Arif Rəhimov: “Gələn il Bakıda “Formula-1” yarışı zamanı yenidən dramatik məqamlara şahid olacağıq”

Arif Rəhimov: “Gələn il Bakıda “Formula-1” yarışı zamanı yenidən dramatik məqamlara şahid olacağıq”
# 22 oktyabr 2019 11:32 (UTC +04:00)

“Biz artıq gələn il 5-ci dəfə Bakıda keçiriləcək “Formula-1” yarışına hazırlıqlara yüksək əminlik, razılıq və həyəcanla start vermişik”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqasınım icraçı direktoru Arif Rəhimov deyib.

O, 2020-ci ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin biletlərin satışa çıxarılması xəbərini böyük məmnuniyyətlə qarşıladığını qeyd edib: “Bu həyəcan və coşqunu 2016-cı ildə “Formula-1” ailəsinə ilk dəfə qatılarkən sadəcə xəyal edirdik. Növbəti əlamətdar yarışı xüsusilə qeyd etmək üçün azarkeşlərə 20%-lik endirim təklif edirik. Bununla da biz həm ölkə daxilindən, həm də ölkə xaricindən yarışa indidən bilet almaq istəyənlərə güclü stimul verməyə çalışırıq. Hər il Bakıda keçirilən “Formula-1” yarışının mövsümün ən həyəcanlı yarışlarından birinə çevrilməsinə və dünyanın dörd bir yanından “Formula-1” azarkeşlərinin göstərdiyi xüsusi rəğbətə şahid olmaq həm mənim üçün, həm də rəhbərlik etdiyim bütün kollektiv üçün həqiqətən də böyük qürurverici haldır. Ev sahibliyi etdiyimiz sonuncu yarış yenə də gərgin mübarizə və möhtəşəm əyləncə ilə yaddaqalan oldu. İnanıram ki, gələn ilin iyununda Bakıya “Formula-1” yarışı gəldiyində yenidən dramatik məqamlara, yüksək sürətə və həyəcan dolu anlara şahid olacağıq”.

Xatırladaq ki, gələn il keçiriləcək dünya çempionatı ilk dəfə 22 mərhələdən ibarət olacaq. Yarış həmişə olduğu kimi, martın 15-də Avstraliyanın Melburn şəhərində başlayacaq. Mövsüm BƏƏ-nin paytaxtı Əbu-Dabidə sona çatacaq. Bu mərhələ noyabrın 29-na təsadüf edəcək. Azərbaycan Qran-prisi isə iyunun 5-7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR