Azərbaycanda beynəlxalq bank konfransı keçirilir

Azərbaycanda beynəlxalq bank konfransı keçirilir
# 24 oktyabr 2008 12:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, konfransda dünyanın aparıcı maliyyə institutları, bankları, fərdi investorlar və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, keçirilən konfrans mühüm əhəmiyyət kəsb edir və bu tədbir MDB ölkələri üçün baş verən dünya maliyyə böhranından yan keçməsinə şərait yaradacaq. E.Rüstəmovun sözlərinə görə, dünyada müşahidə olunan maliyyə böhranı təkcə ölkənin maliyyə sektoruna deyil, bütövlükdə iqtisadiyyata da mənfi təsir göstərir. Bu böhrandan yan keçmək üçün isə məqsədyönlü pul-kredit siyasəti həyata keçirilməlidir: «Bəzi ölkələrdə real iqtisadi inkişaf olmadan artım qeydə alınır. Lakin Azərbaycanda bu belə deyil, son 5 il ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 6 min dollara qədər artıb, dövlət büdcəsi 9 dəfə, investisiyalar isə 23 dəfə artıb».
E.Rüstəmovun sözlərinə görə, dünyada baş verən maliyyə böhranının Azərbaycanın bank sisteminə təsiri minimal olub. Hələ 2006-cı ildən Azərbaycan Milli Bankı bu cür təsirlərin qarşısının alınması məqsədi ilə bir neçə tədbir həyata keçirib: «Dünya maliyyə böhranı hələ davam edir. Bu səbəbdən cari likvidliyin artırılması və yeni maliyyə alətlərinin tətbiq edilməsi vacibdir».
Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev isə öz növbəsində ölkə iqtisadiyyatında ABB-nin xüsusi rol oynadığını bildirib. Son illər ABB-nin bir çox sosialyönümlü layihələr maliyyələşdirdiyini deyən C.Hacıyev bunun gələcəkdə də davam etdiriləcəyini bildirib: «Mühüm əhəmiyyət kəsb edən bir neçə böyük layihə mövcuddur ki, həmin layihələrə vəsaitlər ABB tərəfindən ayrılır. Məqsədimiz isə xarici maliyyə asılılığını azaltmaqdır. Ümumiyyətlə, bu il ərzində 500 mln. dollardan çox borc ödənilib. ABB tərəfindən 1,5 il ərzində cəlb edilən vəsaitlərin həcmi 250 mln. dollar təşkil edib. Ümumilikdə isə indiyədək beynəlxalq maliyyə qurumlarından 1 mlrd. dollardan çox vəsait cəlb olunub».
C.Hacıyevin sözlərinə görə, dünyada baş verən maliyyə böhranı nəticəsində bankın müştərilərinin sayında azalma baş verməyib: «Maliyyə böhranının aradan qaldırılması sahəsində mərkəzi bankların böyük rolu var. Bu ciddi məsələ ilə bağlı inflyasiyanın qarşını almaq, eyni zamanda yüksək rəqabətlilik göstərmək lazımdır».
C.Hacıyev bildirib ki, konfransın məhz maliyyə böhranı dövründə keçirilməsi MDB ölkələri və digər dövlətlər üçün böyük töhfə verəcək.
Qeyd edək ki, konfransda həmçinin digər dövlətlərin yüksək səviyyəli bank nümayəndələri likvidlik böhranı şəraitində bank sistemlərinə dəstək, bank və kapitalların MDB ölkələrinin transsərhəd maliyyə bazarlarına qarşılıqlı daxilolmalarının əlverişli şəraitinin yaradılması məsələlərini müzakirə edir.
Konfransın təşkilatçısı rolunda MDB Bank-Maliyyə Şurası çıxış edir, baş sponsoru isə Azərbaycan Beynəlxalq Bankıdır. Tədbir oktyabrın 25-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR