«MBASK» sığorta şirkəti ilin əvvəlindən daxilolmalarını 70% artırıb

«MBASK» sığorta şirkəti ilin əvvəlindən daxilolmalarını 70% artırıb
# 22 oktyabr 2008 10:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 15,724 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq ümumi göstəricisi ilə müqayisədə 66% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 2 dəfə artaraq 4,498 mln. manata çatıb.
Yanvar-sentyabr aylarında şirkətin daxilolmalarının strukturunda «Avtomobil sığortası»nın xüsusi çəkisi 71% (11,119 mln. manat), «Yanğın sığortası» 8% (1,251 mln. manat) və «Tibbi sığorta» 5,9% (0,932 mln. manat) təşkil edib.
Ənənəvi olaraq sığorta riskləri üzrə ən çox ödəniş «Avtomobil sığortası» (3,224 mln. manat), «Tibbi sığorta» (0,814 mln. manat), «Yanğın sığortası» (0,107 mln. manat), «Bədbəxt hadisələrin sığortası» (0,1 mln. manat) növləri üzrə həyata keçirilib.
Şirkətin İdarə Heyətinin sədr müavini Rəşad Abbasovun sözlərinə görə, son illər ərzində şirkətin fəaliyyətində müşahidə olunan dinamik artım «MBASK»ın seçdiyi inkişaf strategiyasının uğurlu olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR