«Azərdəmiryolbank» ilin əvvəlindən aktivlərini 54% artıb

«Azərdəmiryolbank» ilin əvvəlindən aktivlərini 54% artıb
# 23 oktyabr 2008 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 226,6 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 53,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 63,6% artaraq 171,7 mln. manata, depozit portfeli isə 24,4% artaraq 63,91 mln. manatı ötüb. Kredit portfelinin strukturunda 3,8 mln. manat lizinq əməliyyatlarının payına düşüb. Həmçinin, bu ilin oktyabr ayının 1-nə bankın öhdəlikləri 191,8 mln. manat, müddətli əmanətlərin həcmi isə 40,8 mln. manat təşkil edib.
Bankın məcmu kapitalı ilin əvvəlindən 21% artaraq 34,13 mln. manata, o cümlədən nizamnamə kapitalı 28,8% artaraq 13,4 mln. manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 46,4 mln. manat, xərcləri isə 31,4 mln. manat təşkil edib. Nəticədə, bank bu ilin ilk 9 ayında 15 mln. manat həcmində mənfəət əldə edib.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR