«Birlik Bank» son bir ildə aktivlərini 63% artırıb

«Birlik Bank» son bir ildə aktivlərini 63% artırıb
# 24 oktyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Birlik Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 42,246 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstəricidən 63,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 12,9% genişlənərək 0,864 mln. manata, kredit portfeli 14,6% artaraq 28,520 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 24,6% artaraq 9,550 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 62,5% artaraq 18,661 mln. manat, o cümlədən nizamnamə kapitalı 60% artaraq 16 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 15,4% artaraq 2,545 mln. manat, xərcləri isə 5 dəfə artaraq 2,154 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 78% azalaraq 0,390 mln. manat olub.
Hesabat dövründə bankın işçilərinin sayı 57,6% artaraq 52 nəfərə, orta aylıq əmək haqqı isə 2 dəfə artaraq 200 manata çatıb.
Xatırladaq ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 3 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR