Azərbaycanın ən iri bankı son bir ildə aktivlərini 80% artırıb

Azərbaycanın ən iri bankı son bir ildə aktivlərini 80% artırıb
# 21 oktyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 4 208,654 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 79,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,1 dəfə artaraq 2 631,728 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 65,1% artaraq 315,706 mln. manata çatıb. Həmçinin, bankın depozit portfeli 53,3% genişlənərək 2 367, 476 mln. manat, o cümlədən əhalidən cəlb olunmuş əmanətlərin həcmi 30% artaraq 463,261 mln. manat olub. Bankın məcmu kapitalı 21% artaraq 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,8% artaraq 130,078 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% artaraq 104,165 mln. manat, xərcləri isə 47,4% artaraq 74,935 mln. manat olub. Nəticədə, bankın mənfəəti 53,4% artaraq 29,230 mln. manat təşkil edib.
Bundan başqa, bank son bir il ərzində əlavə 9 bankomat və 33 POS-terminal quraşdırıb. Eyni zamanda bankın işçilərinin sayı 2,2% azalaraq 1 310 nəfər olub.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2 633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR