliyyat və logistika imkanlarına marağı artırıb. Yeni qlobal çağırışlar ölkəmizin avtomobil yollarının, dəmir yolu infrastrukturunun, eləcə də BTQ-nin əhəmiyyətini artırır. Ötən illərdə həyata keçirilən infrastruktur layihələri sayəsində Azərbaycan hazırda bu çağırışlara ən çox hazır olan ölkələr sırasındadır.

BTQ regional əməkdaşlığın və qonşular arasında mehriban əlaqələrin önəmini sübut edir

Bir neçə gün öncə Qazaxıstanda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel noyabrda Səmərqəndə keçiriləcək konfransda “Orta Dəhliz”in imkanlarının artırılmasına dair müzakirələrin aparılacağını bəyan etdi. Bu, Avropanın Şərq-Qərb daşımalarında bu dəhlizin rolunu artırmaqda maraqlı olduğunu, dolayısı ilə dəhliz üzərində yerləşən ölkələrdə sabitlik və təhlükəsizliyin tərəfdarı olduğunu göstərir.

“Bir kəmər, bir yol” təşəbbüsü ilə öz ixrac imkanlarını artırmaq, tarixi “İpək yolu”nu canlandıraraq Qərb istiqamətində ticarət əlaqələrini gücləndirmək niyyətində olan və bunun üçün nəqliyyat dəhlizlərini şaxələndirməyə çalışan Çin kimi ticarət nəhəngi də bu gün Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna, BTQ-nin fəaliyyətinə maraq göstərən tərəflərdən biridir.

BTQ-yə həm də Orta Asiyanın türk dövlətləri, eləcə də Əfqanıstan tərəfindən böyük maraq göstərilir. Bu baxımdan layihə regionun Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrini gücləndirərək yeni fürsətlər yaradacaq, dostluq əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.

Vaxtilə Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti nəticəsində özünü blokadaya salmış Ermənistan isə sülh müqaviləsinin imzalanmasını yubadaraq, regional kommunikasiyaların açılmasına mane olaraq yaranmış növbəti unikal iqtisadi fürsəti əldən verməkdədir.

Reallaşdırılması üçün milyardlarla dollar vəsait tələb edilən qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi iqtisadi imkanlarla yanaşı, siyasi iradə, eləcə də ölkələr arasında qarşılıqlı etimadın olmasını şərtləndirir. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən BTQ, BTC, BTƏ, TANAP, TAP və s. kimi qlobal əhəmiyyətli layihələrin hər zaman tamamlanması və uğurla fəaliyyətə başlaması dövlət başçısının iradəsinin və ona olan etimadın, Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR