Qlobal iqtisadi böhran başa çatır? - TƏHLİL

Qlobal iqtisadi böhran başa çatır? - <span style="color: red;">TƏHLİL
# 26 dekabr 2017 07:26 (UTC +04:00)

Məlum olduğu kimi, Federal Ehtiyat Sistemi dekabrın 12-13-də keçirilmiş iclasında faiz dərəcələrini 0,25 faiz bəndi artıraraq 1,25-1,5% səviyyəsində müəyyənləşdirib. Dünya iqtisadiyyatında ən nüfuz və təsiredici digər regionu olan avrozonada Avropa Mərkəzi Bankı bu il ərzində faiz dərəcələrini dəyişmirdi və bununla da monetar siyasətini sabit saxlayırdı. Bu faktlar sübut edir ki, dünya iqtisadiyyatında kiçik templi inkişaf dövrü möhkəmlənib və davam etməkdədir.

FES-in qərarı üzrə şərhində digər amillərlə yanaşı məhz iqtisadiyyatın inkişaf tendensiyasının tədricən möhkəmlənməsi vurğulanıb, Avropa Mərkəzi Bankı monetar siyasətinin dəyişməz saxlanması üzrə qərarlarının onunla şərh edir ki, formalaşmış kiçik bərpa inkişaf tendensiyası hələ də möhkəm deyil ki, onun dəstəklənməsi üçün aşağı faizlər və stimullaşdırma proqramının davam etdirilməsi zəruridir. Qeyd edək ki, stimullaşdırma proqramının əsas tərkib hissəsi mərkəzi bank tərəfindən dövlət və bəzi kateqoriya korporativ qiymətli kağızların geri alınması yolu ilə iqtisadiyyata əlavə pul dəstəyi verilməsidir. ABŞ-da müvafiq geri alınma proqramı 2012-ci ilin sentyabrından 2014-cü ilin ortalarına kimi həyata keçirilirdi. Belə proqramlara xüsusi diqqət yetirək.

Belə ki, dünya miqyasında maliyyə və bank sistemi üzrə tənzimləyici və tövsiyə rolunu oynayan Beynəlxalq Hesablaşmalar Bankının mütəxəssisləri "Aktivlərin geri alınmasının makroiqtisadi effektinin qiymətləndirilməsi" hesabatı hazırlayıblar (The Macroeconomic Effects of Asset Purchases Revisited by Henning Hesse, Boris Hofmann, James Weber). Hesabat ABŞ və Böyük Britaniyada həyata keçirilmiş stimullaşdırma proqramının nümunəsində hazırlanıb və həmin ölkələrdə müşahidə olunmuş makroiqtisadi vəziyyətə əsaslandırılıb. Hesabatda əks olunmuş təhlilin nəticələri müəyyən dərəcədə gözlənilməzdir. Beləliklə, hesabat müəlliflərinin fikrincə, stimullaşdırma proqramları yalnız əvvəlki dövrdə pozitiv effekt verir, sonra isə onun müsbət effekti azalır, əvəzinə isə bəzi mənfi tendensiyaların yaranma riskləri ortaya çıxır. Belə mənfi proseslərin əsası qiymətli kağızlar bazarında real amillərə əsaslandırılmayan kotirovkaların artımı və ilk növbədə səhmlərin bahalaşmasıdır. Hesabatda vurğulanır ki, iqtisadi böhran dövründə onunla mübarizə aparmaq üçün dünyanın çoxlu ölkələrdə stimullaşdırma proqramları "işə salınmışdır". Bu addımın böhranın "dayandırılması" və iqtisadiyyatı xilas etməsi üçün birmənalı faydalı olduğunu vurğulayan hesabat müəllifləri eyni zamanda hesab edirlər ki, proses sonrakı dövrlərdə, o cümlədən iqtisadiyyatın inkişaf templərin artırılması üçün kiçik fayda verir.

Həmçinin hesablamalar göstərir ki, stimullaşdırma proqramların davam etdirilməsi ilə böhrandan əvvəlki inkişaf templərinə nail olmaq mümkün olmayıb. Bunun sübutu kimi həm ABŞ, həm Böyük Britaniya üzrə real və hipotetik iqtisadi artımın göstəriciləri çıxış edir. Hipotetik göstərici kimi modelləşdirilmiş iqtisadi artım tempi götürülüb ki, əgər böhran ümumiyyətlə baş verməsəydi, artım tempi necə olacaqdı. Cədvəllər göstərir ki, stimullaşdırıcı proqramların həyata keçirildiyi ilk dövrlərdə (birinci ilin nəticəsində) real artım tempinin hipotetik artım tempinə yaxınlaşması müşahidə olunur, sonrakı dövrlərdə isə yenidən fərqin artması baş verməyə başlayıb. Yəni, stimullaşdırıcı proqramının effekti vaxt keçdikcə azalır. Bu o deməkdir ki, həmin proqramlardan hətta ortamüddətli siyasət üçün istifadə edilməsi belə mənasızdır. İqtisadiyyatın inkişafına dəstək vermək əvəzinə belə proqramlar səhmlər bazarında "köpüklər" yaradır. Bu da öz növbəsində müəyyən dərəcədə başa düşüləndir. Belə ki, proqram çərçivəsində iqtisadiyyata buraxılan pullar iqtisadiyyat əvəzinə maliyyə bazarlarına, o cümlədən səhm bazarına yönəldilir. Həmin prosesi hər hansı yolla nəzarətdə saxlamaq və proqram çərçivəsində buraxılan əlavə likviliyin lazım olan real iqtisadiyyata yönəldilməsini "istiqamətləndirmək" çox çətindir.

Qeyd edək ki, ötən ildə faizlər qaldırılmağa başlayanda Federal Ehtiyat Sistemi ölkə iqtisadiyyatında bərpa tendensiyaların möhkəmləndirilməsi ilə yanaşı daha çox maliyyə bazarlarında "köpüklərin" yaranmasının qarşısının alınması zərurətini vurğulayırdı. Hələlik avrozonanın maliyyə tənzimləyiciləri hesab edirlər ki, "köpüklərin" yaranma riski aşağıdır, iqtisadiyyata əlavə likvidliyin verilməsi isə hələ də aktualdır. Amma faizlərin aşağı səviyyədə saxlanması və aktivlərin geri alınması proqramı bu ilin sonuna kimi qüvvədə saxlanılıb, gözləmək olar ki, gələn ilin əvvəlində proqramın ya tam bağlanması, ya da nəzərə çarpan dərəcədə azaldılması üzrə qərar qəbul ediləcək. Faktiki olaraq, Avropa Mərkəzi Bankının hərəkətləri daha çox inersiyanı xatırladır, lakin hər ətalətli hərəkətin sona çatma nöqtəsi mövcuddur və bu nöqtə getdikcə yaxınlaşır.

Bununla da demək olacaq ki, dünya iqtisadi böhranı bərpa dövründən sabit artım dövrünə daxil olur. Makroiqtisadi statistik göstəricilər artıq bunu sübut edir: əgər 2016-cı ildə dünya ÜDM-in artımı 3,2% təşkil edibsə, bu ilin nəticələrinə görə həmin göstərici 3,6% səviyyəsində gözlənilir (Beynəlxalq Valyuta Fondunun proqnozları). O cümlədən, həmin göstəricilər ABŞ üzrə 1,5% və 2,2%, avrozona üzrə 1,8% və 2,1%, Yaponiya üzrə 1% və 1,5%, Çin üzrə 6,7% və 6,8%, Braziliya üzrə mənfi 3,6% və müsbət 0,7%, Rusiya üzrə mənfi 0,2% və müsbət 1,8% səviyyəsindədir. BMF-nun proqnozlarına görə, 2017-ci il üzrə heç bir region və ya iri iqtisadiyyatda iqtisadi geriləmə gözlənilmir ki, bu da dünya iqtisadiyyatda bərpa dövrü əvəzinə artımın möhkəmləndirilməsi tendensiyanın formalaşmasının sübutu deyilmi?

Beynəlxalq Hesablaşmalar Bankının yuxarıda qeyd olunmuş hesabatın dərc edilməsi təsadüfi deyil. Belə ki, indi dünya miqyasında təsiredici iqtisadi regionlardan yalnız avrozonada hələ də stimullaşdırma proqramının icrası davam edir. Qeyd edək ki, BHB 1930-cu ildə yaradılıb və hazırda bu beynəlxalq maliyyə təşkilatının 60 mərkəzi bank üzvü var ki, həmin mərkəzi banklar dünya ÜDM-nin 95%-ni əks etdirən ölkə və regionlarını təmsil edir. BHB-nın bir sıra nəhəng və nüfuzlu bölməsi fəaliyyət göstərir ki, bunların ən məşhuru Bank nəzarəti üzrə Bazel Komitəsidir. Bu qısa arayışı BHB-nın dünya miqyasında "çəkisini" anlamaq üçün verdik. Bankın hesabatları yalnız nəzəriyyə xarakteri daşımır, bu hesabatların əsasında mərkəzi banklar hərəkət etməsi üçün müəyyən mənada tövsiyə görünür. Hesabatlar da öz növbəsində dolayı tövsiyələrdir.

Bütün qeyd edilən amilləri nəzərə alsaq, asanlıqla vurğulaya bilərik ki, dünya iqtisadiyyatda sabit artım tempi artıq möhkəmlənmə dövrünə daxil olub. Buna həmçinin bəzi "həmsərhəd" amillər də dəstək verir. Məsələn, buraya enerji daşıyıcıların qiymətlərini aid etmək olar. Misal üçün neftin qiymətləri son bir il yarım dövrü ərzində 49-57 dollar arasında dəyişib, son illərdə neft bazarında dəyişkənlik fonunda bu, əsl sabitlikdir. Bundan əlavə ən azı son bir il ərzində dünyanın heç bir iri iqtisadiyyatında (o cümlədən, Çin, Yaponiya, avrozona və ABŞ) monetar siyasətində kəskin dəyişikliklər edilməyib və həmin dövrdə valyutaların da ciddi dəyişiklik müşahidə olunmayıb. Deyəsən, böhrandan sonra nəhayət sabit artım dövrü artıq formalaşıb...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR