Azərbaycanda əsas kapitala investisiyalar 30% azalıb - TƏHLİL

Azərbaycanda əsas kapitala investisiyalar 30% azalıb - <span style="color: red;">TƏHLİL
# 14 iyul 2016 10:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 mlrd. 769,6 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitin 5 mlrd. 653,8 mln. manatı və ya 83,5%-i məhsul istehsalı obyektlərinin, 836,9 mln. manatı (12,4%-i) xidmət sahələri üzrə obyektlərin, 278,9 mln. manatı (4,1%-i) isə ümumi sahəsi 767,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 25,2%-i dövlət, 74,8%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 68,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 37,1%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 5 mlrd. 135,7 mln. manat, bank kreditləri 616 mln. manat, büdcə vəsaitləri 730,6 mln. manat, büdcədənkənar fondların vəsaitləri 64,3 mln. manat, əhalinin şəxsi vəsaitləri 219,4 mln. manat, sair vəsaitlər 3,6 mln. manat təşkil edib.

"APA-Economics" tərəfindən aparılan təhlil göstərir ki, yanvar-iyun aylarında əsas kapitala yönəldilən vəsaitin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 30,4% azalıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə yatırılan vəsaitin həcmi illik müqayisədə 51,5% azalaraq 87,5 mln. manat olub. Sənayeyə yatırılan vəsaitin həcmi 13,4% artaraq 4 mlrd. 766,6 mln. manat təşkil edib. Burada artımın səbəbi mədənçıxarma (4,4 mlrd. manat, 19,3% artım), emal (215,4 mln. manat, 16,8% artım), elektrik enerjisi, qaz və buxar istehsalı (84,9 mln. manat, 27% artım) sahələrinə yatırılan vəsaitlərin həcminin artmasıdır. Düzdür, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə cəmi 37,7 mln. manat vəsait yatırılıb ki, bu da illik müqayisədə 84,5%-lik azalmadan xəbər verir.

Tikinti sahəsinə yatırımlar artsa da, yaşayış evlərinin tikintisinə yönəldilən vəsaitin həcmində ciddi azalma müşahidə olunur. Hesabat dövründə tikintiyə 1 mlrd. 78,5 mln. manat yatırılıb ki, bu da 7,7% artım deməkdir. Buna baxmayaraq, yaşayış evlərinin tikintisinə yatırılan vəsaitin həcmi 45,8% azalaraq 278,6 mln. manata enib.

Maliyyə və sığorta fəaliyyəti sahəsi isə az qala unudulub. Statistika bunu deməyə əsas verir. Bu sahəyə bu ilin I yarısında cəmi 600 min manat yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 77,1% azalma deməkdir. Rabitə sahəsinə yanvar-iyun aylarına yatırılan vəsaitin həcmi 72,2% azalaraq 42,2 mln. manata düşüb.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR