Azərbaycan bankları depozitlər üzrə faiz dərəcələrini artıra bilər

Azərbaycan bankları depozitlər üzrə faiz dərəcələrini artıra bilər
# 28 oktyabr 2008 06:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, dünya maliyyə böhranının dolayı nəticəsi kimi qiymətləndirilir. Çünki xarici bazarlarda maliyyə vəsaitlərinin cəlb edilməsi prosesi xeyli çətinləşib və nağd pula olan cari tələbat kəskin yüksəlib.
Son iki il ərzində Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri kəskin artıb. Belə ki, 2006-cı ildə bankların xarici öhdəlikləri 2,5 dəfə, 2007-ci ildə 3,2 dəfə, cari ildə 1,6 dəfə artıb. Nəticədə, 2006-cı ilin əvvəlindən indiyədək bankların xaricdən borclanmasının ümumi artımı 10 dəfəni ötüb. Xarici borcun dəyər ifadəsi isə 158,2 mln. manatdan 1,6 mlrd. manatadək yüksəlib və bankların xaricidən maliyyə asılılığı artıb.
Xarici və daxili bazarlarda faiz dərəcələri fərqli olduğuna görə, banklar borclanmanı daxili bazarda deyil, məhz xaricdə, o cümlədən xarici banklardan, beynəlxalq maliyyə qurumlardan vəsait cəlb etməklə və beynəlxalq birjalarda istiqraz yerləşdirməklə aparırdılar. Maliyyə böhranı nəticəsində isə əksər ölkələrin, xüsusən də inkişafda olan dövlətlərin bank sistemləri bu sahədə ciddi problemlərlə üzləşib. Bu çətinliklər həm xarici öhdəliklərin qaytarılması, həm də xaricdən yeni vəsaitlərin cəlb edilməsi ilə bağlıdır.
Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycandakı bankların da xaricdən vəsaitlərin cəlb olunması sahəsində çətinliklərlə üzləşəcəyi aydındır. Nəticədə, banklar öz resurs bazasını artırmaq, ən azı isə indiki səviyyədə saxlamaq niyyətindədirsə, daxili bazarda borcalmanı artırmaq məcburiyyətində qalacaq. Bunun üçün isə depozitlər və korporativ istiqrazlar üzrə mövcud faiz dərəcələri artırılmalı, yəni şərtlər daha əlverişli edilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR