Gömrük xidmətinin qarşısında duran hədəf və vəzifələr - TƏHLİL

Gömrük xidmətinin qarşısında duran hədəf və vəzifələr - <span style="color: red;">TƏHLİL
# 16 iyul 2018 11:37 (UTC +04:00)

“Deyə bilərəm ki, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir”.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas zamanı prezident İlham Əliyev gömrük və vergi sahəsində aparılan islahatları yüksək qiymətləndirməklə yanaşı, bu sahələrdə islahatların davamlı olacağını bir daha bəyan edib. Dövlət başçısının tapşırığına uyğun olaraq son dövrlərdə gömrük sistemində ciddi şəkildə islahatlar aparılmağa başlayıb. Təbii ki, Dövlət Gömrük komitəsinin fəaliyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi üçün işini daha yaxşı bilən və ümumi fəaliyyətə daha yaxşı töhfə verə biləcək kadrlar önə çəkilməlidir. Məhz bu səbəbdən də Dövlət Gömrük komitəsində bu islahatlar ilk növbədə kadr dəyişikliklərini əhatə edib. Prezident İlham Əliyev də müşavirədə bu islahatları xüsusi vurğulayıb: “Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək”.

DGK büdcə tapşırıqlarına tam əməl edir

Dövlət Gömrük Komitəsi dövlət başçısının qurum qarşısında qoyduğu tələb, tapşırıq və vəzifələrin icrası istiqamətində fəaliyyətini davam etdirir. Bu fəaliyyət isə artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu ilin 6 aylıq yekunları göstərir ki, Dövlət Gömrük Komitəsinin qarşısında qoyulan proqnoz tapşırıqlara tam əməl edilir. Komitə fiskal bir qurum kimi bu ilin 6 ayında dövlət büdcəsinə 1 mlrd. 618 mln. 996,9 min manat vəsaitin köçürməsi təmin edilib. Bu, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 447 mln. 770,4 min manat və ya 38,2% çoxdur. Belə ki, ötən 6 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 412 mln. 167,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 114 mln. 300 min manat, aksizlər üzrə 75 mln. 257,2 min manat, yol vergisi üzrə isə 17 mln. 271,9 min manat təşkil edib.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanuna əsasən, DGK xətti ilə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 mlrd. 155 mln. manat təşkil edəcək. Bu isə təsdiq edilmiş proqnozla müqayisədə 725 mln. manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 546,2 mln. manat və ya 20,9% çoxdur. Belə ki, DGK xətti ilə gəlir növləri üzrə artım əlavə dəyər vergisi üzrə 2 mlrd. 213 mln. manat daxilolma proqnozu nəzərdə tutulub ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 508 mln. manat və ya 29,8% çoxdur. Gömrük rüsumları üzrə isə 740 mln. manat daxilolma nəzərdədir ki, bu da bu ilin təsdiq edilmiş proqnozuna nisbətən 205 mln. manat və ya 38,3% çoxdur. Yol vergisi üzrə 30 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 12 mln. manat və ya 66,7% çoxdur.

Bu rəqəmləri təhlil etdikdə aydın olur ki, əgər ilin yarısında büdcə proqnozunun tam yarısından çoxu artıq büdcəyə köçürülübsə, deməli, ilin sonuna qədər DGK büdcə proqnozu tapşırığını artıqlaması ilə yerinə yetirəcək. Bu da komitənin fiskal qurum kimi öz vəzifəsinin öhdəsindən gəlməsi deməkdir.

Gömrük prosedurları sadələşdirilir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas zamanı həmçinin vurğulayıb ki, Azərbaycanda gömrük sistemində qabaqcıl ölkələrin təcrübəsi tətbiq edilməlidir. Ölkə başçısı deyib ki, bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıb, qeyri-sağlam rəqabətə son qoyulur: “Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”.

Elə bütün bunları nəzərə alaraq, komitə idxal-ixrac əməliyyatlarını, gömrük prosedurlarını sadələşdirir. Sahibkarlığın inkişafında gömrük xidməti daha mühüm rol oynamağa başlayıb. Son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər daha ciddi şəkildə nəzərə alınır. Bir sözlə, Dövlət Gömrük Komitəsi prezident İlham Əliyevin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqlardan biri- tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizəni gücləndirməklə sahibkarların yanında olduqlarını nümayiş etdirir.

Bütün bunlarla yanaşı, sahibkarlar da öz fəaliyyətini qanuna uyğun qurmalı, vergi və ödənişləri vaxtında ödəməlidir. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da bu amili xüsusi vurğulayıb: “Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa, dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq”.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq DGK sədri Səfər Mehdiyev mütəmadi olaraq sahibkarlarla görüşərək onları narahat edən məsələlərlə maraqlanmağa başlayıb. Sahibkarları əməkdaşlığa çağıran S.Mehdiyev bildirib ki, iş adamları və gömrük xidməti arasında işgüzar əməkdaşlıq bundan sonra da davam etdiriləcək: “Gömrük orqanları hər zaman sahibkarların yanındadır. İslahatlar sürətlə davam etdiriləcək və gömrüklə bağlı bütün problemlər qarşılıqlı şəkildə müzakirə edilərək qısa zaman kəsiyində aradan qaldırılacaq”, - deyə bildirilir.

Gömrük və vergi işbirliyi

Sahibkarların işinin asanlaşdırılması üçün islahatların davamlı olacağı bəllidir. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na əsasən bu istiqamətdə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək. Belə ki, bu ilin dekabrın 1-dək ölkədə idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risklərin idarə olunması sistemi təşkil ediləcək. Tədbirlər Planına əsasən bu ilin dekabrın 1-dək gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi, aşağı risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanlarının sadələşdirilmiş gömrük prosedurları müəyyən etməsi, idxal-ixrac əməliyyatları zamanı riskli xarici iqtisadi fəaliyyət iştirakçılarının yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi təmin olunacaq.

Eyni zamanda, ölkə ərazisinə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malları sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin anbarlarına daşıyıcının çatdırması prosesinə nəzarət prosedurlarının müəyyən edilməsi, idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, fiziki şəxslərin malları güzəştli qaydada gömrük sərhədindən keçirməsinə nəzarətin təkmilləşdirilməsi həyata keçiriləcək.

Bundan başqa, Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizmi yaradılacaq. Bu sahədə də daha əvvəlkilərdə olduğu kimi, icraçı orqanlar qismində DGK və Vergilər Nazirliyi müəyyənləşib. Beləliklə, bu il dekabrın 1-dək hər iki qurum idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin işlənməsini təmin etməlidir.

İdxal-ixracatçılara nəzarət gücləndiriləcək

Azərbaycanda üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarət gücləndiriləcək. Belə ki, bu il sentyabrın 1-dək üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi məqsədilə işçi qrup və dəmir yolları, hava yolları, dəniz nəqliyyatı və quru yolları üzrə alt işçi qruplar yaradılacaq. Eyni zamanda, üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin idxal olunmuş malları onların faktiki sahiblərinə vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə gömrük ərazisində və ya idxalçıların anbar sahələrində (təsərrüfat subyektlərində) təhvil vermələri, gömrük təmsilçiliyi (gömrük brokerləri) və gömrük daşıyıcıları sisteminin daha da təkmilləşdirilməsi və vergi ödəyicisi kimi onlara nəzarətin gücləndirilməsi təmin olunacaq. O cümlədən, DGK-nin müvəqqəti saxlanc yerlərinin reyestrini aparması və bu barədə xarici iqtisadi fəaliyyətin iştirakçılarının məlumatlandırılması, reyestrin Komitənin internet portalında yerləşdirilməsi nəzərdə tutulub. Bununla əlaqədar idxal olunan yüklər üçün müvəqqəti saxlanc yerlərinin müəyyən edilməsi və saxlanc yerlərinin yaradılmasına dair aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.

Bu il avqustun 1-dən isə rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində gömrük orqanları ilə bərabər vergi orqanlarının iştirakı da təmin ediləcək. Komitə və Vergilər Nazirliyi avqustun 1-dək vergi orqanları əməkdaşlarının rüsumsuz ticarət mağazası yerləşən zonaya buraxılması, mal anbara boşalan zaman vergi və gömrük orqanları əməkdaşlarının birgə nəzarəti və rüsumsuz ticarət mağazalarında malların satışı qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsini təmin etməlidir.

İdxal bəyannamələri yalnız elektron olacaq

Azərbaycana idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar da artıq müəyyənləşdirilib. Burada da icraçı orqanlar qismində DGK, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib. Belə ki, bu dövlət orqanlarına mallar gömrük sərhədindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-nə qədər tətbiq olunmalıdır.

Həmçinin, gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsi təkmilləşdiriləcək. Bununla bağlı icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə, İqtisadiyyat nazirlikləri və aidiyyatı qurumlar müəyyənləşdirilib. İcraçı dövlət qurumlarına gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaldacaq, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkil edəcək, gömrük rəsmiləşdirilməsi zamanı “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsini təmin edəcək. Bunun üçün də “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları ilə Komitə arasında razılaşdırma sənədinin imzalanması nəzərdə tutulur. Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər bu ilin sentyabrın 1-dək yekunlaşmalıdır.

Görüləcək işlər bunlarla yekunlaşmır. Tədbirlərdən biri DGK və Vergilər Nazirliyinin gömrükdən keçirilən malların eyniləşdirilməsi vasitələrinə birgə nəzarət etməsi ilə bağlıdır. Bununla bağlı aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək, eləcə də icraçı orqanlar qismində müəyyənləşdirilən Vergilər Nazirliyi ilə DGK arasında razılaşdırma sənədi imzalanacaq. Bu tədbir bu ilin avqustun 1-dək icra olunmalıdır.

Azərbaycanda gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədilə göstərilən xidmətlərin keyfiyyəti yüksəldiləcək. Beləliklə, gələn il yanvarın 1-ə qədər bu məqsədə nail olmaq üçün gömrük rəsmiləşdirilməsində yuxarı hədd müddətləri azaldılacaq, gömrük prosedurlarında operativliyi təmin etmək üçün “elektron növbə” sistemi tətbiq ediləcək, idxal edilən mallara şamil olunan gömrük ödənişlərinin hesablanması məqsədilə sahibkarlar üçün interaktiv elektron kalkulyator xidməti Dövlət Gömrük Komitəsinin internet portalında təşkil ediləcək, gömrük orqanlarında göstərilən elektron xidmətləri genişləndiriləcək.

Eyni zamanda, xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində yüklər haqqında sms-məlumatların göndərilməsi təmin olunacaq, gömrük sərhədini keçən şəxslərə münasibətdə gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydalarına riayət etmələrinə nəzarət gücləndiriləcək, xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanları tərəfindən ödənişsiz maarifləndirmə xidmətləri təşkili olunacaq.

Yazı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim edilir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR