Enerji yoxsulu Moldovanın alternativ çıxış yolu - REPORTAJ

Enerji yoxsulu Moldovanın alternativ çıxış yolu - <span style="color: red;">REPORTAJ
# 30 may 2018 11:07 (UTC +04:00)

Moldova Avropanın kasıb və müxtəlif enerji mənbələrindən asılı kiçik ölkəsidir. Ölkə tamamilə Rusiya qazından asılıdır. İllik cəmi 3 mlrd. kubmetrdən bir qədər çox təbii qaza tələbatı olmasına baxmayaraq bu həcmdə qazı əldə etmək Moldovaya olduqca baha başa gəlir. Bu səbəbdən də aqrar bir ölkə olan Moldova alternativ və bərpa olunan enerjini, xüsusilə də biokütləni özü əldə etməyə üstünlük verir.

“EU4Energy”nin məqsədi nədir?

Bu günlərdə Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən “EU4Energy kommunikasiya layihəsi” çərçivəsində “Şərq tərəfdaşlığı”na üzv olan 6 ölkənin jurnalistləri üçün Moldovaya press-tur təşkil edilib. “EU4Energy Təşəbbüsü” “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada enerji təchizatının, təhlükəsizliyinin və bağlantısının yaxşılaşdırılması, habelə enerji səmərəliyinin və bərpa olunan enerjidən istifadənin təşviqi ilə bağlı Aİ-nin tam dəstəyini üzündə ehtiva edir. “EU4Energy Təşəbbüsü” enerji bazarında islahatların aparılması, milli enerji asılılığının və istehlakının azaldılması məqsədilə həyata keçirilən layihələrə və proqramlara maliyyə dəstəyi göstərməklə, bu məqsəd üçün tədbirlər görür. Bu təşəbbüslər nisbətən uzunmüddətli perspektivdə enerji təchizatını daha etibarlı, şəffaf və səmərəli etməklə həm əhali, həm də özəl sektor üçün enerji “yoxsulluğu”nun aradan qalxmasına və enerjindən istifadə haqqının azalmasına gətirib çıxarır.

“EU4Energy Təşəbbüsü”nə əsasən Aİ bu layihənin əsas tərkib hissəsi olan “EU4Energy Proqramı” vasitəsilə Beynəlxalq Enerji Agentliyi, Enerji Cəmiyyəti və Enerji Xartiyasının katiblikləri ilə əməkdaşlıq edir. “EU4Energy Proqramı” altı tərəfdaş ölkədə enerji ilə bağlı məlumatların və statistik göstəricilərin keyfiyyətinin yaxşılaşdırılması, regionda siyasi qərar qəbuletmə ilə bağlı müzakirələrin formalaşdırılması, qanunvericilik və hüquqi-normativ bazanın gücləndirilməsi, informasiyaya əlçatanlığın təmin olunması məqsədini daşıyır.

Hüquqi-normativ bazanın yenilənməsi, investisiyalara əlçatanlığın təmin olunması, monitorinq və uyğunluğun gücləndirilməsi “Şərq tərəfdaşlığı” ölkələrinə öz enerji siyasətlərini və enerji bazarlarını Aİ ilə daha yaxından əlaqələndirməyə şərait yaradır. Digər ölkələrlə müqayisədə bəzi ölkələr buna nail olmaq üçün bir addım öndə olsalar belə, regionda olan altı ölkənin hər biri daha dayanıqlı enerjiyə keçid prosesindən fayda götürür. Aİ-yə üzv olan dövlətlərə nisbətdə tərəfdaş ölkələrin iqtisadiyyatında enerjidən orta hesabla üç dəfə çox istifadə olunur və bu onu deməyə əsas verir ki, tərəfdaş ölkələrdə inkişaf potensialı mövcuddur.

Regionun enerjiyə münasibətdə mövcud yanaşmanı dəyişməklə “EU4Energy Təşəbbüsü” dayanıqlı iqtisadi inkişafa, iş yerlərinin və investisiya imkanlarının yaradılmasına, habelə iqlim dəyişkənliyi qarşısında daha böyük qüvvə ilə dayanmağa və karbon qazı emissiyasının azalmasına töhfə verir.

Aylıq maaşlarının 40%-ni enerjiyə ödəyən xalq

Press-tur çərçivəsində 6 ölkədən olan jurnalistlər ilk olaraq Avropa İttifaqının Moldovadakı nümayəndəliyinin fəaliyyəti ilə tanış olublar. Avropa İttifaqının Moldovadakı layihə meneceri Aleksandr Darras bildirib ki, orta hesabla 70-90 dollar aylıq təqaüd alan moldovalı təqaüdçü üçün 50 dollar məbləğində elektrik enerjisi xərci də daxil olmaqla kommunal haqq ödəmək çox çətindir. Onun sözlərinə görə, moldovalıların orta əmək haqlarının və maaşlarının 40%-i ancaq elektrik xərclərinə gedir: “Bizim məqsədimiz əhalinin və vətəndaşların elektrik enerjisi xərclərini azaltmaq və onları bir aqrar ölkənin vətəndaşları kimi biokütlədən istifadəyə təşviq etməkdir”.

Qeyd edək ki, Aİ-nin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən icra olunan “Enerji və Biokütlə” layihəsi Moldovada çox rast gəlinən və bərpa olunan enerji mənbəyi kimi biokütlədən istifadəni təşviq edir. Layihə biokütlədən hasil olan enerjidən istifadəni artırmaqla təhlükəsiz, rəqabətədavamlı və dayanıqlı enerji istehsalına və yerli inkişafa töhfə verib. Bununla yanaşı, sözügedən layihə icmaların özlərinə lazım olan enerjini istehsal etməsinə dəstək göstərib və nəticədə yeni biznes imkanları, iş yerləri yaranıb.

Biokütlədən istifadə pulu ölkədə saxlayır

Moldova təbii qaz və neftin 95%-ni Rusiyadan ixrac edir. Bunu press-tur zamanı jurnalistlərə Aİ-nın maliyyə dəstəyi ilə BMT-nin İP tərəfindən icra olunan “Enerji və Biokütlə” layihəsinin Xarici əlaqələr və mətbuatla iş üzrə məsul şəxsi İna Prisăcaru-Zglavuţă bildirib. Onun sözlərinə görə, Moldovada hər il bütün ölkə üzrə 1 740 000 ton biokütlə əldə edilir ki, onu da enerjiyə çevirmək mümkündür: “Belə ki, ölkənin şimalında 49%, mərkəzində 22%, cənubunda isə 29% biokütlə potensialı mövcuddur. Bunun sayəsində isə ölkə hər il 5 768 480 MV/saat enerji hasil etmək mümkündür. Bu isə ölkədə mövcud olan bütün məktəb, uşaq baxçaları və xəstəxanaların qızdırılmasına kifayət edir. Hazırda ölkədə istifadə edilən enerjinin 15 faizi bərpa olunan enerjidən istehsal edilir”.

Onun sözlərinə görə, bu gün 1000-dən artıq ev və fərdi mənzil “yaşıl enerji” vasitəsi ilə qızdırılır: “Onların hər birinə seçdikləri texnologiyadan asılı olaraq Avropa İttifaqı tərəfindən ayrılan subsidiyaların həcmi 1300 və 500 avro təşkil edir. Ümumilikdə isə Avropa İttifaqı vəsaitləri hesabına təqdim edilən subsidiyaların ümumi həcmi 24,2 milyon ley və ya 1,232 milyon avro təşkil edib. Bunun sayəsində hazırda Moldovada 400 min kv/metr ərazi “yaşıl enerji” ilə qızdırılır. Bu gün 194 min insan Moldovada istehsal edilən etibarlı enerjidən istifadə edir”.

“Enerji və Biokütlə” layihəsinin məsul şəxsi jurnalistlərə bildirib ki, biokütlədən əldə edilən enerji valyutanın ölkədə qalmasına səbəb olur: "Bu isə illik 75 mln. Moldova leyinə, yəni 3 817 500 avronun ölkədə qalması deməkdir. Bu vəsait hesabına hər il ölkədə 7 yeni uşaq bağçasının inşa edilməsi üçün kifayət edir. Bundan başqa, biokütlədən istifadə yeni iş yerlərinin açılmasına səbəb olur, eləcə də insanların sağlamlığına və daha sağlam yaşamasına təsir edir. Təcrübə göstərir ki, biokütlədən istifadə edən bağça və məktəblərdə uşaqlar daha sağlam olur və onların dərsə davamiyyəti daha da artır. Bu həm də meşələrin qırılmasının qarşısını alır və ölkənin florasına müsbət təsirini göstərir”.

Moldovasayağı ekoloji təmiz odun - briket

Əvvəldə qeyd olunduğu kimi Moldova aqrar ölkə olduğundan burada biokütlə kənd təsərrüfatı tullantılarından əldə edilir. Misal üçün günəbaxan tumlarının qabıqlarından. Bu ölkədə ildə milyonlarla ton günəbaxan əkilir. Əvvəllər onun tumlarının qabığını atırdılarsa, indi onlardan odun kimi istifadə edirlər. Enerji asılılığı olmayan və enerji qiymətləri digər Avropa ölkələri ilə müqayisədə olduqca ucuz olan azərbaycanlılar üçün nə qədər qəribə səslənsə də, Moldovada məhz günəbaxan tumlarının tullantılarından odun – briket hazırlayırlar. Bu briket bizim anladığımız oduncaq kimi deyil. Belə ki, günəbaxan tumları saman otu ilə preslənib, sıxılır və dəzgahdan artıq oduncuq formasında çıxır. Bu, ekoloji təmiz, tüstüsüz, qoxusuz, sağlamlığa heç bir ziyanı və fəsadı olmayan məhsuldur. Yanandan sonra yerdə qalam külü isə yenidən gübrə kimi kənd təsərrüfatında istifadə edilə bilir.

Press-tur çərçivəsində jurnalistlər Moldovanın Belytsı şəhərində briketlərin istehsal edildiyi ailə biznesinə baxış keçiriblər. Müəssisədən bildiriblər ki, ilin bütün fəsillərində Moldovada bu məhsula tələbat var. İnsanlar puluna qənaət etmək və sağlamlıqlarının qeydinə qalmaq üçün artıq meşə odunu və ya daş kömürü deyil, bu briketlərdən istifadə edirlər. “Enerji və biokütlə” layihəsinin maliyyələşdirdiyi “Ecobricheta” şirkəti illik 25-30 ton briket istehsal edir və artıq bir çox qonşu ölkələrdən – Ukrayna, Rumıniyada da bu layihəyə maraq yaranıb və sifarişlər əldə edilir. Ancaq şirkət yerli tələbatı tam ödəyə bilmir və gələcəkdə müəssisənin istehsal gücünü artırmağı düşünürlər.

Suyu günəş enerjisi ilə qızdırılan məktəblər

Press-tur zamanı jurnalistlər biokütlə ilə qızdırıcı sistemləri olan, suyu günəş enerjisi ilə qızdırılan uşaq bağçalarında da olublar. Jurnalistlər qazanxanaları biokütlə ilə işləyən dövlət müəssisələrində də olublar. Moldovada hətta bəzi orta məktəblərdə bərpa olunan enerji mənbələrindən istifadəni təhsil proqramlarına salıblar və şagirdlərə bərpa olunan enerji mənbələri barədə dərs keçirilir. Şagirdlər jurnalistlərə adi güzgülərdən istifadə etməklə peyk anteni vasitəsi ilə günəş şüalarından aldıqları enerjini nümayiş etdiriblər. Məhz bu enerji ilə onlar məktəblərə gələn isti suyu qızdırırlar və bunun sayəsində daimi olaraq isti su mövcuddur. Həmçinin, jurnalistlər biokütlədən istifadə edilən meriya binasında da olublar. Moldovanın Nisporena şəhərindəki meriya binasında təbii qaz əvəzinə biokütlədən istifadə edir. Bundan başqa, Beltsı şəhərinin Senjerey rayonunun Kişkeren kəndinin icra nümayəndəliyinin binası da biokütlə ilə qızdırılır. Bütün bunlar onu göstərir ki, biokütlə layihəsi Moldovada müvəffəqiyyətlə həyata keçirilir və yerli mətbuatda buna geniş yer verilir. Layihə müddətində əldə olunan təcrübələr artıq biokütlənin təşviqinə başlayan qonşu ölkələr üçün olduqca məqsədəmüvafiq hesab olunur.

Moldova kimi enerjidən asılı və enerjidən “kasıb” ölkələrə səfərdən sonra bir məsələ daha dəqiq aydın olur: Dünya daim ucuz enerji mənbələri axtarır. Bu ölkələr enerjidən qənaətlə istifadə edir və digər dövlətləri də bərpa olunan enerji mənbələrindən – günəş, külək, su kimi bərpa olunan enerji mənbələrindən istifadə etməyə təşviq edir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR