İslamiada: Azərbaycandan daha bir rekord

İslamiada: Azərbaycandan daha bir rekord
# 14 may 2017 16:22 (UTC +04:00)

Azərbaycan yığması İslam Həmrəyliyi Oyunları tarixində medal sayında özünün ən yaxşı nəticəsini göstərib.

Apasport.az saytının məlumatına görə, millimiz Bakıda təşkil olunan yarışda qazanılan mükafatların sayını 25-ə çatdırmaqla yeni rekord vurub.

Belə ki, əvvəlki İslam Həmrəyliyi Oyunlarından heç birində yığmamız bu qədər medala yiyələnməmişdi. 2005-ci ildə Səudiyyə Ərəbistanında 15 dəfə fəxri kürsüyə qalxan idmançılarımız 2013-cü ildə İndoneziyada rekord sayda – 24 medal sevinci yaşamışdı.

Artıq komandamız həmin nailiyyəti unutdurub. Baxmayaraq ki, oyunların yalnız üçüncü, medalların verilməsinin isə ikinci günü hələ davam edir. Bu isə o deməkdi ki, komandamız bu rekordunu daha da artıracaq.

Əldə olunan 25 medaldan 9-u cüdo (4 qızıl, 5 gümüş), 5-i karate (2 qızıl, 1 gümüş, 2 bürünc), 4-ü paracüdo (2 qızıl, 2 gümüş), 2-si güllə atıcılığı (2 qızıl), 2-si idman gimnastikası (1 qızıl, 1 gümüş), 1-i bədii gimnastika (1 qızıl), 1-i stend atıcılığı (1 gümüş), 1-i ağır atletika (1 bürünc) növlərində qazanılıb. Rəsmiləşən 25 medaldan başqa, finala çıxan idmançılarımızın təmin etdiyi mükafatlar da var.

Qeyd edək ki, yığmamız qızıl medal sayında rekordu dünən – ilk gün başa çatmamış rəsmiləşdirmişdi. Səudiyyə Ərəbistanında 4, İndoneziyada 6 çempionluq qeyd edən millimiz dünənki 7-ci qızılı ilə rekord vurub, günü isə 10 qızılla yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR