Mərkəz direktoru: "Azərbaycanda buğda, un və çörəyin qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun formalaşdırılır"

Mərkəz direktoru: "Azərbaycanda buğda, un və çörəyin qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun formalaşdırılır"
# 06 yanvar 2022 15:25 (UTC +04:00)

Ekspert Azərbaycanda ölkə tələbatını tam ödəyə biləcək buğda istehsalının səmərəli olmadığını, həmçinin ərzaqlıq buğda, un və çörəyin qiymətinin tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşdırıldığını bildirir.

Son dövrlər dünya taxıl bazarında mövcud olan trendlər buğdanın qiymətində ciddi artımla xarakterizə olunur. Dünya buğda bazarında bu vəziyyət sonuncu dəfə 2008-ci ilin qlobal maliyyə böhranı zamanı müşahidə olunub. O zaman da taxılın bir tonunun qiyməti 300-350 ABŞ dolları civarını keçərək bəzən qısamüddətli olaraq 400 dollara yaxınlaşmışdı. Hazırda da pandemiya dövründə qlobal buğda böhranı yaşanır. Maliyyə böhranından fərqli olaraq, buna əsas səbəb dünyada aparıcı istehsalçı ölkələrdir (ABŞ, Rusiya, Avstraliya, Kanada, Avropa İttifaqının bir sıra ölkələri və s.) ki, məhz onlar qlobal taxıl bazarının konyunkturasını formalaşdırır.

Qlobal iqlim dəyişiklikləri nəticəsində bu ölkələrdə istehsal və ixrac həcmlərində azalma qeydə alınıb. Məsələn, Azərbaycanın əsas təchizatçısı olan Rusiyada istehsal və ixrac həcmi əhəmiyyətli dərəcədə azalıb. Buna quraqlıq səbəb olub. ABŞ-da isə məhsul yığılan dövrdə havaların yağışlı keçməsi məhsuldarlığa mənfi təsir edib. Bu kimi səbəblərdən dünya bazarının konyunkturasını formalaşdıran əsas ölkələrdə məhsul təklifindəki olan qeyri sabitlik, habelə pandemiyanın mənfi təsiri olaraq logistika təchizatında yaranan problemlər dünya bazarında buğdaya olan qiymət artımını ciddi şəkildə şərtləndirib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə "APA-Economics"ə bildirib ki, Azərbaycanda son 3 ildə ortalama göstəriciyə uyğun olaraq, ildə 2 mln. ton taxıl istehsal olunur. Ölkədə 600-650 min hektar sahədə taxıl əkilir, məhsuldarlıq təqribən 31-37 sentner civarındadır.

"Ölkə illik 2 mln. ton buğda istehsal edirsə, təqribən 1,3-1,4 mln. ton idxal edir. Beləliklə, bizim buğda ilə özümüzü təmin etməmiz 59-60% səviyyəsindədir. Yəni buğdaya ümumi tələbatımızın 40%-i idxal hesabına ödənilir. Şübhəsiz ki, un sənayesinin tələbatı üçün istifadə olunan buğda üzrə idxal göstəricilərinin xüsusi çəkisi olaraq daha yüksəkdir. İdxal olunan buğdanın böyük əksəriyyəti məhz un emalı sənayesinin tələbatı üçün ödənilir", - deyə F. Fikrətzadə qeyd edib.

Azərbaycan özünü tam olaraq taxılla təmin edə bilməməsinə gəldikdə, Mərkəzin direktoru qeyd edib ki, bunun bir sıra səbəbi var.

"İlk növbədə, kənd təsərrüfatı sahəsi təbii resurslarla bağlıdır. Bizim torpaq resurslarımızın həcmi o qədər də geniş deyil. Misal çəkdiyimiz ölkələr (Rusiya, Kanada, ABŞ, Qazaxıstan, Avstraliya və s.) geniş torpaq sahələrinə malik olmaqla, böyük həcmdə buğda istehsalı təmin edən ölkələrdir. Digər məqam – iqlim şəraitimiz də keyfiyyətli buğda istehsalına imkan vermir. Mütəxəssislərin rəyi ondan ibarətdir ki, may-iyun aylarında bizim əsas buğda yetişən regionlarda kəskin istilər düşür, bu da bitkinin dən dolması mərhələsi başa çatmadan qurumasına səbəb olur. Bu, həm məhsuldarlığı azaldır, həm də məhsulun keyfiyyətinə mənfi təsir edir. İqlim uyğunsuzluğu ilə yanaşı su resurslarında da ciddi problemlər var. Elektron kənd təsərrüfatı informasiya sistemindəki qiymətləndirmələr onu göstərir ki, ümumi buğda əkinlərinin təqribən 38%-i dəmyə ərazilərdə həyata keçirilir, 64%-i formal olaraq suvarma ərazisidir. Yəni 64% suvarılan ərazilərin 43%-ində ciddi su problemlər mövcuddur, bu da ümumiliklə 26% təşkil edir. Beləliklə, 38% dəmyə, 26% isə suvarma problemləri olan ərazilərdir. Yəni 64% bizim ərazi buğda əkinimiz suvarma problemləri olan və ya suvarma olmayan ərazilərdə həyata keçirilir ki, buna görə də bizim məhsuldarlığımız orta hesabla 31-32 sentner təşkil edir", - deyə F. Fikrətzadə əlavə edib.

Onu da qeyd edək ki, Azərbaycanda buğdanın spesifik istehsal strukturu var. Yerli buğda ölkəni 98% ətlə və 96% südlə təmin edən heyvandarlıq təsərrüfatlarının yem bazasını təşkil edir. Qlobal buğda bazarında ötən ilin iyun ayında yaranan böhrana qədər yerli fermerlərin istehsal etdikləri buğdanın qiyməti idxal edilən ərzaqlıq buğdanın qiymətindən yüksək olub.

Bu səbəbdən iqtisadi şərtlər fermerləri yem tələbatlarına uyğun olaraq, buğda istehsal etməyə yönəldir.

Ölkənin kənd təsərrüfatı sektorunda buğda istehsalı ən aşağı mənfəətli sahə hesab olunur. Məsələn, buğdanın bir hektarından orta hesabla 400-600 manat mənfəət əldə etmək olur. Qarğıdalıda bu göstərici 1 200-1 500 manat, yoncada 1 200 manat, günəbaxanda isə təqribən 800-1 000 manat təşkil edir. Məhz bu səbəbdən də bu sahənin böyük investisiya cəlb ediciliyi də yoxdur.

Yəni bir tərəfdən təbii resurs problemləri, digər tərəfdən isə müxtəlif iqtisadi səbəblər var ki, Azərbaycanda ölkə tələbatını tam ödəyə biləcək buğda istehsalı səmərəli deyil.

Son məhsul olan unun və çörəyin bahalaşmasına gəldikdə, qeyd etmək lazımdır ki, belə halların qarşısını almaq məqsədilə müxtəlif ölkələr ehtiyatlar formalaşdırır, anında müdaxilə sistemi tətbiq edir. Misal olaraq, Azərbaycanda ötən il büdcə vəsaiti hesabına bazara süni müdaxilə edilərək, istehsalçıların xərcləri kompensasiya edildi ki, bu da çörəyin qiymətinin artımının qarşısını aldı. Yəni dünya bazarlarında təsirlər baş verəcəksə, dövlətlər bu cür müdaxilələrlə onları kompensasiya edə bilir.

F. Fikrətzadənin sözlərinə görə, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır: "Ötən il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olundu. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil. Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıldı".

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat (əvvəlki qiyməti 27 manat), 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik (əvvəlki qiyməti 40 qəpik), 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik (əvvəlki qiyməti 50 qəpik) müəyyənləşib.

"Sərham" MMC-nin icraçı direktoru Elman Bağırov isə "APA-Economics"ə bildirib ki, bu il 50 kiloqramlıq bir kisə unun qiymətinin 26 manatdan 36 manata artırılması ilə bağlı istehsalçı olaraq müəssisə tərəfindən dəyişiklik tətbiq edilib.

"Dəyişiklik nədən ibarətdir? Əslində, dünənədək bizim 50 qəpiyə satılan çörəyimizin çəkisi 520-540 qram idisə, bu gün 650 qram civarında istehsal etdiyimiz çörək 65 qəpiyə satılır. Bir kiloqramlıq çörək 0,78 manat idisə, indi 0,85 manat təşkil edir. Yəni burada 6-7 qəpikli fərq olub. Çörəyin çəkisi mütləq olaraq 130-150 qramadək artırılıb", - deyə E. Bağırov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR