Azərbaycan Rusiyada müflisləşən bankları ala bilər

Azərbaycan Rusiyada müflisləşən bankları ala bilər
# 23 oktyabr 2008 16:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.
F.Abdullayev qeyd edib ki, hələlik banka bununla bağlı müvafiq müraciətlər daxil olmayıb: «Lakin bu baş verərsə, biz onlara baxmağa hazırıq».
Bundan əlavə, «ABB-Moskva» mövcud filial şəbəkəsini də genişləndirmək niyyətindədir. Belə ki, hazırda Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən ABB-nin nümayəndəliyinin bazasında «ABB-Moskva»nın filialının açılması planlaşdırılır.
F.Abdullayevin sözlərinə görə, hazırda Almaniya qanunvericiliyi əsasında müvafiq sənədləşmə işləri aparılır və filialın artıq 2009-cu ildə açılacağı gözlənilir.
Həmçinin, bankın Rusiyanın Nijni-Novqorod şəhərində filialının açılması planlaşdırılır: «Bu, iqtisadi fəal regiondur və onun Azərbaycan-Rusiya ticarət əlaqələrində payı təxminən 20% təşkil edir».
Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və hazırda Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir. Bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində bank 84,617 mln. rubl, 2007-ci ildə isə 126,401 mln. rubl mənfəət əldə edib. Hazırda «ABB-Moskva»nın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.
Azərbaycan Beynəlxalq Bankının əsas təsisçisi rolunda isə dövlət (Maliyyə Nazirliyi – 50,2%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR