Bank «Nikoil» son bir ildə aktivlərini 3,5 dəfə artırıb

Bank «Nikoil» son bir ildə aktivlərini 3,5 dəfə artırıb
# 21 oktyabr 2008 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 337,499 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 3,5 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 50% genişlənərək 72,344 mln. manata, kredit portfeli 2 dəfə artaraq 150,752 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,1 dəfə artaraq 72,099 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 2,3 dəfə artaraq 29,915 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,2 dəfə artaraq 22,5 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji göstəricisi ilə müqayisədə 2 dəfə artaraq 21,743 mln. manat, xərcləri isə 2 dəfə artaraq 18,598 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 2,1 dəfə artaraq 3,150 mln. manat, xalis mənfəəti isə 2 dəfə artaraq 2,457 mln. manata çatıb.
Xatırladaq ki, bank son bir ildə əlavə 3 filial açıb, həmçinin 4 bankomat quraşdırıb. Bundan başqa, bu dövr ərzində bankın işçilərinin sayı 21,2% artaraq 257 nəfər təşkil edib.
Təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 10 filialı, 14 bankomatı və 61 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR