Xarici diplomatlar: "İslamiada-2017 yüksək səviyyədə təşkil edilib" - SORĞU

Xarici diplomatlar: "İslamiada-2017 yüksək səviyyədə təşkil edilib" - <span style="color: red;">SORĞU
# 26 may 2017 14:42 (UTC +04:00)

“İslam Həmrəyliyi Oyunlarında uğur əldə etmək və Azərbaycanın nəyə qadir olduğunu göstərmək üçün hər kəs böyük səylə çalışıb”.

Bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.

O, Azərbaycanı İslam Həmrəyliyi Oyunlarını mükəmməl təşkil etdiyi üçün təbrik edib: “Mərakeş bu Oyunlarda 200 nəfərlik böyük nümayəndə heyəti ilə iştirak edib. Təşkilatçıların dəstəyi, səmimiyyət və səbri ilə oyunlar zamanı bütün çətinliklərin öhdəsindən gəlinib. Oyunlar dünyanın 50 ölkəsindən olan iştirakçıların və yüz milyonlarla tamaşaçının Azərbaycanda xidmət və infrastrukturun yüksək səviyyədə şahid olmasına səbəb olub. Azərbaycan Avropa Oyunları, Formula 1, Eurovision və digər dünya səviyyəli tədbirlərdən sonra böyük təşkilatçılıq bacarıqlarına sahiblənib. Burada turizm üçün infrastruktur, böyük otellər, müxtəlif mətbəxlərə malik restoranlar, alış-veriş məkanları, asan və rahat nəqliyyat mövcuddur. İnsanların hər yerdə istənilən zaman hiss etdiyi təhlükəsizlik qiymətsizdir. Dünyanın hər ölkəsi bu səviyyədə təhlükəsizlik təklif edə bilmir. Burada insanlar çox qonaqpərvər və mehribandırlar”.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi isə bildirib ki, bu oyunlarda müsəlman ölkələri arasında islam birliyi və gənclərin idman bacarıqları çox gözəl nümayiş etdirilib: “Bakıdan bütün dünyaya müsəlman ölkələrinin birlik, qardaşlıq, sülh və dostluq mesajı ötürülüb. İran televiziyalarından 21, müxtəlif xəbər agentlikləri və portallardan 30 nəfər Azərbaycana gəlib, Oyunlarda 161 peşəkar idmançı iştirak edib. Azərbaycan müsəlman ölkələrinin və dünyanın diqqət mərkəzində idi. İran idmançıları və media nümayəndələri Azərbaycanın bu idman oyunlarını peşəkar səviyyədə keçirməsindən, gözəl şəraitin yaradılmasından və bu oyunlara çox gözəl tərzdə ev sahibliyi etməsindən danışır. Bütün bunlar Azərbaycanın belə mühüm tədbirlərin yüksək səviyyədə keçirə bilməsindən və böyük təcrübəyə malik olmasından xəbər verir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA-ya bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan çox uğurlu təşkilatçılığa imza atıb: “Biz bu möhtəşəm təşkilatçılıqda əməyi keçən hər kəsə təşəkkür edirik, dost və qardaş Azərbaycan təbrik edirik. İslam dünyası arasında birlik və bərabərliyin güclənməsinə İslam Həmrəyliyi Oyunları çox önəmli töhfə verib. Oyunlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı şəkildə Azərbaycanın çoxmədəniyyətlilik və tolerantlığını İslam aləmi ilə yanaşı, bütün dünyaya nümayiş etdirib. Bu baxımdan idmançılar bir bayram abı-havasında bir-birilərinin mədəniyyətini tanıyıb, istər iştirakçı ölkələr, istərsə də idmançılar arasında yeni əlaqələr qurulub”.

Səfir bildirib ki, Türkiyədən 21 idman istiqaməti üzrə 338 idmançı bu yarışlara qatılıb, 71 qızıl, 67 gümüş və 57 bürünc medal qazanıb: “Həm müsabiqələr, həm də açılış və bağlanış mərasimləri Türkiyə mətbuatında geniş işıqlandırılıb. Bağlanış mərasimində can Azərbaycandan İslam Həmrəyliyi Oyunlarının bayrağını təhvil aldığımız üçün çox məmnunuq. 2021-ci ildə gerçəkləşəcək 5-ci İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kimi uğurlu ev sahibliyi edəcəyik. Bu baxımdan azərbaycanlı qardaşlarımız daxil olmaqla, hər kəsi gözəl ölkəmizdə gözləyirik”.

Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov isə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu ili “İslam Həmrəyliyi ili” elan olunmasından məmnunluğunu ifadə edib: “Məhz bu şüar altında İslam Həmrəyliyi Oyunları keçirilib. Qırğızıstan 96 nəfərlik nümayəndə heyəti ilə oyunlarda iştirak edib. Ümumi komanda hesabında idmançılarımız 10-cu yerə çıxıb. Biz bu oyunların mükəmməl keçirilməsi və təşkili üçün Azərbaycan rəhbərliyinə təşəkkür edirik. Azərbaycan hər zaman xalqlar arasında mədəniyyətin, əməkdaşlığın inkişafına yönəlmiş beynəlxalq tədbirlərin mükəmməl təşkilatçılığı ilə qürurlanıb. Mən ümid edirəm ki, bu oyunlar Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişafına təkan verəcək”.

Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym ölkəmizi bu cür uğurlu və mütəşəkkil beynəlxalq oyunlara ev sahibliyi etməsi münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsi və beynəlxalq qurumların qiymətləndirməsinə görə təşkilatçılıq yüksək səviyyədə olub, idmançılar hər cür şəraitlə təmin olunub: “Bu oyunlarda idmançıların bütün idman fəaliyyətlərini həyata keçirmələri üçün yaxşı şərait yaradılmışdı. Hesab edirəm ki, bu oyunlar qarşısına qoyduğu bütün məqsədlərə çatıb, oyunlar vasitəsi ilə islam dövlətləri və xalqları arasında həmrəyliyə nail olunub. Bu möhtəşəm oyunların keçirilməsi ilə bağlı Azərbaycanın prezidenti İlham Əliyevə, hökumət və xalqına dərin təşəkkür edirik. Bu cür tədbirlərin Azərbaycanda yenidən keçirilməsində uğurlar arzu edirik”.

Sudanın Azərbaycandakı səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq da İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olmasından danışıb: “Biz bu oyunlarda iştirakdan çox məmnunuq. Bu, islam mədəniyyəti, idman mübadiləsinin həyata keçirilməsi baxımından böyük fürsətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR