«Texnikabank» dünya maliyyə böhranı səngiyəndən sonra beynəlxalq birjalarda qiymətli kağızların yerləşdirilməsini davam etdirəcək

«Texnikabank» dünya maliyyə böhranı səngiyəndən sonra beynəlxalq birjalarda qiymətli kağızların yerləşdirilməsini davam etdirəcək
# 27 oktyabr 2008 11:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya maliyyə bazarlarında müşahidə olunan maliyyə böhranı ilə bağlı cari vəziyyət sabitləşəndən sonra Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) beynəlxalq birjalarda korporativ qiymətli kağızlarının yerləşdirilməsini davam etdirəcək. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-dən məlumat verilib.
Bankdan bildirilib ki, bu il «Texnikabank»ın emissiya etdiyi 36 mln. ABŞ dolları məbləğində qiymətli kağızların 26 mln. dollarlıq hissəsi Londonda, 10 mln. dollarını isə Baltik ölkələrində yerləşdirilib. Bank dünya maliyyə bazarlarında baş verən böhranla əlaqədar olaraq daha böyük məbləğdə qiymətli kağızların xarici birjalarda yerləşdirilməsindən imtina edib. «Yerləşdirdiyimiz qiymətli kağızların bir hissəsi 3, bir hissəsi isə 1 illikdir. Bu, «Texnikabank»ın xarici bazarda ilk qiymətli kağız yerləşdirməsi olub», - deyə bankdan bildirilib.
«Texnikabank»ın istiqraz emissiyasının yerləşdirilməsi prosesində menecer qismində ABŞ-ın «Morgan Stanley» bankı çıxış edib.
Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbəsi, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR