AMADA və “Technofusion” idmançıların blokçeyn əsaslı reyestrini yaradırlar

AMADA və “Technofusion” idmançıların blokçeyn əsaslı reyestrini yaradırlar
# 08 avqust 2019 16:06 (UTC +04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və yerli “Technofusion” İT şirkəti blokçeyn texnologiyası əsasında ölkə idmançılarının vahid reyestrinin hazırlanması üzərində işləyirlər.

AMADA-dan APA-ya verilən məlumata görə, layihə çərçivəsində hər bir idmançının “rəqəmsal oxşarı” yaradılacaq.

Blokçeyn əsaslı reyestrdə yalnız idmançılar haqqında yox, həm də onların məşqçi və həkimləri haqqında da məlumatlar saxlanılacaq. AMADA və “Technofusion” reyestri 2020-ci ilin əvvəlindən işə salmağı planlaşdırırlar.

“Blokçeyn texnologiyasından istifadə idmançılar haqqında məlumatların itirilməsi və ya saxtalaşdırılması risklərinin qarşısını alır. Blokçeyn əsasında işləyən məlumat bazasında hansısa bloku silib və ya dəyişmək mümkün deyil. İdmançının bütün şəxsi məlumatları ən güclü kriptoqrafik alqoritmlərlə qorunacaq. Bu, antidopinq dünyasını daha şəffaf və dürüst edəcək”, - AMADA-nın direktoru Şəfəq Hüseynli deyib.

Onun sözlərinə görə, bu cür reyestrin yaradılması üçün blokçeyn texnologiyasından istifadə AMADA tərəfindən antidopinq dünyasına təklif edilən növbəti yenilikdir.

“Technofusion” şirkətində “Data Science” istiqamətinin rəhbəri Aleksandr Kuklin bildirib ki, blokçeynin əsas xüsusiyyətlərinə mərkəzsizləşdirmə, şəffaflıq, nəzəri qeyri-məhdudluq, etibarlılıq aiddir: “Ənənəvi məlumat saxlama sistemləri belə üstün cəhətlərə malik deyillər. Bu, blokçeynin xeyrinə seçim etməyimizə səbəb olub. Bu layihə blokçeyn texnologiyasının kamilliyini real həyatda qiymətləndirməyə imkan verəcək”.

O qeyd edib ki, AMADA ilə birgə layihə Azərbaycan üçün unikaldır, çünki ilk dəfədir ki, yerli şirkət belə innovativ bir məhsul hazırlayacaq.

“Bu ana qədər Azərbaycan bazarında blokçeyn əsasında pilot layihələr yalnız iri xarici vendorlar tərəfindən həyata keçirilib”, - A.Kuklin deyib.

2016-cı ildə qurulan “Technofusion” şirkəti ənənəvi İT infrastrukturu layihələri ilə yanaşı blokçeynlə bağlı həllər, biznes təhlili və digər məsələlərlə məşğul olur. Ən çox tələb olunan və innovativ texnologiyaları təklif edən şirkət kifayət qədər şaxələndirilmiş sifarişçi portfelinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR