Dollar FED-in yeni rəhbərinin dönəmində bahalaşacaq - TƏHLİL

Dollar FED-in yeni rəhbərinin dönəmində bahalaşacaq - <span style="color: red;">TƏHLİL
# 03 noyabr 2017 12:34 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp ötən gün Cerom Paeulli Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri postuna namizədliyini irəli sürüb. Beləliklə, ənənəyə zidd olaraq FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyəti müddəti (2018-ci ilin fevral ayında bitir) uzadılmadı. Düzdür, D. Tramp xanım Yellen tərəfindən yürüdülən ehtiyatlı monetar siyasətin davam etdiriləcəyinə işarə edib.


Maliyyə bazarları hesab edirdi ki, Pauellin təyinatı dolların məzənnəsinə təzyiq göstərəcək. Belə ki, FED-in gələcək rəhbəri uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıdır. Başqa sözlə, cənab Pauell aqressiv monetar siyasətdən uzaqdır. Maraq üçün qeyd edək ki, hələ ABŞ prezidenti qərarını açıqlamadan öncə Pauellin mümkün təyinatı barədə hər dəfə xəbərlər yayılan kimi, investorlar dollardan canını qurtarmağa çalışırdı. İnvestorlar hesab edir ki, Pauellin təyinatı dolların möhkəmlənməsi üçün müsbət zəmin yaradır.

"Millennium Global" investisiya şirkətinin rəsmisi Riçard Benson "Reuters" agentliyinə açıqlamasında bildirib ki, Pauellin dönəmində dollar bahalaşacaq, çünki ABŞ-da iqtisadi artım müsbət dinamika nümayiş etdirir.

Maraqlı nüanslardan biri odur ki, FED-in rəhbəri postuna namizədlərin mütləq əksəriyyəti aqressiv monetar siyasətin tərəfdarları idi. Beləliklə, Trampın məhz Pauelli seçməsi növbəti dəfə onu göstərir ki, FED ehtiyatlı monetar siyasətini davam etdirəcək. Başqa sözlə, FED bir neçə dəfə uçot dərəcəsini artırdıqdan sonra balansının azaldılmasına hazırlaşacaq.

Uçot dərəcəsinin artırılması dollarda ifadə olunan aktivlərin gəlirliliyinə dəstək verəcək. Beləliklə, bu qəbildən olan aktivlər investorlar üçün daha cəlbedici olur. Bununla yanaşı, balansın həcminin azaldılması da dollar üçün olduqca əlverişlidir. Belə ki, bu, FED tərəfindən istiqraz alışının həcminin azaldılması deməkdir.

Treyderlər iddia edir ki, yuxarıda qeyd edilən hər iki amil 2017-ci il boyu təzyiq altında olan dollara ciddi dəstək verəcək. Unutmayaq ki, dolların təzyiq altında olması səbəbindən Tramp administrasiyası vergi islahatlarının icrasında çətinliklə üzləşdi.

2017-ci ilin əvvəlindən etibarən dollar altı əsas tərəfdaş valyutadan ibarət səbətə qarşı 7,3% ucuzlaşıb. Lakin son 2 ay ərzində ABŞ-ın milli valyutası 1,7% bahalaşa bilib. Bunun əsas səbəbi müsbət dinamika nümayiş etdirən iqtisadi göstəricilər və vergi islahatlarının qəbulunda proqresin olmasıdır. Beləliklə, dollar olan təzyiq azaldı.

Onu da qeyd etmək lazımdır ki, Avropa Mərkəzi Bankı monetar siyasətin normallaşmasına ehtiyatlı yanaşaraq aktivlərin alışı (QE) proqramının müddətini uzatdı ki, bu da avronun məzənnəsinə neqativ təsir etdi, dollara isə dəstək verdi.

Bəzi analitiklər isə hesab edir ki, Yellenlə müqayisədə Pauell daha sərt siyasətin tərəfdarıdır. Bu isə dollara əlavə dəstək verəcək.

Xatırladaq ki, Pauell indiyədək Yellenin rəhbərlik etdiyi İdarəedicilər Şurasının üzvü olub. İnvestorlar hesab edir ki, "Pauellin indiyədək keçirilən iclaslarda Yellenlə birgə səs verməsi o demək deyil ki, o, bundan sonra da analoji mövqedə olacaq". Daha bir xatırlatma: sentyabrda Pauell FED-in balansının azaldılmasına səs verənlərdən biri idi. Fevral ayında isə o qeyd edib ki, aktivlərin alışı proqramı sırf fövqəladə hallar üçün lazımdır.


FED mövcud monetar siyasəti yürütdüyü müddətdə dollar yaxşı nəticələr göstərməyə davam edəcək.

İlkin Əhmədov

APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR