Fyüçerslər üzrə əməliyyatlara limit tətbiq olunacaq - TƏHLİL

Fyüçerslər üzrə əməliyyatlara limit tətbiq olunacaq - <span style="color: red;">TƏHLİL
# 15 noyabr 2017 09:00 (UTC +04:00)

Bütün bu il ərzində Avropa maliyyə bazarlarının müxtəlif seqmentlərində, bütün növ maliyyə qurumları və tənzimləyiciləri arasında 2018-ci ilin yanvarın 3-dən Avropa ittifaqının Maliyyə alətlərinin bazarları haqqında Direktivinin (MIFID II) qüvvəyə minməsinə hazırlıq gedir. Əsasən Avropa qiymətli kağızlar bazarına dair nəzarət İdarəsi tərəfindən tətbiq ediləcək bu direktiv nəhəng tənzimləyici sənəddir və maliyyə bazarlarının, demək olar ki, bütün seqmentlərinə bu və ya başqa cür toxunur. Direktivin bəzi müddəaları əvvəlki (MIFID I - 2007-ci ildən tətbiq edilirdi) sənədin yenilənmiş versiyalarıdır, bəzi müddəalara radikal dəyişikliklər tətbiq edilir, bəzi müddəalar isə inqilabi xarakteri daşıyır. Sonunculara derivativ adlanan törəmə qiymətli kağızları və ilk növbədə əmtəə fyuçers kontraktları üzrə mövqe limitlərinin tətbiq edilməsini aid etmək olar. İnqilabi olmazsa da, yenilik son dərəcədə ciddi nəticələrə gətirib çıxara bilər.

Beləliklə, həmin direktivə əsasən, Avropa Qitələrarası Birjada (ICE Futures Europe) ticarət olunan "Brent crude futures" adlanan neft üzrə fyuçers kontraktları üzrə təqvim ay üçün hər treyder üzrə 133 350 mövqenin açılmasına icazə veriləcək. Neft fyuçerləri üzrə qiymətlərin mahiyyəti barədə çox danışmağa ehtiyac yoxdur, çünki son onilliklər ərzində neftin qiyməti məhz neft fyuçersləri üzrə qiymətlər (kotirovkalarının) əsasında formalaşır. Faktiki olaraq, hazırda neftin qiyməti deyiləndə, onun fiziki qiyməti deyil, neft fyuçerslərin qiymətləri nəzərdə tutulur. İndi dünya miqyasında iki əsas neft fyuçers kontraktları var ki, bunlar yuxarıda qeyd olunmuş Brent crude futures fyuçersləri və West Texas Intermediate Light Sweet Crude Oil futures (WTI crude) fyuçersləridir. Hazırda neft kotirovkaları deyiləndə Brent markalı neft üzrə yanvar fyuçesləri (fiziki neftin yanvarda tədarük edilməsi üzrə fyuçers kontrakları), WTI markalı neft üzrə isə dekabr fyuçerslərinin kotirovkaları nəzərdə tutulur. Ümumilikdə, indiki maliyyə-əmtəə bazarlarında neftin qiymətlərinin formalaşmasına iki əsas amil təsir edir ki, bunlardan biri fiziki neft üzrə təklif-tələbat tarazlığıdır və ikincisi, fyuçers kontraklarının kotirovkalarıdır və vurğulamaq lazımdır ki, ikinci amilin təsiri daha böyükdür. Məsələn, hazırda Nyu-York NYMEX və London ICE birjalarında ticarət olunan neft fyuçerslərinin ümumi dövriyyəsi fiziki neftə olan tələbatı 10 dəfə üstələyir və müvafiq olaraq neft üzrə derivativlərinin qiymətlərin formalaşmasına böyük təsir edir. İl ərzində altı-satqı edilən neft fyuçerslərinin ümumi sayı təxminən 350 mln. kontrakt təşkil edir.

Fyuçers kontraktları, ümumilikdə derivativləri və svop əqdlərin kotirovkaları və ticarətin xüsusiyyətlərinə dərinləşmək fikrimiz yoxdur, çünki bu çox mürəkkəb bir nəzəriyyə və tətbiqi sahəsidir, lakin qısaca bir əsas məqama toxunmaq vacidbir. Belə ki, fyuçers konktraktının kotirovkasının "tərkibində" fyuçers kontraktı üzrə mövqe açan treyderin marjası az rol oynamır. Mövqelər üzrə limitlərin tətbiq edilməsinin əsas məqsədi, mənası, hədəfi neft kotirovkasının formalaşmasında "spekulyativ tərkibin" azaldılmasıdır. Adi sözlə desək, söhbət ondan gedir ki, əgər mövqe limitlərin tətbiqi ilə treyderlərin mövqe açma imkanları məhdudlaşdırılsa, fyuçerslər üzrə spekulyasiyalar azalacaq ki, bu da qiymət/kotirovkanı daha ədalətli edəcək. Dediyimiz kimi, bu sahədə Avropa İttifaqının addımı inqilabi addım deyil, çünki ondan əvvəl, daha dəqiq 2010-cu ildə bu kimi addım ABŞ-da atılmışdı. Burada iqtisadi böhranla mübarizə çərçivəsində maliyyə sistemində risklərin azalmasına istiqamətlənən nəhəng bir Dodd-Frank adlanan qanun qəbul edilmişdir ki, onun tərkibində neft derivativlərə aid fyuçerslər üzrə treyderə mövqe limitlərin məhdudlaşdırılması qəbul edilmişdir. Məqsəd eyni idi, yəni neftin qiymətlərinin formalaşmasında spekulyativ "mükafatın"azaldılması...

Təəssüf ki, bu addımın nə dərəcədə uğurlu olması sualına cavab tapılmayacaq, çünki neftin qiymətinə onlarla amil, o cümlədən siyasi, geosiyasi, təklif-tələbat tarazlığı və sair təsir edir. Buna görə də qanun qəbul ediləndən sonra məsələn WTI neft üzrə fyuçerslərin kotirovkalarının aşağı düşüb-düşmədiyini izləmək mümkün deyil. Sübutedici amil kimi biz bir ehtimalı qəbul edə bilərik - əgər Dodd-Frank qanunu müsbət nəticə verməsəydi, analoji addımın Avropa məkanında atılması mənasız hesab olunar, direktivə salınmazdı. Həmçinin qeyd etmək lazımdır ki, neft yeganə bir əmtəə deyil ki, onun fyuçers kontrakları üzrə mövqe limitləri tətbiq edilir - buraya kakao, şəkər, kofe, aluminium, mis, sink və s. əmtəə və derivativlər üçün baza aktivləri də aiddir.

İdeal vəziyyətdə mövqe limitlərinin tətbiqi fyuçers kotirovkalarında və neftin qiymətində "spekulyativ mükafatın" payını azaltmalı, bu da neftin ucuzlaşmasına gətirib çıxarmalıdır. Əgər treyder məhdudiyyətsiz sayda kontraktı alıb-sata bilməsə, qiymətdə spekulyativ "əlavələr" azalacaq. Miqdar və ya faiz ifadəsində bu azalmanı proqnozlaşdırmaq nəinki çətindir, həm də mənasızdır. Çünki o hər halda 5-7 faizdən çox olmayacaq, dünyada iqtisadi və siyasi vəziyyət isə o dərəcədə qeyri-müəyyəndir ki, 5-7 faizlik qiymət dəyişməsi istənilən dünya miqyaslı hadisə tərəfindən "silinə" bilər. Avropa İttifaqının yeni direktivinin əsas məqsədi maliyyə bazarlarının bütün seqmentlərində, o cümlədən, əmtəə derivativləri seqmentində sabitləşdirilməsinə, tarazlaşdırılmasına və bazarlarda qiymətlərin ədalətli formalaşmasına nail olmaqdır. Bu baxımından mövqe limitlərin tətbiqi də ilk növbədə neftin qiymətinin formalaşmasında spekulyativ amillərin mümkün qədər azaldılmasına xidmət etməlidir. Nəticədə, qiymət hər halda qısa müddətə aşağı düşəcək, sonrakı dinamika isə adi amillərdən asılı olacaq və spekulyativ mükafat şəklində əlavə olunan miqdar daha mövcud olmayacaq.

Faktlara qayıtsaq, demək lazımdır ki, yeni direktivin tələbləri iri treyderərin ən azı xoşuna gəlmir. Artıq bir müddətdir ki, Shell, BP, Glencore, Vitol kimi iri nfet treyderləri Böyük Britaniyanın Maliyyə sektorunun tənzimlənməsi üzrə İdarəsini yola gətirməyə çalışır ki, onların üzərinə sözügedən mövqe limitləri qoyulmasın. Motiv kimi o bildirilir ki, bu şirkətlər neft üzrə derivativlərlə, o cümlədən fyuçerslərlə ticarətdə yalnız risklərdən sığortalanması məqsədi ilə iştirak edirlər və bağlanan heç bir əqd spekulyasiya xarakteri daşımır. Qeyd edək ki, yeni qaydalara əsasən, limitlər o zaman tətbiq edilməyə bilər ki, fyuçerslər üzrə əqdlər və açılmış mövqelər fiziki neft üzrə əqdlərlə təmin edilsin. Birja mütəxəssislərin fikrincə, neft üzrə fyuçers bazarında kimin hansı aləti ilə hansı məqsədi ilə alıb-satdığını müəyyən etmək mümkün deyil, yəni yeni qaydalarda istisna rejimlərin tətbiqinin mümkünlüyü ümumilikdə sual altındadır. Tənzimləyicilər ən azı indi hansısa istisna halların tətbiqindən çox uzaqdır, treyderlər isə bəyan edir ki, Avropa birja məkanını tərk edə bilərlər, amma hər iki tərəf konkret addımlar atmaq üçün qaydaların və yeni limitlərin qüvvəyə minməsini gözləyirlər. O günə isə cəmi 7 həftə qalıb...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR