Dünya gimnastlarının mərkəzi – Azərbaycan və ya Tokionun “qapıları” Bakıdadır

Dünya gimnastlarının mərkəzi – Azərbaycan və ya Tokionun “qapıları” Bakıdadır
# 13 sentyabr 2019 11:39 (UTC +04:00)

Bakı 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatını qəbul edir.

APA-nın məlumatına görə, sentyabrın 16-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq mundial Tokio Olimpiadasına təsnifat xarakteri daşıyacaq.

Dünya çempionatı ərəfəsində 5 maraqlı məqam açıqlanıb. Beynəlxalq Gimnastika Federasiyası yarışın özəlliklərinə xüsusi diqqət ayırıb.


Dina Averina üçün tarixi imkan
Rusiyalı gimnast Dina Averina üçün Bakıdakı mundial xüsusi əhəmiyyət kəsb edir. Yarışın aşkar favoriti olan gənc ulduz bu idman növünün tarixinə düşə bilər. İndiyədək yalnız 4 gimnast – bolqarıstanlılar Mariya Qiqova (1969-73) ilə Mariya Petrova (1993-1995), rusiyalılar Yevgeniya Kanayeva (2009-11) və Yana Kudryavtseva (2013-2015) ardıcıl 3 dəfə dünya çempionu olmağı bacarıblar. Son iki yarışda bütün rəqiblərini üstələyən D. Averina adını bu siyahıya əlavə etmək şansı qazanıb. Maraqlıdır ki, onun çempionluğuna mane ola biləcək əsas rəqibi kiçik bacısı Arinadır. İsrailli Aşram Linoy da bacılardan “qızılı” almaq gücündədir.

Yüksəlişdə olan İsrail və digərləri
Ötən həftə Portuqaliyada keçirilən Dünya Kubokunda 7 ölkədən olan idmançılar fəxri kürsüyə qalxıblar. Bu da onu göstərir ki, bədii gimnastikada rəqabət ildən-ilə artmaqdadır. İsrailli Aşram Linoy çempionluğa namizəddirsə, Katsiarna Halkina ilə Anastasiya Salos (hər ikisi Belarus), Kaho Minaqava (Yaponiya), Laura Tszen (ABŞ), Katrin Taseva (Bolqarıstan), Aleksandra Aqiurcukuleze, Milena Baldassari (hər ikisi İtaliya) və Vlada Nikolçenko (Ukrayna) mükafatlara iddialıdırlar. Onlar hamısı bir sıra nüfuzlu turnirlərdə fərdi mükafatlar qazanıblar. Bu dəfə isə dünya çempionu olmaq arzusundadırlar.

Qruplar üçün çempionluq mübarizəsi
Fərdi yarışlarda rusiyalı gimnastların hegemonluğu diqqət çəkirsə, qrup hərəkətlərində digər yığmaların da uğurları az deyil. Son illər keçirilən Dünya Kuboku yarışlarında Bolqarıstan, İsrail, İtaliya, Yaponiya yığmaları da Rusiya kimi qızıl medal sevinci yaşayıb. Azərbaycan, Belarus, Özbəkistan və Ukrayna isə ən azı bir dəfə “üçlüy”ə düşə biliblər.

Təbii ki, Rio Olimpiadasının qalibləri Anastasiya Maksimova və Mariya Tolkaçovanın yenidən heyətində yer aldığı rusiyalılar əsas favorit olsalar da, ciddi rəqabətdən qaça bilməyəcəklər.

Tokionun “qapıları” Bakıdadır
Azərbaycan paytaxtında keçiriləcək yarış tək dünya çempionatı kimi deyil, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Fərdi çoxnövçülükdə 16 gimnast öz ölkəsi üçün lisenziya qazanacaq. Qrup hərəkətlərində isə Olimpiadaya artıq vəsiqə əldə etmiş Rusiya, Bolqarıstan və İtaliya nəzərə alınmamaqla, ən yüksək 5 pillənin sahibi Yaponiyada mübarizə aparmaq şansına yiyələnəcək. Bu da yarışa əlavə rəqabət qatır.

Dünya gimnastlarının mərkəzi – Azərbaycan
Yarışlar ən müasir idman qurğularından olan Milli Gimnastika Arenasında keçiriləcək. 5000 tamaşaçı tutumuna malik məkan dünyada nadir yerlərdən biridir ki, xüsusi olaraq gimnastika üçün inşa edilib. Geniş və rahat idman qurğusu 2015-ci ildə I Avropa Oyunlarını da qəbul edib. Burada bir sıra dünya və qitə səviyyəli yarışlar da təşkil olunub. Bədii gimnastlar burada Avropa çempionunu müəyyənləşdirsələr də, mundial ilk dəfə keçiriləcək. 2005-ci ildə baş tutan dünya çempionatı isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR