Avropaya qanuni yolla köçmək imkanları asanlaşır, ya çətinləşir? - TƏHLİL

Avropaya qanuni yolla köçmək imkanları asanlaşır, ya çətinləşir? - <span style="color: red;">TƏHLİL
# 10 aprel 2018 12:02 (UTC +04:00)

2015-ci ildə Avropada miqrasiya böhranı yaşanandan sonra qitənin siyasi rəhbərliyi tərəfindən müxtəlif korreksiya qərarları qəbul edilib. Bu qərarlar həm böhranın qarşısını almağa, həm də qaçqınlar rejiminin təkmilləşdirilməsinə hesablanmışdı. Daha dəqiq, qərarlar daha çox böhranın qarşısının alınmasına yönəldilib, rejim üzrə isə daha çox bəyanatlar səsləndirilirdi. İndi böhran pis-yaxşı sakitləşdirilib və vaxt preventiv qərarların qəbul edilməsinə çatıb.

İSLAHATLAR "MÜSBƏT" İŞARƏSİ ALTINDA

Beləliklə, Avropa Komissiyası bəyan edib ki, vahid viza rejiminə dair islahatlar üzrə təkliflər hazırlayıb və qəbulunu tövsiyə edir. Viza rejimi üzrə yeni qaydalar təhlükəsizliyin təmin edilməsi, miqrasiya ilə bağlı olan problemlərin həlli və texnoloji həllərin yeni imkanların tətbiqinə yönəldilir.

Hələlik bu təkliflər ümumi xarakter daşıyır, konkret dəyişikliklər bu ilin yazından təqdim ediləcək. Hələlik məlumdur ki, Avropa İttifaqının Viza Kodeksinə gözlənilən dəyişikliklər bir tərəfdən qeyri-leqal miqrasiyasının qarşısının alınmasına, digər tərəfdən isə qanuni əsaslarda Aİ ərazisinə gəlmək istəyən insanlar üçün viza rejiminin sadələşdirilməsinə istiqamətlənəcək. Dəyişikliklər turizmin inkişafına, işgüzar və ticarət əlaqələrin möhkəmləndirməsinə, eyni zamanda təhlükəsizlik məsələlərinin və tənzimlənməyən miqrasiya probleminin həllinə xidmət edəcək. Beləliklə, bəzi digər texniki dəyişikliklərlə yanaşı bir sıra prinsipial yeniliklər gözlənilir ki, bunların da sırasında viza üzrə müraciəti planlaşdırılan səfərdən hətta 6 ay əvvəl təqdim etmək imkanı, viza müraciətlərinə cavab verilmə müddətini 10 günə qədər azaltmaq, müraciətlərin elektron yolla təqdim edilməsi və imzalanması, bütün üzv ölkələr arasında eyniləşdirilmiş qaydaların tətbiqi və nəhayət çoxsaylı girişə icazə verən multivizaların daha uzun müddətə verilməsi daxildir.

Bu təkliflər Avropa İttifaqının Viza Kodeksinin təkmilləşdirilməsi istiqamətində ilk addımdır və bu ilin yazında onların qəbulu və Aİ-nin Viza Məlumat Sisteminə daxil edilməsi nəzərdə tutulur. Ümumilikdə bildirilir ki, ötən ilin dekabrında qəbul edilmiş miqrasiya üzrə Yol Xəritəsinin icrası istiqamətində mühüm nailiyyətlər əldə edilib ki, onlar bu ilin iyununda Geniş Miqrasiya Sazişinin imzalanması ehtimalını artırır.

Avropa Komissiyasının bəyanatında həmçinin deyilir ki, 2017-ci ildə qeyri-leqal İttifaqın xarici sərhədlərdən keçmə faktları 205 min təşkil edib ki, bu da miqrasiya böhranından əvvəlki 2014-cü illə müqayisədə 28% azdır. Eyni zamanda Aİ-nin xarici sərhədlərinə miqrasiya baxımından təzyiqin qaldığı vurğulanır və bildirilir ki, Avropa Komissiyası və Avropanın digər institutları tərəfindən preventiv tədbirlər həyata keçirilir. Bu sahədə ilk növbədə Afrikanın müxtəlif təşkilatları ilə məqsədli fondlar yaradılır və bu fondların xətti ilə həyat üçün təhlükəli olan regionlardan köçürmə, dəstək və xilasetmə proqramları həyata keçirilir.

Bundan əlavə, bildirilir ki, 2016-cı ilin fevralından bu günə kimi Aralıq dənizində qeyri-leqal miqrasiya əməliyyatları zamanı 285 min insan ölümdən xilas edilib. Hətta 2017-ci ildə səhrada 2 mindən artıq qaçqın insan alverçiləri tərəfindən tərk edildikdən sonra xilas edilib. Avropanın ərazisində isə köçürmə proqramları uğurla icra olunur və 34 mindən artıq insan üzv ölkələr arasında köçürmə proqramı və sazişlər əsasında yenidən məskunlaşdırılıb. Yeni proqram əsasında daha 50 min insanın yenidən köçürülməsi nəzərdə tutulur.

Görüləcək tədbirlər miqrasiya böhranı ilə mübarizənin tərkib hissəsidir və artıq müəyyən müddət ərzində həyata keçirilir. Buna görə də hesab edirik ki, Avropa Komissiyasının bəyanatında diqqətçəkən məqam məhz leqal əsaslarında Avropaya gəlmək istəyənlər üçün viza rejimin sadələşdirilməsi planlarıdır. Bu planlar miqrasiya böhranından sonra Avropa tərəfindən "qapıların tam bağlanması" siyasətinə keçməsi ehtimallarına və mübahisələrinə faktiki olaraq son qoyur. Yaranmış vəziyyəti və Avropa Komissiyasının mövqeyini "böhran bir yana, amma qanuni əsaslarında gəlmək istəyənlərə niyə maneələr törədilsin" ifadəsi ilə təqdim etmək olar. Həmçinin qeyd etmək lazımdır ki, bu mövqeni tək Avropa İttifaqının siyasi rəhbərliyi deyil, həm də bütün üzv ölkələr də bölüşür.

AVROPA İTTİFAQI VƏ TÜRKİYƏ

Sirr deyil ki, Avropadakı miqrasiya böhranının qarşısının alınmasında ən mühüm rolu Türkiyə oynayır. Düz iki il əvvəl, yəni 2016-cı ilin martın 20-də Türkiyə ilə Aİ arasında miqrasiya sahəsində saziş qüvvəyə minib ki, bu saziş çərçivəsində Türkiyə Şərqi Asiya və Yaxın Şərqdən qaçqınlarını öz ərazisində saxlayır və faktiki olaraq Avropa üçün bufer rolunu oynayır. Son vaxtlar ərzində Aİ və Türkiyə arasında bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, AK-nın indiki bəyanatında Türkiyənin rolu vurğulanır, sazişin uğurla icra edildiyi bildirilir. O cümlədən qeyd edilir ki, bu istiqamətdən qeyri-leqal sərhəd keçmə faktlarının sayı sazişdən əvvəlki dövrlə müqayisədə nə az, nə çox, düz 97% (!) azalıb. Yəni Türkiyə "sıx bufer" rolunu uğurla icra edir və bu istiqamətdən miqrasiya təhlükəsi, demək olar ki, tam aradan qaldırılıb. Avropa Komissiyasının qərarı ilə Türkiyəyə 3 mlrd. avro həcmində ikinci tranşın ayrılması üçün hüquqi əsaslar yaradılıb. Xatırladaq ki, 3 mlrd. avro həcmində birinci tranş 2016-cı ildə ayrılıb. Ayrılan vəsaitlər Türkiyə ərazisində qaçqınların dəstəklənməsi və saxlanması üzrə proqramların həyata keçirilməsi üçün nəzərdə tutulur. Nəhayət, Avropa Komissiyası rəsmi olaraq bəyan edir ki, Türkiyə ilə sazişin icrası davam etdirilməlidir.

Yekunda iki əsas məqamı bildirmək lazımdır:

Birincisi, miqrasiya böhranı ilə mübarizə uğurla aparılır və bu, əsasən qaçqın mənbəyi olan regionlarda humanitar proqramların icrası, Türkiyədə bufer ərazinin yaradılması və Avropanın özündə yenidən köçürmə proqramlarının reallaşdırılması kimi üç istiqamətdə tətbiqi hesabına baş verir.

İkincisi, miqrasiya böhranına baxmayaraq Avropa sərhədlərini bağlamaq niyyətində deyil, əksinə qanuni əsasda gələnlər üçün daha liberal viza rejimi qəbul etməyə hazırlaşır.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR