Azərbaycan əmanətçiləri daha çox hansı valyutaya etibar edir? - TƏHLİL

Azərbaycan əmanətçiləri daha çox hansı valyutaya etibar edir? - <span style="color: red;">TƏHLİL
# 12 may 2015 09:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin aprelin 1-ə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 18 519,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 5 211 min manat və ya 39,16% çoxdur.

Bununla yanaşı, fevral ilə müqayisədə martda depozitlərin həcmi 37,4 mln. manat və ya 0,2% artıb.

Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 5 mlrd. 546,8 mln. manatla, 12 mlrd. 972,3 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 30%-i manatla, 70%-i isə xarici valyutada yatırılıb.

2014-cü ilin yanvar-mart aylarında banklar 6 mlrd. 596,3 mln. manatla, 6 mlrd. 711,8 mln. isə xarici valyuta ilə depozit qəbul edib. Başqa sözlə, depozitlərin 49,6%-i manatla, 50,4%-i isə xarici valyutada yatırılıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında manatla yerləşdirilən depozitlərin həcmi 16,5%, fevral ilə müqayisədə martda 9,36% azalıb. Ümumiyyətlə, bu ilin yanvar-mart aylarını ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə məlum olur ki, depozitlərin xarici valyutada yerləşdirilməsinə maraq artıb. Belə ki, son 1 ildə manatla yerləşdirilən depozitlər 19,6% azalıb, əvəzində xarici valyutada saxlanılan depozitlər 19,6% artıb.

Manatla olan əmanətlər azalmaqda davam edir

Bu ilin mart ayında əhalinin əmanətləri 7 781,6 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin mart ayı ilə müqayisədə 1 125,3 mln. manat və ya 16,91% çoxdur. Ümumiyyətlə, fevral ayı ilə müqayisədə martda əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 151,1 mln. manatlıq və ya 1,9% azalma qeydə alınıb.

Mart ayında əhalinin banklardakı əmanətlərinin 2 697 milyonu manatla, 5 084,6 milyonu isə xarici valyutada yerləşdirilib. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 1 380,1 mln. manat və ya 33,85% azalıb. Əvəzində xarici valyutada olan əmanətlərdə 1 il ərzində 2 505,3 mln. manat və ya 97,13%-lik artım var.

Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, milli valyutada olan əmanətlərin azalması hesabına yanvarda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 60,05%, fevralda 37,66%, martda 34,66%-ə düşüb. Halbuki, ötən ilin dekabr ayında bu göstərici 61,5% olub. Ümumiyyətlə, dekabr ayından etibarən əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi davamlı azalmağa başlayıb.

Yanvarla müqayisədə fevralda manatla yatırılan əmanətlərin həcminin 1,4 dəfə və fevral ilə müqayisədə martda bu göstərici üzrə 1,6 dəfə azalma məhz manatın 33,5%-lik devalvasiyası ilə izah olunmalıdır. Çünki, manatın dəyərdən düşmə ehtimalından ehtiyatlanan əhali əmanətlərini manatla yatırmaqdan çəkinib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR