ASC-nin MMC-yə çevrilməsinin leyinə və əleyhinə olan səhmdarlar: qanun kimin tərəfindədir? - TƏHLİL

ASC-nin MMC-yə çevrilməsinin leyinə və əleyhinə olan səhmdarlar: qanun kimin tərəfindədir? - <span style="color: red;">TƏHLİL
# 22 iyun 2015 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Mingəçevir Təmir-Tikinti" ASC 188 səhmdarından 25 nəfərin (səsli səhm sahiblərinin 79,47%-nin) iştirak etdiyi növbədənkənar ümumi yığıncağında cəmiyyətin yenidən təşkil edilərək MMC-yə çevrilməsi, cəmiyyətin səhmdarlarının öz paylarına müvafiq olaraq həmin MMC-yə payçı kimi qəbul edilmələri və bununla bağlı cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılması barədə qərar qəbul edib.


"APA-Economics"in xəbərinə görə, cəmiyyətin bir neçə səhmdarının sözügedən qərarın etibarsız hesab edilməsi tələbinə dair mülki iddianın araşdırılması zamanı Şəki Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 107-2.1 və 107-5.1-ci maddələrinin mülkiyyət hüququnu tənzimləyən konstitusion normalara zidd olduğu qənaətinə gəlib.

Şəki Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək Mülki Məcəllənin 107-2.1 və 107-5.1-ci maddələrinin Konstitusiyasının 13 və 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi (Mülkiyyət hüququ) baxımından şərh olunmasını xahiş edib, öz növbəsində Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin həmin maddələrinin şərh olunmasına dair 16 dekabr 2011-ci il tarixli qərar qəbul edib.

Mülki Məcəllənin qeyd olunan müddəalarının məzmunu

107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin 60%-nin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

107-5.1. Səhmdarların ümumi yığıncağının qərarı “1 səsli səhm - bir səsdir” müddəası nəzərə alınmaqla ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar isə səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların 2/3 səs çoxluğu ilə qəbul edilir.

Konstitusiya Məhkəməsinin gəldiyi nəticələr

- Səhm və MMC-də pay hüququ eyni məzmun kəsb edir: hər ikisi təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında pay hüququ olmaqla sahibinə cəmiyyətdə eyni hüquqlar (gəlir götürmək, idarəetmədə iştirak etmək hüququ) verir. Yalnız azlığın payının əlindən alınması və ya onun dəyərinin azaldılması və s. bu kimi hallar ilə bağlı qərarların qəbul olunması müvafiq səhmdarların mülkiyyət hüququnun pozulmasına səbəb olar.

- Səhmdarların cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi və ya cəmiyyətin yenidən təşkili ilə bağlı qərarların qəbul olunmasında iştirak etməməsi və yaxud bu qərarların əleyhinə səs verməsi onların mülkiyyət hüquqlarını pozmur.

- Yalnız yenidən təşkil olunan təşkilatın kreditorlarının tələblərinin ödənilməsinin təminatı real təhlükə altına düşərsə, (məsələn, yeni təsis olunan təşkilatın nizamnamə kapitalı əvvəlki təşkilatın nizamnamə kapitalından kəskin surətdə az olarsa) kreditorların yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları yarana bilər.

Konstitusiya Məhkəməsinin praktiki göstərişləri

1. Səhmdar cəmiyyətinin MMC-yə çevrilməsindən əvvəl səhmdarların ümumi yığıncağında çevrilmə haqqında qərar qəbul olunur. Çevrilmə haqqında qərar verərkən səhmdarlar eyni zamanda səhmdar cəmiyyətinin ləğvi haqqında qərar vermiş olurlar.

2. Bundan sonrakı mərhələlərdə həyata keçirilən hərəkətlər və qəbul olunan qərarlar yenidən təşkil olunan cəmiyyətlə bağlı olur.

3. MMC-nin təsis yığıncağı keçirilir, təsis müqaviləsi bağlanır və cəmiyyətin yaradılması haqqında qərar qəbul edilir, nizamnamə kapitalı ödənilir və nizamnamə hazırlanır. MMC-nin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

4. Təsis edilən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsini bütün iştirakçılar təsdiqləməlidir.

5. Yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdar öz ləğvetmə payının verilməsini tələb edə bilər.

6. MMC-nin iştirakçılarının sayı 50-dən çox olmamalıdır.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR