BVF gələn il Azərbaycanda xarici ticarətin 20%, müsbət saldonun isə 16% artacağını proqnozlaşdırır

BVF gələn il Azərbaycanda xarici ticarətin 20%, müsbət saldonun isə 16% artacağını proqnozlaşdırır
# 22 oktyabr 2008 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin həcminin 2008-ci ildə 50,3 mlrd. ABŞ dolları səviyyəsinə çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə tərtib etdiyi «Regional İqtisadi İcmal»da deyilir.
Bunun 38,4 mlrd. dolları ixrac, 11,9 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşəcəyi proqnozlaşdırılır. Beləliklə, BVF-nin hesablamalarına görə, cari ildə Azərbaycanın xarici ticarətində 26,5 mlrd. dollarlıq müsbət saldo yaranacaq.
BVF-nin 2009-cu il üçün hazırladığı proqnozlara isə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 20% artaraq 60,2 mlrd. dollara, o cümlədən, ixrac 45,5 mlrd. dollara, idxal isə 14,7 mlrd. dollara isə çatacaq. BVF gələn il Azərbaycanın xarici ticarətində müsbət saldonun 16,2% artaraq 30,8 mlrd. dollara kimi yüksələcəyini proqnozlaşdırır.
Cari ilin yanvar-avqust aylarında isə Azərbaycanın xarici ticarət dövriyyəsi artıq 42,2 mlrd. dollara çatıb ki, bunun da 37,7 mlrd. dolları ixrac, 4,5 mlrd. dolları isə idxalın payına düşür. Bu, əsasən ilin ortalarında neftin qiymətinin kəskin artması nəticəsində baş verib. Hazırkı statistik göstəriciləri BVF-nin proqnozları ilə müqayisə edəndə, ilin sonuna kimi ixracın həcminin proqnozdan daha yüksək olacağı, idxalın isə proqnoza çatmayacağı görünür.
Qeyd edək ki, BVF ümumilikdə 2008-ci il üçün cari hesab balansını 20,4 mlrd. dollar, yəni ÜDM-nin 38,3%, 2009-cu il üçün isə 26,2 mlrd. dollar və ya ÜDM-nin 38,6% səviyyəsində proqnozlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR