Manatın devalvasiyası kredit və depozitlər üzrə orta faiz dərəcələrinə necə təsir edib? - TƏHLİL

Manatın devalvasiyası kredit və depozitlər üzrə orta faiz dərəcələrinə necə təsir edib? - <span style="color: red;">TƏHLİL
# 09 iyun 2015 08:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin aprel ayının 1-nə Azərbaycanda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 8,99%, xarici valyuta ilə 8,75% təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir ki, fevral ayı ilə müqayisədə martda depozit və əmanətlər üzrə orta faiz dərəcəsində artım müşahidə olunub. Belə ki, bu ilin martın 1-nə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 8,95%, xarici valyuta ilə 8,73% olub.

Ümumiyyətlə, ilin əvvəlindən depozit və əmanətlər üzrə orta faiz dərəcəsində yüksəlmə qeydə alınıb. Başqa sözlə, yanvarda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 8,82%, xarici valyuta ilə 8,93% təşkil edib. Bu ilin üç ayının göstəricilərinə nəzər salanda məlum olur ki, manatla faiz dərəcəsi hər ay artıb. Bundan fərqli olaraq, xarici valyuta ilə depozit və əmanətlərin orta faiz dərəcəsində yanvarla müqayisədə fevralda azalma baş verib, martda bu göstərici yenidən artmağa başlayıb. Məsələn, xarici valyuta ilə depozit və əmanətlərin orta faiz dərəcəsi yanvarda 8,93%, fevralda 8,73%, martda 8,75% olub. Bu da şübhəsiz ki, fevralın 21-də manatın 33,5%-lik devalvasiyası ilə izah olunmalıdır. Cünki, devalvasiya baş verənə qədər banklar milli valyutaya nəzərən dollar ilə daha yüksək faizlə depozit və əmanət qəbul edib. Devalvasiya baş verəndən sonra isə əks proses başlayıb. Yəni, banklar milli valyutada olan depozit və əmanətlər üzrə daha yüksək faiz təklif edib (bax: Cədvəl-1).

Cədvəl-1

Üç aylıq göstəriciləri təhlil edəndə məlum olur ki, maliyyə təşkilatları hüquqi şəxslərlə müqayisədə fiziki şəxslərdən daha yüksək faizlə depozit və əmanət qəbul edib. Belə ki, təkcə mart ayında hüquqi şəxslərdən cəlb olunan depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 5,85%, xarici valyuta ilə 4,31% təşkil edibsə, bu dövrdə maliyyə təşkilatlarının fiziki şəxslərdən qəbul etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 9,71%, xarici valyuta ilə 9,62% olub.

Bundan başqa, diqqət çəkən məqamlardan biri də maliyyə müəssisələrinin uzunmüddətli depozit və əmanətlərə görə daha yüksək faiz təklif etməsi ilə bağlıdır. Məsələ ondadır ki, 1 aya qədər depozit və əmanətlər üzrə orta faiz dərəcəsi manatla 8,10%, xarici valyuta ilə 5,90%, 12 aya qədər müvafiq olaraq 9,43% və 8,39% olubsa, 5 ildən artıq depozit və əmanətlərə görə orta faiz dərəcəsi manatla 12,31%, xarici valyuta ilə 9,75%-dir (bax: Cədvəl-2).

Cədvəl-2

Hesabat dövründə kreditlərin orta faiz dərəcəsinə gəlincə, bu ilin 3 ayında verilmiş kreditlərin orta faiz dərəcəsi manatla 14,02%, xarici valyuta ilə 12,90% olub. Aylar üzrə göstəricilərə nəzər salanda aydın olur ki, ilin əvvəli ilə müqayisədə martda manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,31% artıb, xarici valyuta ilə isə əksinə 1,38% azalıb. Belə ki, yanvarda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla, 13,71%, fevralda 14,15%, martda isə 14,02% təşkil edib. İlin ilk ayında xarici valyuta ilə verilən kreditin orta faiz dərəcəsi 14,28%, fevralda 13,08%, martda isə 12,90% olub (Bax: Cədvəl-3).

Cədvəl-3

Xarici valyutaya nəzərən manatla verilən kreditlərin faiz dərəcəsinin daha yüksək olması birbaşa əhalinin manatla olan kreditlərə üstünlük verməsi ilə bağlıdır. Belə ki, xarici valyutanın milli valyutaya nisbətən möhkəmlənəcəyindən ehtiyatlanan müştərilər öhdəliklərini artacağından qorxur və buna görə də manatla olan kreditə maraq göstərir. Tələbin yüksək olması isə manatda olan faiz dərəcəsinin artmasına səbəb olub.

Maliyyə təşkilatları hüquqi şəxslərlə müqayisədə fiziki şəxslərdən depozit və əmanətləri daha yüksək faizlə qəbul etdiyi kimi onlara krediti də daha yüksək faizlə verir. Məsələn, mart ayı üzrə hüquqi şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsi manatla 9,75%, xarici valyuta ilə 8,84% olubsa, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi manatla 18,39%, xarici valyuta ilə 21,42% təşkil edib. Başqa sözlə, fiziki şəxslərdən cəlb olunan depozit və əmanətlərin orta faiz dərəcəsi hüquqi şəxslər üzrə göstəricidən manatla 1,7, xarici valyuta ilə 2,2 dəfə çox olduğu kimi, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi də hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcəsindən manatla 1,9, xarici valyuta ilə 2,4 dəfə yüksəkdir (Bax: Cədvəl-4).

Cədvəl-4

Kreditlərin müddəti artdıqca orta faiz dərəcəsi də azalır. Belə ki, 1 aya qədər verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 15,11%, xarici valyuta ilə 13,86%, 12 aya qədər müvafiq olaraq 18,06% və 10,54% olubsa, 5 ildən artıq kreditlərə görə orta faiz dərəcəsi manatla 8,76%, xarici valyuta ilə 10,87%-dir (Bax:Cədvəl-5).

Cədvəl-5

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR