Növbəti qlobal maliyyə böhranı qapıdadır - TƏHLİL

Növbəti qlobal maliyyə böhranı qapıdadır - <span style="color: red;">TƏHLİL
# 11 iyul 2016 09:40 (UTC +04:00)

Yaxın günlər ərzində ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi ("US Treasuries") 2012-ci ilin iyul ayından etibarən ən aşağı göstəriciyə enib. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra investorlar daha sabit maliyyə alətlərinin axtarışını davam etdirir və ənənəvi olaraq ABŞ-ın dövlət istiqrazlarına tələbat artır. Nəticədə amerikan qiymətli kağızlarının gəlirliliyi nisbətən azalır.

Lakin çoxillik minimumu yalnız britaniyalıların demarşı ilə əlaqələndirmək düzgün deyil. Analitiklər hesab edir ki, "US Treasuries"in aşağı gəlirliliyi əslində ABŞ iqtisadiyyatındakı ciddi problemlərin görünən tərəfidir. Artıq uzun müddətdir ki, Barak Obamanın administrasiyası və Federal Ehtiyatlar Sistemi 2%-lik inflyasiyaya nail ola bilmir. Deflyasiya riski sanki "Damokl qılıncı" kimi yalnız ABŞ deyil, eyni zamanda Avrozona, Yaponiya və digər inkişaf etmiş ölkələr üzərində də asılıb. Bura həmçinin zəif istehlakçı tələbatını, əsas kapitala investisiyaların azalması, dövlət büdcəsindən sosial proqramlara xərclərin artırılması və dövlət və korporativ sektorda külli miqdarda borcların yığılmasını da əlavə etmək olar.

2008-ci ilin sonundan bu günədək (başqa sözlə, Barak Obamanın prezidentliyi dövründə) ABŞ-ın dövlət borcu 10,7 trilyon dollardan 19,4 trilyon dollaradək artaraq ÜDM-in həcmini üstələyib. Qeyri-maliyyə sektorunun məcmu borcu ÜDM-in 275%-ini təşkil edib. Sonuncu dəfə ABŞ-ın dövlət borcu bu səviyyədə "Böyük depressiya" (1929-1939-cu illərdə baş verən qlobal maliyyə böhranı) adı ilə tarixə düşən dövrdən öncə olub. Hamıya bəllidir ki, borclar ÜDM-in 300%-ini təşkil edəndə artıq sistem çökdü. Borcların sıfırlanmasına (əslində, ciddi şəkildə azalmasına) yalnız İkinci Dünya müharibəsi kömək etdi.

"Morgan Stanley" investisiya bankının analitikləri də ötən ilin 30-cu illəri ilə müqayisəyə toxunub. "Oxşarlıq ondadır ki, maliyyə şoku və borcların nisbətən yüksək həddə olması özəl sektorun riskə yanaşmasını dəyişib və şirkətləri öz balanslarını korreksiya etməyə sövq edib", - deyə bankın analitikləri qeyd edib.

ABŞ dövləti xarici borclanmasını artıraraq cəlb olunan vəsaitləri sosial ödənişlərin həyata keçirilməsinə və yeni iş yerlərinin açılmasına sərf edir. Görünən budur ki, işsizliyin səviyyəsi 4,7%, yəni minimal həddədir.

Xarici şoklar da özünü çox gözlətmir. Britaniyalılar Avropa İttifaqına "good bye" dedikdən sonra dünya birjaları silkələnməkdədir. Həm "Brexit"dən əvvəl, həm də referendumdan sonra məşhur milyarder, birja möhtəkirlərinin patriarxı Corc Soros bildirib ki, bu proses dünyada yeni maliyyə böhranının yaranmasına səbəb olacaq.

"Brexit"dən sonra "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi 2016-cı ildə ABŞ-da ÜDM artımı ilə bağlı proqnozunu 2,3%-dən 2%-dək, 2017-ci il üzrə isə 2,5%-dən 2,4%-dək endirib. Bununla yanaşı, S&P yaxın 12 ay ərzində ABŞ-da böhranın baş verə biləcəyi ilə bağlı ehtimalları 15-20-dən 20-25%-dək artırıb. "Janus Global Unconstrained Bond" fondunun icraçı direktoru Bill Qross ABŞ-da böhranın başvermə ehtimalını 30-50% səviyyəsində qiymətləndirir.

Ən pessimistik qiyməti bu günlərdə "Deutsche Bank"ın analitikləri verib. ABŞ-ın dövlət istiqrazlarının gəlirlilik dinamikasına diqqət yetirən bankirlərin fikrincə superdövlətdə böhranın başvermə ehtimalları 60% səviyyəsindədir.

Maraqlıdır ki, Beynəlxalq Valyuta Fondunun son açıqlamasına əsasən, "Deutsche Bank" qlobal maliyyə sisteminin ən zəif bəndlərindən biridir. Bundan başqa, adıçəkilən bank iki il dalbadal FED-in stress-testlərindən "kafi" qiymət alır. Alman bankının səhmləri mütəmadi olaraq birja oyunçularının hücumlarına məruz qalır. Bunun nəticəsidir ki, bankın səhmləri ilin əvvəlindən təxminən 2 dəfə ucuzlaşıb. Elə bu bankın da çökmə ehtimalı 60%-ə bərabərdir.

Xatırlayırsınızsa, 2008-ci ildə "Lehman Brothers" adlı nəhəng bankın süqutu qlobal maliyyə böhranı ilə nəticələndi. "Deutsche Bank"ın süqutunu və onun fəsadlarını indiki halda heç təsəvvür də etmək olmur. Belə ki, Amerika, Avropa və Çin bazarlarında Mərkəzi Bankların ucuz pulları ilə doldurulmuş köpüklər həddən artıq çoxdur.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR