AMADA-nın direktoru: “Antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik”

AMADA-nın direktoru: “Antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik”
# 26 avqust 2019 09:24 (UTC +04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə nəzarəti prosesini təkmilləşdirmək məqsədilə hakaton keçirib.

AMADA-dan APA-ya verilən məlumata görə, yarışma “SUP Akselerator” şirkəti tərəfindən təşkil edilib.

Proqramçı və mühəndislərdən ibarət 8 komanda 48 saat fasiləsiz yarışaraq, 2 əsas və 2 əlavə tapşırığın öhdəsindən gəlməyə çalışıblar. Qalib komanda 3000 manat məbləğində mükafatla təltif edilib.

AMADA-nın direktoru Şəfəq Hüseynli hakatonun bağlanış mərasimində bildirib ki, antidopinq sahəsi sürətlə inkişaf edir: “Bu sahədə hər gün yeni çağırışlar yaranır. Onların öhdəsindən gəlmək üçün biz mütləq yüksək texnologiyalardan istifadə etməliyik. Məhz buna görə AMADA-nın strateji məqsədlərindən biri dopinqlə mübarizədə innovativ üsullardan istifadədir. Bu, 2019-2022-ci illər üçün Strateji planda əks olunub. Bu hakatonu keçirməklə biz bir tərəfdən bu məqsədə nail olmağa çalışırıq. Digər tərəfdən isə Azərbaycanın IT icmasının inkişafına dəstək olmaq istəyirik”.

Onun sözlərinə görə, hakatonun nəticəndə yaradılacaq məhsul AMADA tərəfindən təqdim edilən növbəti yeniliklərdən biri ola bilər: “AMADA nisbətən gənc təşkilatdır. Biz cəmi 2,5 ildir ki, fəaliyyət göstəririk. Amma qısa müddət ərzində antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik. Ümid edirəm ki, bu hakatonun nəticəsində yaradılacaq məhsul da belə bir yeniliklərdən biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR