Oktyabrın 24-26-da Bakıda beynəlxalq bank konfransı keçiriləcək

Oktyabrın 24-26-da Bakıda beynəlxalq bank konfransı keçiriləcək
# 22 oktyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 24-26-da Bakıda «MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiya» mövzusunda birinci beynəlxalq bank konfransı keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, konfransda dünyanın aparıcı maliyyə institutları, bankları, fərdi investorlar və dövlət orqanlarının nümayəndələri iştirak edəcək. «Bu cür konfransın Azərbaycanda təşkil olunması ölkədə fəaliyyət göstərən kommersiya banklarına pozitiv təsir göstərir. Belə ki, müxtəlif ölkələrdən gələn bank və maliyyə institutlarının nümayəndələri Azərbaycanın kommersiya banklarının təmsilçiləri ilə görüşərək əməkdaşlığı daha da genişləndirir. Hesab edirəm ki, bu konfrans banklarımız üçün çox əhəmiyyətli olacaq», - deyə F.Əliyev bildirib.
Konfransda həmçinin likvidlik böhranı şəraitində bank sistemlərinə dəstək, bank və kapitalların MDB ölkələrinin transsərhəd maliyyə bazarlarına qarşılıqlı daxil olması üçün əlverişli şəraitinin yaradılması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, konfransın təşkilatçısı rolunda MDB Bank Maliyyə Şurası çıxış edir, baş sponsor isə Azərbaycan Beynəlxalq Bankıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR