ABŞ-Çin ticarət müharibəsi: Pekin ilk raundda qələbəyə yaxındır - TƏHLİL

ABŞ-Çin ticarət müharibəsi: Pekin ilk raundda qələbəyə yaxındır - <span style="color: red;">TƏHLİL
# 16 aprel 2018 08:40 (UTC +04:00)

Vahab

Son bir həftə ərzində Çinlə bağlı vacib və əhəmiyyətli xəbərlərin ardı-arası kəsilmir. Xəbərlər tək Çinlə ABŞ arasında ticarət müharibəsinə aid deyil, Çin həmin dövrə dair (təsadüfən və ya bilərəkdən) maliyyə bazarında irimiqyaslı liberallaşma üzrə planlarını elan edib və artıq onları reallaşdırmağa başlayıb.

Beləliklə, məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Çin mallarına idxal rüsumları tətbiq etməyi planlaşdırır. Artıq bəzi mallar üzrə idxal rüsumları tətbiq edilib. Söhbət birbaşa Çin mallarından getməsə də, bu proses Çin mallarına birbaşa və ya dolayı yolla "toxunur". Hazırda məsələ o yerə çatıb ki, proteksionizm siyasətini az qala milli siyasət səviyyəsinə qaldıran Donald Tramp öz administrasiyasına Çin mallarından əlavə 100 mlrd. dollar yığım mexanizmi işlənib hazırlanmasını tapşırıb. ABŞ-ın Çinə qarşı ticarət müharibəsinə başlamaq imkanı çox realdır - bu planlar yalnız vaxt məsələsidir. Çindən cavab dərhal gəlib. "Əgər ABŞ vəziyyətin gərginləşməsi üzrə addımlar atsa, Çin çox fikirləşmədən cavab verəcək" - kimi bəyanatlar səslənir. Məsələn, Çin bəyan edib ki, ABŞ-ın addımlarına cavab kimi yuanın devalvasiya edilməsi məsələsi baxılır. “Bloomberg”in yaydığı məlumata görə, hazırda Çin rəhbərliyi devalvasiya ilə bağlı iki ssenarini araşdırır. Bir tərəfdən bu, ABŞ-la danışıqlarda yalnız alət, arqument kimi istifadə edilə bilər. Məsələnin ikinci hissəsi ixracın azalmasının təsirini tarazlaşdırmaq üçün Çinin devalvasiyaya əl atmasının nəticəsini araşdırmaqdan ibarətdir.

Hələlik hər hansı konkret qərar qəbul edilməyib, xüsusən də konkret rəqəm və ya müddətlə bağlı məlumat yoxdur. Lakin aydındır ki, Çin mesaj göndərir - ABŞ proteksionizm siyasətini davam etdirərsə, ona lazımi cavab veriləcək. Eyni zamanda baxmayaraq ki, yuanın məzənnəsi 2015-ci ilin avqust ayından ən yüksək səviyyəsinə çatıb, devalvasiya Çinə sərf etmir. Bunun əsas səbəbi ondan ibarətdir ki, məhz valyutanın möhkəmliyi Çində son zamanlar müşahidə olunan makroiqtisadi sabitliyinə nail olmağa imkan yaradıb. Əgər indiki halda yuan devalvasiya edilsə, bu, makroiqtisadi sabitliyinə təhlükə yaradacaq. Devalvasiya ABŞ-la ticarət məsələləri ilə bağlı danışıqlarda əl atılacaq son arqument ola bilər. Xatırladaq ki, sonuncu dəfə yuanin devalvasiyası 2015-ci ildə keçirilib və bu addım o zaman baş vermiş fond bazarında və ardınca bütün maliyyə bazarında çaxnaşmadan sonra və çaxnaşma ilə mübarizə mexanizmi kimi istifadə edilib. İndi vəziyyət tam başqadır və indi yuanın devalvasiyası sərfəli deyil.

Təsadüfən ya yox, amma məhz ABŞ-la ticarət gərginliyi dövrünə inqilabi hadisələr təsadüf edir. Fikrimizcə, ABŞ-ın addımları sözü gedən planların sürətlənməsində sonuncu rolu oynamayıb. Çin ötən ilin sonunda bəyan edib ki, maliyyə bazarına xarici kapitalın və xarici iştirakçılarının çıxışını asanlaşdırmaq niyyətindədir. Məsələ əlbəttə ki, işlənib hazırlanırdı, lakin məhz indi olan planların sürətləndirilməsi və bununla bağlı yüksək səviyyəli bəyanatlar səsləndirilir. Si Tzinpin bəyan edib ki, Çin bu il ərzində maliyyə bazarının açılması istiqamətində səylərini artıracaq. Söhbət bank və sığorta bazarlarında, həmçinin broker və diler fəaliyyəti sahəsində xarici mülkiyyəti üzrə limit və məhdudiyyətlərin aradan qaldırılması və ya əhəmiyyətli dərəcədə yumşaldılmasından gedir.

Tzinpin əlavə edib ki, ölkəsi sığorta bazarının açılması istiqamətində səylərini aktivləşdirəcək və həmçinin xarici maliyyə təşkilatları üçün əməliyyatların aparılması və fəaliyyət sahələrinin genişləndirilməsi üzrə addımlarını davam etdirəcək. Tzinpin həmin işləri, yəni həcmi 40 trln. dollar olan milli maliyyə sektoruna xarici iştirakçılarının çıxışın asanlaşdırılmasını prioritet adlandırıb. Pekin hətta ABŞ tərəfindən Çin mallarına rüsumların qoyulması planlarına baxmayaraq, bu addımı atmaq fikrindədir. Və ya məhz bu planlarına müəyyən mənada cavab kimi? Çin rəhbərliyinin bu planları və işləri dünyanın iri maliyyə qurumları tərəfindən son dərəcədə müsbət və nikbin qarşılanıb. Onların bəziləri Çin bazarında fəaliyyətə başlamaq, fəaliyyəti genişləndirmək və ya şaxələndirmək üzrə planlarını açıb və maliyyə bazarının bu və ya digər seqmentinə maliyyə qoyuluşlarını etməyə və əməliyyatlar aparmağa hazır olduğunu bəyan edib.

Çin Xalq Bankının rəhbəri Yi Qan bəyan edib ki, mayın 1-dən Şanxay fond birjası və Honkonq fond birjası platformalarında dövriyyə dörd dəfə artaraq 52 mlrd. yuan (8,3 mlrd. dollar) səviyyəsinə çatdırılacaq. Sonra, iyunun 30-na kimi maliyyə bazarının açılmasının növbəti mərhələsi, o cümlədən xarici sığortaçılar üçün və qiymətli kağızlar sahəsində fəaliyyət göstərən şirkətlərdə xarici mülkiyyətçi və investorların paylarına sahib olunmasına məhdudiyyətlərin aradan qaldırılması prosesi başlayacaq. Bundan əlavə Çinin müvafiq tənzimlənmə orqanları tərəfindən səhmlər üzrə indekslərə fyuçerslərin ticarəti üzrə mövcud saxlayıcı faktorları aradan qaldırmağa dair təkliflər paketi hazırlanıb. Həmin məhdudiyyətlər və limitlər 2015-ci ildə bazarda baş vermiş uçurumdan sonra tətbiq edilib. O zaman tənzimləyici orqanlar maliyyə bazarında böhranda məhz törəmə qiymətli kağızları "günahlandırırdı", indi isə həmin alətlər üzrə məhdudiyyətlərin aradan qaldırılmasına yuxarıda qeyd olunan prosesin tərkib hissəsi kimi baxılır. Konkret olaraq, təmin edilməmiş hesablarla olan institusional investorlar gündə indiki kimi 20 deyil, 100 fyuçers üzrə kontraktları aça biləcək. Fyuçerslər üzrə ticarət rejimin asanlaşdırılması üzrə bu və digər təkliflər Çin Qiymətli Kağızların Tənzimlənməsi üzrə Komissiyası tərəfindən təsdiq edilməlidir, amma bunun ediləcəyinə şübhələr yoxdur. 2015-ci ilədək Çinin səhmlər üzrə indeksləri fyuçerslər bazarı dünyada ən fəal olub, Çin bu vəziyyəti bərpa etmək niyyətindədir.

Mütəxəssislər Çinin bu addımlarını nə az, nə çox tarixi adlandırırlar. Həmçinin onların fikrincə (və bu fikirlə razılaşmamaq çətindir) Çin tək liberallaşmasını elan etməyib, bu istiqamətdə işlərini aktivləşdirmək istəyir və aktivləşdirəcək. ABŞ-la ticarət gərginliyi fonunda bütün bu plan və addımlar Çinin mövqelərini və dünya miqyasında çəki və avtoritetini yalnız gücləndirir. Məsələn, planların reallaşdırılmasından sonra artıq bu il Şanxayla London arasında qiymətli kağızlar üzrə nəhəng ticarət kanallarının açılması nəzərdə tutulur.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR