«Turanbank» son bir ildə aktivlərini 54% artırıb

«Turanbank» son bir ildə aktivlərini 54% artırıb
# 23 oktyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 86,1 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 53,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50% artaraq 64,7 mln. manata, depozit portfeli isə 91,4% genişlənərək 42,3 mln. manata çatıb.
Bankın məcmu kapitalı 32,8% artaraq 17,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 36,4% artaraq 15 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 64% artaraq 10 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 7,9 mln. manat olub. Nəticədə, bankın mənfəəti 8,7% azalaraq 2,1 mln. manat təşkil edib.
Bundan başqa, bank son bir il ərzində əlavə 6 mübadilə məntəqəsi açıb, 1 bankomat və 14 POS-terminal quraşdırıb. Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 22,6% artaraq 179 nəfərə çatıb.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 21 mübadilə məntəqəsi, 9 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR