Türkiyə Avropanı enerji təhlükəsizliyinə qovuşduracaq mərkəzə çevrilir - TƏHLİL

Türkiyə Avropanı enerji təhlükəsizliyinə qovuşduracaq mərkəzə çevrilir - TƏHLİL
# 13 aprel 2023 15:57 (UTC +04:00)

Koronavirus və sonrasında baş verən geosiyasi vəziyyət, bütün dünya dövlətlərinin necə mürəkkəb və geniş əlaqələr, iqtisadi “damarlar”la bir-birinə bağlı olduğunu bir daha sübut etdi.

APA xəbər verir ki, qeyd olunanlar amillər dünyanın nə qədər qloballaşdığını, yer kürəsinin bir hissəsində baş verənlərin bütün dünya birliyinə hansı miqyasda təsir edə biləcəyini sübut etdi. Bütün bunlar qlobal iqtisadi münasibətlərin yenidən qurulmasına səbəb oldu və iqtisadiyyatın bütün sahələrinə təsir göstərdi.

Əminliklə demək olar ki, bu halda ən böyük təsirə qlobal sənaye istehsalı, nəqliyyat kommunikasiyaları, sadə insanların həyatının əsasında duran məhz enerji sektoru məruz qalıb.

Bu yönümdə Avropa bazarında baş vermiş və baş verən vəziyyət xüsusi diqqət tələb edir. Biz hamımız onun şahidi olduq ki, kifayət qədər qısa müddət ərzində Avropada qaz qiymətləri rekordları qıraraq inanılmaz səviyyələrə yüksəldi. Bu da qitədə yerləşən ölkələrin iqtisadi vəziyyətinə təsir etməyə bilməzdi. İndi qiymətlər nisbətən sabitləşib, lakin buna baxmayaraq onların səviyyəsi hələ də yüksəkdir.

3900 dollar rəqəmindən sonra, indi belə yüksək qiymətlər şəraitində - 1000 kubmetr üçün 500 dollar civarında, nisbi sabitlikdən danışmaq olar. Necə deyərlər - hər şey müqayisədə bilinir!

Lakin bu nisbi sabitliyin əldə olunması təkcə qaz istehlak edən ölkələrin istək və israrlı səylərinin nəticəsi deyil, həm də tədarükçülərin və tranzit ölkələrin bu istəkləri qarşılamağa hazır olmasının yekunudur. Nəticədə, biz indi “mavi yanacağın” tədarükü üçün yeni marşrutların, qaz istehlakçılarını əhatə edən yeni şəbəkələrin formalaşmasının və Türkiyənin simasında Avropa qitəsində yeni qaz qovşağının yaranmasının şahidi oluruq. Yəni, bütün bunlar, yeni iqtisadi reallıqların, oyun qaydalarının, tamamilə fərqli, restrukturlaşdırılmış qaz bazarının formalaşması deməkdir.

Türkiyənin faktiki olaraq qaz qovşağı funksiyasını yerinə yetirməsindən danışarkən, onu da qeyd edək ki, hazırda Türkiyə Azərbaycan qazının Avropaya nəqlinin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar Türkiyənin ərazisindən onun Yunanıstanla sərhədinə qədər uzanan Trans-Anadolu boru kəmərinin tikintisi və Trans-Adriatik qaz kəmərinin istifadəyə verilməsi sayəsində mümkün olub.

İndi Azərbaycan qazı Türkiyə vasitəsilə Yunanıstana, İtaliyaya və Bolqarıstana nəql olunur. 2021-ci ildə Azərbaycan qazının Avropaya tədarükü 8,2 mlrd. kubmetr, 2022-ci ildə isə 11,4 mlrd. kubmetr təşkil edib. 2023-cü il üçün tədarüklərin təxminən 12 mlrd. kubmetr olacağı proqnozlaşdırılır. Lakin, bu, yuxarı hədd deyil. 2027-ci ilə qədər bu rəqəmin 20 mlrd. kubmetrə çatacağı gözlənilir.

Onu da vurğulamaq lazımdır ki, Türkiyə böyük tranzit imkanlarına malik olan ölkədir. Belə ki, hazırda Türkiyə LNG terminalları və 7 fərqli xətt ilə 15 ölkədən qaz tədarük edə bilən dövlətdir. Ölkə gündəlik 161 mln. kubmetrdən çox maye qazının emalını həyata keçirməyə qadirdir, bu isə illik ifadədə 50 mlrd. kubmetr qaz deməkdir.

Türkiyənin tam hüquqlu qaz qovşağı kimi formalaşması yolunda mühüm hadisə kimi ölkənin 13 illik müqaviləsi çərçivəsində Bolqarıstana ilk təbii qaz tədarükünün həyata keçirilməsini vurğulamaq vacibdir.

Belə ki, yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyənin mayeləşdirilmiş təbi qaz (LNG) terminalları vasitəsilə ildə təxminən 1,5 mlrd. kubmetr qaz tədarük edəcək. Müqavilə çərçivəsində ilk qazın “Marmara Ereğlisi” LNG terminalı ilə tədarükü baş tutdu.

Qeyd olunan razılaşma çərçivəsində tədarüklərin başlanılması təkcə Bolqarıstanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir və verəcək. Türkiyənin infrastrukturundan istifadə etmək istəyən yeni tədarükçülərin cəlb edilməsi isə ölkənin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini daha da artıracaq.

Aİ-nin Rusiya qazını əvəz etməkdə və onu alternativ mənbələrdən, yeni marşrutlar və istiqamətlər üzrə cəlb etməkdə maraqlı olduğu bir şəraitdə Türkiyə şəklində yeni qaz qovşağının yaranması çox vacib və aktualdır.

Gələcəkdə bu, Avropaya özünü qorumaq üçün şərait yaradacaq və qaz bazarında indi baş verən vəziyyət - milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaşların maddi rifahı üçün təhlükəyə çevrilmiş vəziyyəti istisna etməyə imkan verəcək.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR